PDF Oxu

Köşə

  • 41

Davam edir Foqtsun foksları..

Davam edir Foqtsun foksları..
Srağagün təkcə avqust havası məni sıxmırdı. Həm də futbol adında növbəti rüsvayçılıq şousuna tamaşa edirdim. Doğrudan da, dünyada bu cür mənzərələrə baxmaq qədər ağrılı heç nə ola bilməz. Öz futbolçularının adamı yandırıb-yaxan "oyununu seyr etmək" adamı bərk ağrıdır axı. Mərhum Tofiq Bəhramovun ruhu yaman qəzəbli idi. Almanlar təxminən 43 ildən sonra öz qisaslarını bu KİŞİDƏN onun adını daşıyan stadionda ala bildilər.
(Paho, elə danışıram, elə bil ki, Almaniya yığmasının bizi udması üçün bütün almanlar səfərbər olmalıdırlar. Daha demir ki..) Nə olub axı, sir-sifətindən cin hürkən Mixael Ballakın, məndən beşbətər arıqlıqdan ayaq üstə güclə duran Klosenin, yekəburun Şvanştaygerin axı nəyi sizdən ARTIQDIR, hə? Axı nə vaxta qədər siz bizi ancaq əsəb və şəkər xəstəliklərinə "qonaq" edəcəksiniz. Demək olar ki, müstəqillik qazanandan bəri Azərbaycan futbol azərkeşi, - əslində, 8 milyon 600 mindən çox vətəndaşımızın hamısı əsl azərkeşdir ki var, - əsil FUTBOL üzünə həsrətdirlər. Bunların ayaqlarına top toxunan kimi əsməcə tuturlar. Qorxudan topu hara gəldi vururlar ki, təki məsuliyyət onların üstündən götürülsün. Amma yox, bu bərbad futbolun favoritləri sizsiz, axı uşaqlar, nədən "qorxursunuz". İnsaf naminə azərkeşlər meydanda əsil Avropa futbol ab-havası yaratmışdılar, hər kəs Azərbaycanın dövlət himnini oxuyurdu, fasiləsiz alqışlar da öz yerində. Nə çatmırdı dünənki dünya çempionatındakı oyunda, sadəcə, əsil FUTBOL və ƏSİL FUTBOLÇULAR!
Allah şahididir ki, cənab Prezident bütün gücü ilə çalışır ki, ölkəmizdə idman, xüsusilə, futbol inkişaf etsin. Allah üçün deyək, hansı ölkənin Prezidenti futbolun inkişafına bu dərəcədə diqqət göstərər, qələbə münasibəti ilə futbol klubunun baş məşqçisinə zəng edərək, onu ruhlandırar, yeni oyunlara həvəsləndirər? Deməli, bu kişi işinin çoxluğuna baxmayaraq ölkə futbolunu izləyir və ona diqqət göstərir. Amma əvəzində bizim min cür yollarla milliyə çağrılan, göstərdikləri bir qəpiklik oyun müqabilində villalara, "Çelsi"nin, "Barselona"nın futbolçularının belə həsəd aparacaqları bahalı maşınlara sahib olan bu futbol qatilləri hamını 89-cu dəqiqədən sonra infarkt, şəkər, şozefreniya kimi xəstəliklərə yoluxdururlar. İndi bu "futbolçuların" oyunlarına baxmaq əsil xəstəlik mənbəyidir. İnandırım sizi ki, oyunda nümayiş olunan ab-havanı, Ballak heç "Çelsi"nin meydanında da görməmişdi. Amma nə olsun ki? Sonu nə oldu? Heç nə. Oyundan sonrakı foto görüntülərdə B.Foqtsun öz almaniyalı həmvətənlisi, həmməhəlləlisi olan Yoahim Lövə tərəf boylanıb güldüyünün şahidi oluruq. Düzdür, bunun hansısa şübhəli məqamlarla bağlı olduğunu iddia edə bilərdik,- bəli bəli, "edə bilərdik". O zaman ki, B.Foqtsun komandası Moskvada Rusiyadan xal almış olsaydı, Helsinkidə finləri darmadağın etmiş olsaydı. Yəni Y.Lövə nəsə köməyi dəymiş olsaydı, onda şübhələnməyə əsas vardı. Amma bunlar heç Lixtenşteynin qapısına yaxın düşə bilmirlər, o ki qaldı ruslardan və ya finlərdən xal qoparsınlar. Bax, B.Foqtsun gülüşü adamı bərk yandırır. Sanki qalib bir komandanın baş məşqçisidir, elə də gülümsəyir ki, adamın gülüşə də nifrəti yaranır.Sırağagün həm də M.Ballak başda olmaqla almanlar 1966-cı ildə T.Bəhramovun onların qolunu hesaba almadıqlarına görə, neçə illərin qisasını O KİŞİDƏN ALDILAR, ELƏ ONUN ÖZ MEYDANINDA! Sadəcə, sapı alman olan "baltamız"ın əli ilə. Bağışla, bizi Tofiq müəllim. Əlbəttə, əgər bağışlaya bilsən!

Digər xəbərlər