Hansı daha üstündür: siyasi mübarizə, yoxsa qazanc maraqları?
Son günlər radikal mövqeli qəzetlər bələdiyyə seçkiləri haqda az yazmağa başlamışlar. Deyəsən, payız seçkilərində qalib gələcəklərinə qətiyyən inanmırlar. Bu, onların öz işləridir. Yeganə məlum olan cəhət odur ki, radikalların özlərinə inamı get-gedə azalmaqdadır. Bu, onların sonlarının çatmasına işarədir.
Həmişə qeyd etdiyimiz kimi, radikalların qarşısını alan yenə də Etibar Məmmədovu sədr kürsüsünü tərk etməyə məcbur edən daxili sabitlikdir. Sabiq AMİP sədri məhz bu səbəbdən bloklara qoşulmaqdan imtina etmişdi. E.Məmmədov siyasi sabitlikdən boğulurdu. İndi digər radikalların hamısı E.Məmmədovun keçirdiyi halı yaşayır. İndii onlar ən lüzumsuz xırdalıqları saf-çürük etməkdədirlər.
Müsavatın icra aparatının rəhbəri Arif Hacıyev gör bir nə hala düşüb ki, təmsilçisi olduğu partiyanı "cırtdan" "Azadlıq" partiyasının sədri Əhməd Orucdan qorumağa məcburdur. Ə.Orucun verdiyi bəyanata görə, Müsavat heç vaxt milli maraqlara cavab verən addımlar atmayacaqdır. İşi-peşəsi qərargahda veyil-veyil gəzmək olan Arif bəy də rəsmi bəyanat verir ki, Ə.Oruc yalan deyir, filan-bəsməkən... Ə.Oruc da yeni-yeni faktlarla qəzet səhifələrinə çıxır. A.Hacıyev dilini hərləyib-fırlayıb deyir ki, Müsavat həmişə milli maraqları müdafiə edib. Ə.Oruc dübarə qəzetləri yeni faktlarla zənginləşdirir. A.Hacıyev də cavab vermək hüququndan yararlanır. Bununla da, deyişmə günlər, həftələr və aylarla davam edir.
Radikalların bir şakəri də cinayət məsuliyyətinə cəlb edilmiş şəxsləri müdafiə etməkdədir. "Ol" gənclər təşkilatının üzvləri Adnan Hacızadə və Emin Millinin xuliqanlıq üstündə məsuliyyətə cəlb edilmələrindən sonra, radikallar "Ol"un hərbi xidmətdən yayınan daha bir üzvünün müdafiəsinə qalxıblar. Bu, beyni radikal fikirlərlə çalxalanmaqda olan Ağasif Şakiroğludur. Radikallar xorla yeni-yeni cükküldəməyi öyrənən bu gənci az qala milli qəhrəman səviyyəsinə qaldırmaqdadırlar. A.Şakiroğlu isə radikal meyilli olduğunu nəzərə alıb orduda xidmət etməkdən yayınmağa cəhd edir. Onun bu cəhdi hərbi komissarlığın diqqətini cəlb etdiyindən, hazırda prosesin təhqiqatı aparılır.
Siyasi, dini və ictimai mövqeyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı hərbi çağırışa müsbət münasibət göstərib vətəndaşlıq borcunu yerinə yetirməlidir. Radikal partiyalar bir-birilərinin ardınca bəyanatı bəyanata calayıb A.Şakiroğlunun haqsız yerə incidildiyini bildirirlər. Radikalların bu reaksiyaları gözləniləndir. Onlar bu cür hərəkəti çox ediblər, indi də etməkdədirlər və gələcəkdə də edəcəklər. Bayaq da dedik ki, əllərində ciddi bir işləri olmayan radikallar yardımçı işlərlə təskinlik tapmağa çalışırlar.
"AİDP"-nin sədri Tahir Abbasov da özlərini müxalifətin başında hesab edən bir-iki radikal liderin cəmiyyətdə özlərinə nifrət oyatdığını bildirmişdir. Vaxtilə "Bizim Azərbaycan" blokunda təmsil olunan "AİDP" sədri bu cür liderlərdən birinin İsa Qəmbərov olduğunu bildirir. Məlum olduğu kimi, onun tərəfdaşları həmişə Ə.Kərimov və S.Cəlaloğlu olmuşdur. Bu gün radikallar öz işlərini "QRUH" dairəsində yerinə yetirmək fikrindədirlər.
Bəzi radikal liderlər daha böyük blok yaratmaq istəyirlər. Məsələn, AXCP (i) sədri Ə.Kərimov AXC-ni bərpa etməyi təklif edirdi. Bu təklif dəstəkdən çox ajiotaj yaratdı. İlk olaraq Ə.Kərimovun təklifini ADP sədri Sərdar Cəlaloğlu pislədi və bu hərəkat yüksələn xətlə inkişaf etdi. Təklifi yalnız Sabirabad seçicilərinin rəğbətini qazanmış Pənah Hüseynov dəstəklədi. Onun bugünədək bu yöndə apardığı iş, hələ ki, heç bir nəticə verməyib.
Bloklara daxil olmayanlar da çoxdur. E.Məmmədov bu yöndə sözünü hələ 2005-ci ilin axırlarında demişdi. İ.Qəmbərov Müsavatın öz siyasi mübarizəsini bloklara qoşulmadan aparacağını bildirmişdir. Ancaq nə blok yaratmaq arzusunda olanlar, nə də bloklara qoşulmayanlar nəzərəçarpacaq bir iş gördüklərini sübut edə bilməmişlər. Deyəsən, daxili sabitliyin hökm sürdüyü bir vaxtda radikalların fərqlənmələri real şərait yaranmayacaqdır. Bununla belə radikalların xaric amilindən yararlanmaq həvəsləri tükənməmişdir. Onların ayrı-ayrı partiyalarda qərarlaşmalarının səbəbi də elə budur. Bunun bir adı da kəsbkarlıq etməkdir. Ortada siyasi mübarizə əlamətləri görünməsə də, radikalların qazanc maraqları çox güclüdür.