PDF Oxu

Köşə

  • 12

Süni konsepsiyalar iflasa məhkumdur

Süni konsepsiyalar iflasa məhkumdur
Təbiət qanunları sabit və dəyişməz olur. İnsanlar cəmiyyət qanunlarını təbiət qanunları əsasında hazırlayır. Cəmiyyət qanunları təbiət qanunları kimi əbədi olmayıb, dəyişkən xarakter daşıyır. İctimai qanunlar dövr, mühit və şərait əsasında qurulduğundan keyfiyyətcə dəyişkənliyə məruz qalır. İnsan beyni bundan artığına qadir deyil. Təbiətin övladı olan insan müşahidə aparıb nəticə çıxardıqdan sonra praktik fəaliyyətə keçir.
Günəş bizim Qalaktikanın ən böyük ulduzudur. Onun dövrəsində müxtəlif ölçülərə malik doqquz planet dövrə vurur. Bu planetlər Günəşin cazibə qüvvəsinə tabedir. 1988-ci ildən sonra Azərbaycan müxalifəti adıçəkilən qanunlar dairəsində hərəkət edərək, özlərinin günəşini-mərkəzi blokunu yaratmağa cəhd etmişlər. "Demkonqres"lər və "Demblok" iflasa uğradıqdan sonra radikalların "SİDSUH" mərhələsi başlanmışdı. Bu qurumun yeddi üzvü olmuşdu. Bu qurum süquta uğradıqdan sonra "DUBB" və "DUH" kimi yeni qurumların ab-havası ilə uyğunlaşa bilməyən Ədalət sədri İlyas İsmayılov iclas və yığıncaqlarda yeri düşdü-düşmədi, deyirdi ki, gəlin "SİDSUH"-u bərpa edək.
Ulu öndərimiz demişkən, ölən adam dirilməz, çıxan can geri dönməz. Bu məntiqlə "SİDSUH"-u yenidən dirçəltmək mümkün olmadı. Radikallar da əvvəl "BMH"-nin sonra isə "MKM"-in cazibəsinə düşdülər. Ancaq bu "günəşlər" də onları öz cazibələrində saxlaya bilmədi. "BMH" yarandıqdan sonra onun darvazaları taybatay açıq qoyulmuşdu. "BMH"-nin məscidlə müqayisəsi yerinə düşməsə də, həya sarıdan xeyli korluq çəkən radikalyönümlü partiyaların axını günü-gündən güclənməkdə idi. Nəticədə Lalə Hacıyevanın təbiri ilə desək, "BMH" dönüb "kolxoz-kooperativ" quruluşuna çevrilmişdi. Qurumun darvazalarını bağlamaq qeyri-mümkün olduğundan, onun fəaliyyətini dayandırmaq lazım gəldi. "BMH"-yə doluşanarın sayı otuz rəqəminə yaxınlaşmışdı. Çoxluqdan ora toplaşanların nəfəsləri daralmağa başlamışdır.
"BMH" radikalları, ilk dəfə olaraq, çoxluğun toxluq olmadığını hiss edib, qurumun fəaliyyətini dayandırmaq məcburiyyətində qaldılar. Günəşin ətrafında doqquz planetin dövr etdiyini nəzərə alan radikallar yeni yaratdıqları "MKM" günəşlərinə doqquz partiya cəlb etdilər. Onuncu yer Mirmahmud Fəttayevin "klassiklər"inə verilmişdi. O isə günəş ətrafında onuncu planetin olmadığını bildirib, yalançı onuncu peyk olmaqdan imtina etdi. "MKM"-in başlıca vəzifəsi Seçki Məcəlləsinə təklif vermək idi. Ancaq radikallar buna nail olmadılar. 2003-cü il 15 oktyabr prezident seçkilərinə cəmi bir neçə ay qalırdı.
Qəzəblənmiş radikalların dişləri bağırsaqlarını kəsirdi. Onlara elə gəlirdi ki, uğursuz AXC hakimiyyətindən 11 il keçdikdən sonra növbəti dəfə iqtidara gəlmələrinin vaxtı çatmışdır. Görünür, müraciət etdikləri münəccimləri uzaqgörənlik sarıdan kasad imiş...Nəsə, "MKM"-in fəaliyyətini dayandırmağı da unudan radikallardan dördü rəsmi bəyanat vermədən Londonda görüşüb, seçki günü hakimiyyətə gəlmək məsələsini müzakirə etdilər.
Qrantverənlər maliyyə təminatını üzərlərinə götürdülər. İ.Qəmbərov, E.Məmmədov, R.Quliyev və Ə.Kərimovdan ibarət "dördlük" "DSİ" adlı qurum təsis etdilər. Blokun proqram və nizamnaməsini müəyyənləşdirməyə tələsmədilər. Bu səbəbdən, onun əsasnamə və protokollarını ifrat dərəcədə radikallaşdırmağı lazım bildilər. Bununla belə, "DSİ" üzvləri vahid namizəd məsələsini nə Londonda, nə də Bakıda həll etməyə nail olmadılar. Nəticədə "DSİ" prezident seçkilərinə iki namizədlə - İ.Qəmbərov və E.Məmmədovla getsə də, uğursuzluqla üzləşdi.
"DSİ"-nin cığallıq edən İ.Qəmbərov qanadı küçə nümayişi ilə uğur qazanmağa cəhd etdi. Ancaq o, dəstəkçi tapmadı. Hazırda İ.Qəmbərov bələdiyyə və parlament seçkiləri ərəfəsində AXC-nin bərpası ideyasını ortaya atmışdır. Ona elə gəlir ki, yalnız bu qurumu dirçəltməklə hakimiyyətə gəlmək olar. Müsavat başqanı bunu təbii sayır. Ancaq bir çox həmkarları İ.Qəmbərovun təklifində sünilik çalarlarının daha çox olduğunu bildirdilər. Süni ideyalara təbii don geyindirmək günəşə enerji yükləməklə onu işə salmaq kimi cəfəng bir şeydir. Bu cür günəşlərin cazibəsi olmadığından ətrafımızdakı planetləri, ifrat radikalların mərkəzi blokları kimi, böyük sürətlə özündən uzaqlaşdırır.

Digər xəbərlər