“AİDP” sədri radikalların islaholunmazlıqlarına əmindir
Konstitusiyamızda dinin dövlət quruluşunun təşkilində iştirakı nəzərdə tutulmasa da, respublikamızda islam partiyaları fəaliyyət göstərməkdədir. Onların fəaliyyətlərinin qadağan edilməsi Azərbaycanda demokratiya təzahürlərinin inkişafı kimi başa düşülməlidir. Xatırladırıq ki, respublikamızda fəaliyyət göstərən 10-larla məscid ibadət edən müsəlmanlarını ixtiyarındadır. Yaxın günlərdə bütün Qafqazın şeyxülislamı Allahşükür Paşazadə sünnilərin və şiələrin cümə günləri birgə ibadətlərinə şərait yaradıldığını bildirmişdir. Din dövlətdən ayrı fəaliyyət göstərir və onun işinə müdaxilə etmir. Referendum zamanı Konstitusiyaya edilən əlavə və dəyişikliklərdə belə bir müddəa öz əksini tapmışdır ki, Azərbaycan vətəndaşının iradi müstəqilliyi ona istədiyi dini dünyagörüşü seçmək imkanı verir və bu seçimə heç kəs müdaxilə edə bilməz.
Azərbaycanda müsəlmanlarla yanaşı xristianlar, yəhudilər və katoliklər də əqidə müstəqilliyinə malikdir. Dövlət vətəndaşlarının dini müstəqilliyinin keşiyində durur. Hər bir kəs dini əqidəsini möhkəmləndirmək və dəyişdirmək hüququndadır. Dini təmayüllü partiyaların yaranmasına gəldikdə, deməliyik ki, bu, qeyri-qanuni də olsa, islam partiyaları, yerdən çıxan göbələklər kimi, artıb-çoxalmaqda davam edir. Bu cür partiyalardan biri də, "Azərbaycan İslam Demokrat Partiyası"dır ("AİDP"). Bu partiyaya Hacı Tahir Abbaslı sədrlik edir.
"AİDP" sədri radikal qurumların iş prinsipləri haqda orijinal fikir söyləyir və biz Hacı Tahirin bu mülahizələri ilə oxucularımızı tanış edəcəyik. "AİDP" sədri radikalların süstlük və çaşqınlıq keçirdiklərini və bu səbəbdən də, bələdiyyə seçkilərinə hazır olmadıqlarını bildirir. Əslində, Hacı Tahirin təmsilçisi olduğu partiya da bələdiyyə seçkilərində iştirak etməyəcək. "AİDP" sədri bunu bələdiyyələrin səlahiyyətli qurum olmamaları ilə əlaqələndirir. Hacı Tahir müxalifətin ən böyük səhvinin yürütdüyü siyasətin uğursuzluğu ilə əlaqələndirir. O, müxalifətin radikal qanadını bazara kal alça çıxaran bağbanla müqayisə edir. Alça kal və turş olduğu üçün, şübhəsiz, alıcılarının da sayı az olacaqdır. Hacı Tahir buradan belə bir ibrətamiz nəticə çıxarır ki, ifrat radikal liderlərin danışıqları turş alça kimi acı olduğundan, ictimaiyyətin etimadını qazana bilmir. O, belə hesab edir ki, onlar yalan və görüntülərdən imtina edib, səmimiyyətlə danışmağa başlasalar, çox şey qazana bilərlər.
Hacı Tahirin fikrincə, radikalların birlik və bloklaşma ideyası öz şəxsi maraqlarından əl çəkdikdən sonra mümkün olacaqdır. Bu, nə zaman baş verə bilər? İslamçı partiya sədri belə hesab edir ki, radikal liderlər "Maşın şou" oyununda olduğu kimi, əllərini qoyduqları yerdən tərpətsələr, böyük nailiyyətlər əldə edə bilərlər, ancaq onlar öz maraqları naminə əllərini tərpətmək istəmir və bu səbəbdən də, həmişə iflasla üzləşirlər.
Hacı Tahir ifrat radikalları həm də gələcəyi görməməkdə ittiham etdi. Onun dediyinə görə, Müsavatın nəzdində fəaliyyət göstərən "Bizim Azərbaycan" blokunda təmsil olunarkən, o, müxalifətin öz parlamentinin yaradılmasını təklif etsə də, onu dinləməyi lazım bilməmişlər. İslam partiyasının sədri belə hesab edir ki, təklifi qulaqardına vurulmasaydı, hər partiyanın bir neçə namizədi mütəmadi olaraq elektoratla işləyərdi. Hacı Tahir radikalların 2005-ci il 6 noyabr parlament seçkilərində uğursuzluğa düçar olmalarını bununla əlaqələndirir.
Hacı Tahirin dediyinə görə, onun növbəti təklifi müxalifətin birliyini təmin etmək üçün koordinasiya mərkəzinin yaradılması idi. Radikalların nədənsə, onun bu təklifinə də əməl etməyiblər. Hacı Tahir belə hesab edir ki, radikalların parçalanması bundan sonra daha da sürətlənmişdi. Radikallar islamçıların daha bir təklifini qəbul etməmişlər. Hacı Tahir istəyirdi ki, ifratçılar vahid bir partiya daxilində birləşib, mübarizələrini bu yöndə davam etdirsinlər.
Bəs "AİDP" sədri radikalların düşdükləri çətin durumdan çıxmalarını nədə görür? Hacı Tahir belə hesab edir ki, onların hər biri öz daxillərində islahat aparmalıdırlar. Bu, mümkündürmü? İslamçının bu suala cavabı mənfidir. Onun fikrincə, hər bir radikal partiya sədri öz partiyasını ən mükəmməl və yenilməz qurum hesab edir və heç bir alternativlə razılaşmır.