PDF Oxu

Köşə

  • 10

Hər cür təşəbbüs göstərməyi özünümüdafiə üsulu adlandırmaq olar

Hər cür təşəbbüs göstərməyi özünümüdafiə üsulu adlandırmaq olar
Sədr sükanını əllərin buraxmaq istəməyən ifrat radikal mövqelilər bildiklərini babalarına verməməkdə israrlıdırlar. Konstruktiv mövqeli müxalifətçilər Müsavat başqanı İsa Qəmbərovu, AXCP (i) sədri Əli Kərimovu bu zümrəyə daxil edirlər. Çünki Lalə Hacıyeva, Etibar Məmmədov və Rəsul Quliyev artıq sədr kürsüsündən necə imtina etməyin yollarını və üsullarını göstəriblər. Bu "beşlik"dən başqa digərlərini "cırtdan" partiya sədrləri adlandırırlar.
İ.Qəmbərov və Ə.Kərimov sədr eyforiyası ilə yaşamağa üstünlük verirlər. Ə.Kərimova sədr kürsüsünə gəlmək asan olmamışdı. O, AXC və AXCP-də Əbülfəz Elçibəyin birinci müavini olmuşdu. Ə.Elçibəy dörd il Kələkidə qaldıqda, Ə.Kərimov paytaxtda özünü bir növ AXC-nin sədri kimi hiss etmişdi. 1997-ci ildə Ə.Elçibəy Bakıya qayıtdıqdan sonra Ə.Kərimov yenidən ikinci mövqeyə yuvarlanmışdı. Ə.Elçibəy haqq dünyasına qovuşduqdan sonra Ə.Kərimov elə zənn edirdi ki, tabeliyi altında olan funksionerlərin hamısı onu əlləri üstündə sədr kürsüsünə əyləşdirəcəklər.
Ancaq Ə.Kərimov zənnində yanılmışdı. AXCP-də sədr kürsüsü üstündə ciddi mübahisə başladı. Ə.Kərimovun özü ilə Cəbhəyə qoşulduğu "Yurd" üzvləri öz başçılarına səs verdilər. Səs çoxluğu "Yurd"çular tərəfində idi. Bununla belə, Ə.Kərimovun hökmranlığı üzün sürmədi. Ə.Kərimov partiya daxilində yeniçiliyə, islahatçılığa meyilli idi. Ancaq AXCP-də Ə.Elçibəy ənənələrinə sadiq olan və özlərini "klassiklər" adlandıran köhnəpərəst, ənənələrinə sadiq mühafizəkarlar kifayət qədər çox idi. Onlar Ə.Kərimovun sədr kürsüsünə gedən yoluna bağlaya bilməsələr də, üsyan edib, ondan ayrılmağa müvəffəq oldular.
Üsyançıların başında Mirmahmud Fəttayev dururdu. Əli Məsimov, Fazil Qəzənfəroğlu və Zəlimxan Məmmədli ona dəstək verdi. "Klassiklər" Ə.Kərimovun sədrlik etdiyi "islahatçılar" AXCP-sinin yarıya qədərini özləri ilə apardılar. O vaxt Ə.Kərimovun qanı yaman qaralmışdı. Bununla belə, AXCP-nin ikiyə parçalanması obyektiv reallıq idi. Müsavat başqanı İ.Qəmbərov Ə.Elçibəy ənənələrini davam etdirənləri, yəni Mirmahmud Fəttayevin başçılıq etdiyi AXCP (k)-ni "əsil AXCP" kimi tanıdı. Bu, o demək idi ki, başqan Ə.Kərimovun AXCP (i)-sini rəsmi AXCP kimi tanımamışdı. Bu da bir çox müxalifətçi analitikə belə bir mülahizə irəli sürməyə imkan vermişdi ki, AXCP-nin parçalanmasının təşkilini İ.Qəmbərov öz nəzarətində saxlayır. Daha bir qəribə cəhət o idi ki, Cəbhələr hər dəfə birləşmək ideyasını ortaya atanda, parçalanmanın dairəsi daha da genişlənirdi. Bayaq qeyd etdiyimiz kimi, politoloqlar bunu İ.Qəmbərovun uzaqgörənliyinə yozurdular.
İ.Qəmbərov həm də bir əldə iki qarpız tutmağı xoşlayırdı O, Ə.Kərimovun AXCP (i)-sini siyasi qurum kimi tanımasa da, "SİDSUH", "DUBB", "DUH", "BMH", "MKM", və "DSİ" kimi bloklarda Ə.Kərimovun partiyası ilə əməkdaşlıq əlaqəsi qururdu. İş elə gətirdi ki, həm Müsavat, həm də AXCP (i) 15 oktyabr 2003-cü il prezident seçkilərindən sonra iflas girdabına yuvarlandı. 6 noyabr 2005-ci il parlament seçkiləri ərəfəsində isə, adıçəkilən hər iki qurum əvvəl "Uğur", sonra isə "Azadlıq" blokunda birləşdi.
O vaxtdan indiyədək onlarla funksioner həm Ə.Kərimovun, həm də İ.Qəmbərovun ətrafından uzaqlaşmağa başlamışlar. Ə.Kərimov öz ətrafını heç nə ilə cəlb edə bilmirdi. İ.Qəmbərova gəldikdə, o, Avropa liberalları ilə sıx təmas qurduqdan sonra bir an da olsa, dinc dayanmamışdı. Əlbəttə, Rauf Arifoğlu Müsavatı tərk edib getsə də, İ.Qəmbərov yalan-doğru yeni ideyalar ixrac etməkdədir. AXCP-nin bir neçə varisinin olmasına baxmayaraq, AXC-nin klassik formada bərpa edilməsi təşəbbüsünü məhz İ.Qəmbərov irəli sürmüşdür.
İ.Qəmbərov belə hesab edir ki, başlıca cəhət təşəbbüs göstərməkdir, onun hansı nəticəni verəcəyi isə vacib deyil. Doğrudan da, təşəbbüs irəli sürülmüş və radikal cinah funksionerləri bir-birinə dəymişdir. Yəni ağzını açan İ.Qəmbərovun təklifinin səmərəsizliyini sübut etməkdədir. Başqan isə, kənardan baxıb, mülahizə yürüdənlərin sadəlövhlüyünə altdan-altdan rişxənd etməkdədir. Çünki bu təklifi ilə o, bir növ özünü müdafiə etdiyini düşünür.

Digər xəbərlər