PDF Oxu

Köşə

  • 10

Qeyri-ənənəvi “bərpa əməliyyatları”

Qeyri-ənənəvi “bərpa əməliyyatları”
Bu ilin payızına təyin edilən bələdiyyə seçkilərinin vaxtı yaxınlaşdıqca, məlum olur ki, radikallar bu seçkilərə sözdə hazırdılar. Əslində, onlar bələdiyyə seçkilərinə barmaqarası yanaşır, başlıca qüvvələrini gələn ilin payızında keçiriləcəyi nəzərdə tutulan parlament seçkilərinə saxlayırlar. Şübhəsiz, onlar bu seçkilərə "QRUH" və "Azadlıq" bloku ilə getməklə kifayətlənməyəcəklər. Radikallar daha mükəmməl blok yaratmaq fikrindədirlər.
Referendum ərəfəsində yaratdıqları iki təşəbbüs qrupu fikirlərini gerçəkləşdirmək üçün kifayət etmədi. Bunu onların təşviqatlarının zəifliyinə yozmaq doğru olmazdı. Onlar dəridən-qabıqdan çıxaraq, iqtidarın doqquz təşviqat qrupu ilə rəqabət aparmaq istəsələr də, heç kəsi öz "həqiqətlərinə" inandıra bilmədilər. Çünki referendumda səs verməyə hazırlaşanlar bu yalan "həqiqətləri" iyirmi il ərzində eşidə-eşidə gəlirdilər və o ifadələrin arxasında dayananların alıb-verdikləri nəfəsin də yalanla gəlib-getdiyini bilirdilər. Kim dabbaqda gönünü də tanıdığı siyasətçiyə inanıb aldanar? Sözsüz ki, bu cür aldanış istisnadır. Referendum zamanı obyektiv gerçəkliyə üstünlük verən seçicilər radikalların yerlərdə apardıqları təbliğat və təşviqatları qulaqardına vurdular.
İfrat radikallar qarşıdan gələn bələdiyyə və prezident seçkilərində də hər hansı uğur qazanacaqlarına inanmırlar. Onlara qarşı olan bu inamsızlığın səbəbləri özlərində axtarılmalıdır. Çünki onlar tarixin heç bir dönəmində xalqı üzləşmiş olduğu problemlərin cəngindən çıxarmağa nail olmamışdılar. Ə.Vəzirova qarşı mübarizə aparsalar da, 1988-ci il noyabr mitinqlərinin dağıdılmasının qarşısını ala bilmədilər. 1990-cı il 20 Yanvar Bakı qırğınını törədənləri nəinki ifşa edə bilmədilər, əksinə, özləri də faciəni törədənlərin cərgəsinə qoşulmalı oldular. Daha sonra onların daha pis sifətləri faş edildi. Məlum oldu ki, onlar ayrı-ayrı silahlı dəstələr yaratmaqla 1992-ci il 26 fevral Xocalı soyqırımı, 1992-ci il 8 may Şuşanın, 18 may Laçının işğala məruz qoyulması ilə A.Mütəllibova təzyiq göstərərək, onu əvəzləmək məqsədi güdmüşlər. Buna nail olduqdan sonra isə radikalların idarəetmə işindən uzaq olduqları məlum oldu.
Radikallar hakimiyyətdə cəmi bir il duruş gətirə bildilər. Xalq AXC-Müsavat iqtidarını devirmək istəyən Əlikram Hümbətov, Surət Hüseynov və digərlərinə mane olmamışlar. Daha sonra isə proseslərin gedişinə ümummilli lider müdaxilə etməli olmuşdur. Tezliklə sabitliyin yarandığını görən əhali bu kursun əsil dəstəkçisinə çevrilmişdir. Xalq bundan sonra əllaməlik edənlərin arxasınca getməmişdir. Radikalların yaratdıqları süni blok və qurumlar bir daha ayağa dura bilməmiş və tarixin arxivinə atılmışdır.
Bu gün bir çox funksionerlər ifrat radikalçılıq mövqeyi sərgiləyən liderlərini tərk edib, konstruktiv mövqe tutmağa üstünlük vermişlər. Beləliklə, bu və ya digər radikal qurumlarda süstlük və fəaliyyətsizlik mərhələsinə qədəm qoyulmuşdur. Buna baxmayaraq, öz ayranlarına turş deməyənlər öz ambisiyalarını diqtə etməyə üstünlük verməkdə davam etməkdədirlər. Ancaq tək bir ambisiyalı iddialarla uzağa getmək qeyri-mümkündür.
Rauf Arifoğlu Müsavatın, Qulamhüseyn Əlibəyli isə AXCP (i)-nin sıralarını tərk etdikdən sonra bir növ ara qarışıb-məzhəb itməyə başlamışdır. Bu və ya digər partiyaların funksionerləri yeni partiya və qurumlar yaratmaqla sədrlərə etimadsızlıq göstərmək yolu tutduqlarını bəyan edirlər. İki onillik ərzində sədr kürsülərindən qopmaq istəməyənlər, funksioner axınının qarşısını almaq məqsədilə gündəmdə qalmaq xatirinə, lüzumsuz təkliflər paketi ilə çıxış etməyə üstünlük verirlər. Məsələn, öz "Yeni Müsavat" qəzetini Müsavat partiyasından qoparıb aparan R.Arifoğlu "Yeni Müsavat" partiyasını bərpa etmək fikrinə düşübsə, nə səbəbə İ.Qəmbərov potensial elektoratını təəccübləndirmək fikrinə düşməməlidir?
İ.Qəmbərovun AXC-ni klassik formada bərpa etmək xülyasına düşməsi heç də təsadüfi xarakter daşımır. Əgər bir vaxt AXC təşkilatı iqtidardan düşdükdən yeddi il sonra partiyalaşmış və bundan sonra AXCP (i), AXCP (k), AXCP (b) kimi nisbətən böyük və onlarla daha kiçik tərkib hissələrinə ayrılmışsa, nə səbəbə onu 2009-cu ildən 1988-ci ilə doğru qaytarmaqla əvvəl partiyalaşmış, daha sonra isə daha klassik təşkilat formasına çevirmək mümkün olmasın? Bunun üçün yalnız tarixin təkərini azacıq geri döndərmək kifayətdir. Bu prosesə start verilən kimi, əvvəl zaman irəliyə hərəkətini yavaşıdaraq, nəhayət, dayanıqlı sıfır nöqtəsinə düşəcək və bundan sonra qeyri-ənənəvi Lütfi Zadə məntiqinin, ənənələri faş edən nəzəriyyəsinə əsasən, geriyə doğru hərəkətini bərpa edəcəkdir.
Əgər R.Arifoğlu keçmiş "Yeni Müsavatı", İ.Qəmbərov sabiq AXC-ni bərpa etməyin mümkünlüyünü ortaya atırsa, nə səbəbə zaman öz hərəkətini geriyə doğru bərpa etməməlidir? Unutmayın ki, R.Arifoğlu da, İ.Qəmbərov da öz "bərpa əməliyyatları"nı məntiqi qanunlarla yox, qeyri-ənənəvi nəzəriyyələrlə gerçəkləşdirməyə cəhd edirlər.

Digər xəbərlər