Radikal cinahda ötür-ötür, apar-apar oyunu
"ACP"-nin keçmiş üzvü Aydın Quliyev "Bakı Xəbər" qəzetindən bir şey çıxara bildiyini görüb partiya yaratmaq niyyətinə düşüb. Onun dediyinə görə, təmsilçisi və təsisçisi olduğu partiyaya yeni simaları dəvət edəcək və onların fikir mübadilələrinə kənardan tamaşa edib, feyziyab olacaqdır. Bu günlərdə Aydın bəyin 50 yaşının tamam olmasını xatırlasaq, demək istərdik ki, 40-ında öyrənmək istəyən gorunda çalar. Kimsə bir başqa "ACP" üzvü sədr postundan istefa verib gedən Akif Şahbazovun kölgəsini qılınclayır. Deyir ki, nə səbəbə bu adam gül kimi "ACP"-yə sədrlik etməyi kənd təsərrüfatı və maldarlıqla məşğul olmağa dəyişdirir? Həmin şəxsə demək istərdik ki, son 15 il ərzində bir çox müxalifət funksionerləri Akif bəyi "kolxoz sədri" olmaqda ittiham etdikdə, sən harada idin və nə səbəbə "ACP"-nin sabiq sədrinin müdafiəsinə qalxmırdın?
Biri ölməsə, biri dirilməz demişlər. Əgər A.Şahbazov "kolxoz sədri" olduğu günləri xatırlayıb, kəndə qayıtmasaydı, A.Quliyev partiya yaratmaq fikrinə düşməzdi. 18 ildir ki, ölkəmiz öz müstəqilliyinə qovuşduğundan, bu gün bizdə nə kolxoz-kooperativ quruluşu, nə də sovxozlar fəaliyyət göstərmir. Akif bəy də kəndinə qayıdıb, fermer təsərrüfatı ilə məşğul olub, kəsbkarlıq etmək istəyir. Burada hansısa təəccüblü məqamlar axtarmağa dəyməz. Axı A.Şahbazov paytaxtda qalıb maliyyə durumu yox dərəcəsində olan "ACP" sədri postunda nə etməlidir? R.Quliyev xaricdə mühacir həyatı yaşayır, "ACP"-çilər isə bir-birilərinin kölgələrini qılınclamaqdadırlar. Burada gözlərini okeandan o tayda güzəran keçirən R.Quliyevə zilləyərək, maliyyə vəsaiti gözləyənlər kifayət qədər çoxdur. Dilinən qarayara ifadəsi düşməyən Zəminə Dünyamalıyeva partiya sədri olacağı şansına inanır və R.Quliyevin ciblərini öz ətəyinə boşaldacağına qətiyyən şübhə etmir.
"Yeni Müsavat" partiyasını yaradacağı fikri ilə Səkkizinci kilometrə köçən Rauf Arifoğlu, hələ ki, "Yeni Müsavat" qəzetində İsa Qəmbərov əleyhinə təbliğatını gücləndirməklə məşğuldur. Deyəsən, onun təbliğatı öz nəticəsini vermişdir. Çünki Müsavat başqanı son bir həftə ərzində bu və ya digər radikal mövqeli qəzetlərdə R.Arifoğlu ilə cəngi-cidala çıxmışdır. R.Arifoğlu da borclu qalmayıb, keçmiş şefini gül ağzından buraxdığı ənbər qoxulu ifadələrlə qarşılamışdır. Nəticədə böyük səs-küy yaranmışdır. Bununla da, R.Arifoğlu "Yeni Müsavat" partiyasının bərpasındakı çətinlikləri malalamağa nail olmuşdur. İ.Qəmbərov isə "bərpa" məsələsində daha irəli gedərək, AXC-ni bərpa etmək təklifi ilə çıxış etmişdir. Bununla da, başqan R.Arifoğlunun qabağından yemək fikrində olmadığını ifadə etmişdi. Demək istəmişdi ki, xırda bir partiya yaratmaq istəsən, mən daha böyüyünü yaratmağa əl ataram.
Xatırlatmaq yerinə düşərdi ki, 1988-ci ilin 16 iyulunda AXC Pribaltikada yaradıldığı vaxtlarda Nəsib Nəsibli və Rauf Arifoğlu öz "Yeni Müsavat"larının əsasını qoyurdular. İndi o vaxtdan 21 il keçdikdən sonra əgər R.Arifoğlu klassik "Yeni Müsavat"ı bərpa etmək istəyirsə, nə səbəbə klassik AXC-nin İdarə Heyətinin üzvü olan İ.Qəmbərov AXC-ni bərpa etmək təşəbbüsü ilə çıxış etməməlidir?
Həm İ.Qəmbərov, həm də R.Arifoğlunun 21 illik keçmişi eşələmələrinə nəzər saldıqda, adamın başına belə bir fikir gəlir ki, radikallar tarixi proseslərdə spiralvari hərəkətə üstünlük verirlər. Əgər 1988-ci illə 2009-cu ili 21 illik bir tarixi məsafə ayırırsa, görünür, həm İ.Qəmbərov, həm də R.Arifoğlu elə zənn edirlər ki, hər iki rəqəmlər toplusu zaman spirallarının eyni üzündə həkk olunmuşdur. Əks təqdirdə, nə R.Arifoğlu "Yeni Müsavat" partiyasını, nə də İ.Qəmbərov AXC təşkilatını bərpa etmək xəyalına düşməzdi.
Ancaq təəssüfdoğurucu hal odur ki, tarixin təkərini geri döndərmək istəyin nə İ.Qəmbərov, nə də R.Arifoğlu uzaqgörənlik qabiliyyətinə malik deyillər. Malik olsaydılar, öz qabiliyyətsizliklərini 2009-cu ilin başında dəlləklik etməklə gerçəkləşdirməyə cəhd etməzdilər. Xatırladırıq ki, Zodiak bürclərinin göstəricilərinə əsasən, 1988-ci ilin spiralvari xəttindəki qarşılığı 2000 və 2012-ci, 2009-cu ilin keçmişə doğru qarşılığı isə 1997 və 1985-ci illərdir. Burada da, bu nəticəyə gəlmək olar ki, İ.Qəmbərov da, R.Arifoğlu da siyasi şou yaratmaqla diqqəti özlərinə cəlb etmək istəyirlər. O ki qaldı Aydın Quliyev, Akif Şahbazova, qarayara sindromuna tutulan Zəminə Dünyamalıyeva kimilərinə, o zaman çiyinlərimizi çəkib şərhə ehtiyacın olmadığını bildirməliyik.