Müxalifətin dördüncü “lider”i kim olacaq?
Ötən sayımızda mövcud sabit durumda ifrat radikalçılıq mövqeyi sərgiləyən liderlərin bəzilərinin sədrlik postundan istefa verərək getdiklərini bildirmişdik. Bir daha qeyd etməyi vacib hesab edirik ki, bu sahədə birincilik ALP sədri Lalə Hacıyevaya məxsusdur. Kişi radikallardan heç birində ilk addım atmaq cəsarəti olmamışdı. İkinci addımı iki il iki aydan sonra AMİP sədri Etibar Məmmədov atmışdı. Xatırladırıq ki, "DSİ"-nin süqutundan sonra E.Məmmədov radikal bloklardan heç birinin sıralarına qoşulmamışdı. Ancaq L.Hacıyeva "Azadlıq" blokunun sıralarına qoşulmağı özünə rəva bilmişdi. Əlbəttə, o, "MBH" lideri kimi "Azadlığ"ın seçki blokundan siyasi bloka çevrilməsi təşəbbüsçülərindən biri olmuşdur.
Bir daha bugünkü mövzumuzun üzərinə qayıdaraq, xatırladırıq ki, həm L.Hacıyeva, həm də E.Məmmədov, müvafiq olaraq, 2003 və 2005-ci ilərdə təmsilçiləri olduqları partiyaların sədri postundan istefa verib, lider tituluna yiyələnmişlər. Yəqin ki, sədr kimi qara fəhləlikdənsə, lider kimi əmr və sərəncamlar vermək onlar üçün daha asandır. Əvvəllər sədr kimi ad-san qazanmaq, hətta adi bir funksioner kimi də nüfuz sahibi olmaq asan idi. Çünki bu və ya digər küçə və meydanlarda kortəbii şəkildə yığışan adamlar dinləmək üçün lider axtarırdılar. O vaxt istənilən alababat natiq on minlərin könüllərini ələ ala bilərdi.
Xaos və dərəbəyliyin ömrü beş il çəkdi. Bu beş il ərzində vəzifə səlahiyyətlərindən imtin edən də, Kremlə, Qərbə və ABŞ-a işləyənlər də çox oldu. Ancaq bunların hər biri xalq və millət adından danışmağı xoşlayırdı. Bu yazıda bu cür milli satqınların adlarını bir-bir sadalamayacağıq. Çünki onların bir qismi mənəvi iztirab içərisində yoxluğa qovuşdu, qalanlar - diri olanlar isə ölü kimi bir şeydilər, ağızlarına girib-çıxan isə quru nəfəsdir.
Həm L.Hacıyeva, həm də E.Məmmədov heç vaxt radikalların ön cərgələrində olmamışlar. Ancaq keçən vaxt ərzində hər ikisi orijinal mövqeləri ilə yadda qalıblar. Əgər E.Məmmədov 2003-cü ilədək yaranmış radikal qurumların hamısında iştirak etmişdisə, L.Hacıyeva, əksinə, 2005-ci ilədək yaranan heç bir radikal quruma qoşulmamışdı. Bununla belə, o, radikal liderlərə onun təklif etdiyi quruma qoşulmağa sövq edirdi. Radikallar "BMH" və "MKM" yaratmışdılar. Birincinin üzvlərinin sayı 26-da çox idi. L.Hacıyeva həmin qurumu kolxoz-kooperativ qurumu kimi xarakterizə edib, üzvlərinin sayının çoxluğuna dözməyib, partlayıb dağılacağı proqnozunu vermişdi. Tezliklə onun proqnozu özünü doğrultdu. Radikallar L.Hacıyevanın "Liderlərin Strateji Mərkəzi"nə ("LSM") daxil olmayıb, üzvlərinin sayı 10 partiyadan çox olmayacaq "Müxalifətin Koordinasiya Mərkəzi"ndə ("MKM") birləşməyə üstünlük verdilər. L.Hacıyeva "MKM"-də təmsil olunmadı.
L.Hacıyevanın təklif etdiyi "ALSM" yaranmadı. Onun şərtləri "BMH" və "MKM"-inkindən ağır idi. Radikallar isə bu şərtlərə əməl edə bilmədilər. L.Hacıyeva "LSM"-ə doqquz partiya liderlərinin daxil olmasını nəzərdə tuturdu. Ancaq bir şərtlə ki, "LSM"-in yığıncaqlarında iştirak edən hər bir partiya sədri sərbəst qərar çıxarmaq hüququna malik olsun. ALP-də mərkəzləşdirilmiş inzibati idarəetmə strukturu yaratmış L.Hacıyeva sərbəst hərəkət etmək imkanında idi. O biriləo isə yox. Çünki onlar hər hansı mərkəzi birlikdə müzakirə edilən məsələnin lehinə və əleyhinə fikir ifadə etmək üçün mütləq öz partiyalarının ali orqanlarının qərarı ilə hesablaşmalı idilər. Bu da o demək idi ki, radikal sədrlərin heç birinin öz partiyalarında L.Hacıyeva qədər nüfuzları yox idi. Nəticədə "MKM" də, ondan sonra yaradılan "DSİ" də, "Uğur" da tezliklə süqut mərhələsinə qədəm qoydular.
L.Hacıyeva "Azadlıq" blokuna İ.Qəmbərovun başqanı olduğu Müsavat partiyası ornanı tərk etdikdən sonra daxil oldu. Bu da belə mülahizə sürməyə əsas verir ki, ALP sədrinin uzun müddət radikal bloklara üzv olmamasının səbəbi İ.Qəmbərova qarşı dözümsüzlüyü olubmuş. L.Hacıyeva "Azadlıq" blokunda bu gün də AXCP (i) sədri Əli Kərimov və "VİP" sədri Əli Əliyevlə əməkdaşlıq etməkdədir. L.Hacıyevanı radikal liderlərdən fərqləndirən daha bir cəhət 2005-ci il 6 noyabr parlament seçkilərində qazandığı deputat mandatından imtina etməsi idi. O vaxt bir çox radikal partiya sədrləri və funksionerləri deputat mandatından döodəlli yapışmışdılar. Belə bir şəraitdə L.Hacıyevanın təşəbbüsü tərəfdarlarının bir çoxunun xoşuna gəlmişdi.
AMİP sədri E.Məmmədov isə radikalların birlik və bloklarının hamısında təmsil olunmuşdu. Ancaq o, bu təmsilçilikdən hər hansı fayda götürə bilməmişdi. E.Məmmədov iqtidara gələnlərin hamısından baş nazir postunu icra hakimiyyəti strukturlarını idarə etmək şərti ilə qəbul etməyə hazır olduğunu bildirsə də, buna nail olmamışdı. E.Məmmədovun siyasi bloklara qoşulmamaq istəyi 2003-cü il 15 oktyabr prezident seçkilərindən bir gün sonra İ.Qəmbərovun "DSİ"-ni iflasa düçar etməsi ilə əlaqədar baş qaldırmışdı. O vaxtdan etibarən E.Məmmədov lider olduğu AMİP-i heç bir radikal bloka qoşmaq istəmir.
Okeanın o tayında mühacir həyatı yaşayan Rəsul Quliyev ADP-dən "ACP"-əy keçdikdən sonra sədr postunu Akif Şahbazova həvalə etmişdi. Bu gün sədr postunun A.Şahbazovun əlində qalmadığı məlumdur. R.Quliyev qurumun lideri tituluna yüksəlmək qərarına gəldi. Bununla da, R.Quliyev L.Hacıyeva və E.Məmmədovdan sonra üçüncü radikal lider hesab edilir. Bəs digər sədrlər dördəlli yapışdıqları sədr postundan qopacaqları haqda nə vaxt qərar qəbul edəcəklər? Ümumiyyətlə, onlar tutduqları postdan getmək istəyirlərmi? Söhbət Müsavat, AXCP (i), ADP kimi partiya sədrlərindən gedir. Deyəsən, bu zalımlar öz partiyalarının sədr kürsüsünə elə bərk yapışıblar ki, onları heç bir fövqəl qüvvə ilə də yerlərindən qoparıb çıxarmaq olmaz. Bu səbəbdən də, funksionerlərin bir çoxu İ.Qəmbərov, Ə.Kərimov, S.Cəlaloğlu və digərlərinin ətrafından sürətlə uzaqlaşmaqdadır. Proseslərin bu cür davam edəcəyi təqdirdə, bu radikal liderlər bir də ayılıb görəcəklər ki, postlarında tək qalıblar.