PDF Oxu

Köşə

  • 12

Putinin qonaqlığı və Obamanın Moskva sirri

Putinin qonaqlığı və Obamanın Moskva sirri
Bir dəfə Molla Nəsrəddin balaca oğlunun əlindən tutub yol qırağı ilə başqa kəndə gedirmiş. Bu zaman iki-üç nəfərin yaxınlıqdakı baqqal dükanını yarıb oğurluq etdiklərini görürlər. Uşaq atasından soruşur ki, dədə, bu adamlar orada nə edirlər? Molla da qayıdır ki, oğlum nağara çalırlar. Uşaq başına döndüyüm də qayıdır ki, bəs səsi niyə çıxmır? Molla da deyir ki, "tələsmə oğlum, səsi sabah çıxacaq".
Bu lətifəni niyə yazdım? ABŞ prezidenti Barak Obama bir neçə gün idi ki, Moskvada səfərdə idi və onun da müəmmalı Kreml səfərinin səs-sorağı yavaş-yavaş çıxmağa başlayıb. Amma əlbəttə, tam yox. Hətta Ağ Evin qara dərili sahibi bilə-biləmi, yoxsa bilməyərəkdənmi çaşıb Rusiyanın baş naziri olan Vladimir Putinə "baş nazir" əvəzinə, "prezident" deyə müraciət edib. Ola bilər ki, bu qarabala çoxbilmiş Obama bunu qəsdən deyib və işarə edib ki, Dmitri Medvedevi Rusiya hakimiyyət pilləsinin sahibi saymır. Amma balacaboy D.Medvedev də buna elə tərzdə gülüşlə cavab verib ki, Obama rus çarı İvan Qroznının neçə yüz illər bundan əvvəl taxtadan tikdiyi və mərhum Vladimir İliç Leninin çürüdüyü Kremldə olduğunu dərhal anlayıb. ( Eh Obama, Obama. Bu, sənin üçün Ağ Evin həyətində qarpız-yemiş əkib arvad-uşağınla dincəlmək deyil. Bu, Kremldir. Həmin Kreml ki, səndən çox-çox əvvəl Nikson da, Reyqan da, lap elə ata Buş da Moskvaya gəlib başqa cür gedirdilər). Nə isə, dünya Obamanın Moskva səfərini eninə-uzununa şərh edir, amma bu səfərin əsil təəssüratlarını HEÇ KİM BİLMİR. Bəlkə də, Ağ Ev sahibi Kreml dəhlizlərində dünya siyasətinin beş-on il bundan sonrakı xəritəsini cızmaqla məşğul olub. Xüsusilə, daha çox biz qafqazlıların taleyini müəyyənləşdirən, bizim xəbərsiz olduğumuz proseslərin düyməsi basılıb. Onun Moskvada görünməsi hər hansı turist səfəri-filan deyil ki. Özü də Rusiyanın özünə qayıdaraq bütün Avropanı enerji yumruğu ilə hədələdiyi bir vaxtda.
Məncə, B.Obama ən azı qarşıdakı dörd il ərzində işləyəcəyi Rusiyanı və hakimiyyətdə olan "Sankt-Peterburq komandası"nı yaxından tanımaq üçün Kremlə ayaq basmışdı. Amma oradan nə fikirlə çıxıb-çıxmadığını bir özü bilir, bir də V.Putin. Sözsüz ki, Ağ Ev sahibinin Kremlə V.Putinin samovar çayı və rus yeməkləri qonaqlığına qatılmadığı bəri başdan məlumdur. Rusiya genişlənir, dünya siyasətində SSRİ dövründəki kimi nüvə silahı, hərbi doktrina və ya kommunizmi ixrac etməklə deyil, bütün dünya iqtisadiyyatı üçün, xüsusilə, keçən qış soyuqdan qırılan Avropa üçün həyat məsələsi olan QAZ İMPERİYASINA malikdir. Bu faktdır və heç kim bunu dana bilməz. Qərb həm də ona görə qorxur ki, Rusiya neçə əsrdir ki, əlində silaha çevirdiyi, daha çox da bundan zərər gördüyü hədə və güc siyasətini müasir dünyanın əsas "silahı" olan iqtisadi artilleriya ilə əvəz edir. Bu isə, o deməkdir ki, Rusiya indiki iqtisadi "silah"ı ilə əvvəlki əsrlərdən daha güclü mövqeyə sahib olacaq və bunu zəiflətmək Qərb üçün həddindən artıq ağırdır. Çünki ortada hərbi və siyasi deyil, sırf iqtisadi rıçaqlar durur. Bunu aradan qaldırmaq üçünsə Avropa bütünlüklə ən azı bir-iki əsrdən daha çox müddətdə Rusiya ilə mübarizə aparmalı olacaq. Amma əgər Rusiya, daha doğrusu, Rusiyanın sükanı arxasında oturan və Moskvanı yeni tarixə qovuşdurmağa çalışan "Sankt-Peterburq komandası" BUNU BACARSA! Əgər Rusiya yeni əsrdəki mübarizə sistemini dəyişə bilsə, onda Qərb başda olmaqla Moskvaya qarşı duranların işi fırıq olacaq. Yenə də deyirəm, "əgər bacarsa"! Obama isə Moskvadan Putinin yadda qalan samovar qonaqlığı və bir xeyli sirlə, həmçinin, dünyanın gələcəyini müəyyənləşdirən məxfi sənədlərlə Ağ Evə dönür. Həm də bizim bilmədiyimiz və bizi qarşıda gözləyən xeyli qəzavü-qədərlə.

Digər xəbərlər