Radikalların yay istirahəti şousu
Deyəsən, radikal mövqeli partiyalar öz fəaliyyətsizliklərindən beziblər. Çünki müxalifət KİV-lərində belə bir məlumat yayılıb ki, radikal müxalifət yay istirahətinə çıxmaq fikrindədir. Çoxları buna adi hal kimi baxardı. Yəni hər bir kəskin istirahət hüququ var və bunu pisliyə yozmağın heç bir real əsası yoxdur. Ancaq qəzetlərdə söhbət ayrı-ayrı radikal liderlərin yay istirahətinə çıxmalarından getmir. Əksinə, partiyaların qərargahlarındakı işləri dayandırıb, bir neçə ayı istirahətə sərf etmələrindən gedir.
Deyir gülmə qonşuna, gələr başına. Görünür, radikal liderlər üzdə özlərini bir-birilərinə dost kimi təqdim etsələr də, münasibətlər bu dairə həddindən kənara çıxıbmış. Yəni istirahətə bir, iki, hətta üç yox, eyni vaxtda xeyli radikal partiya çıxmaqdadır. Oxucuları fəaliyyətlərini dayandırıb, istirahətə çıxan partiyaların adları ilə tanış edirik. ADP, Müsavat, AXCP (i), "MBH", "Ümid" və adlarını çəkmədiyimiz daha iki bu qədər partiya yay fəslinin sonuna kimi, yəni sentyabrın payız bərabərliyi gününə kimi fəaliyyətini dayandırmağı qət etmişdir.
Gülməli cəhət odur ki, radikal partiya liderləri iyulun 8-də Müsavat qərargahında toplaşıb, bu məsələni müzakirə etmişlər. İ.Qəmbərov siyasi mübarizədə durğunluğun hökm sürdüyünü bəyan edib, yay fəslinin axırlarınadək siyasi proseslərdən uzaqlaşmağın vacibliyini vurğulamışdır. İ.Qəmbərov, həmçinin, "Soros" fondunun ABŞ-dakı ofisinin rəhbərliyi ilə görüşüb, danışıqlar apardığını bildirmişdir. Onun dediyinə görə, fondun Con adlı nümayəndəsi başqana bir müddət siyasətdən uzaqlaşmağın ən optimal çıxış yolu olduğunu anladıbmış.
"Soros" fondu istirahətə çıxan bütün radikal partiyaların hamısını mükafatlandırmaq iqtidarında olduğunu sübut etmək niyyətindədir. Fond bizim radikallara, bütövlükdə, 48 min dollar ayırmışdır. Pulun müəyyən hissəsi respublika hüdudunda istirahət edən radikallar üçün ayrılacaqdır. Liderlər üçün ayrılan məbləğ isə xaricdə istirahət etmək üçün nəzərdə tutulur. Biz bəzi liderlərin harada istirahət edəcəklərini də öyrənməyə müvəffəq olduq. İ.Qəmbərov, Ə.Kərimov və E.Məmmədov Baham adalarına gedəcəklərini bildirirlər. L.Hacıyeva, Sərdar Cəlaloğlu və İ.Ağazadə isə Antalya ilə kifayətlənməli olacaqlar.
AXCP (i) sədrinin müşaviri Fuad Qəhrəmanlı istirahətin şüurun inkişafına müsbət təsir etdiyini və işə başlayanda beyinə yaxşı ideyaların gələcəyini bildirir. Əlbəttə, o, avqustun ortalarına təyin edilmiş AXCP (i) qurultayının baş tutmayacağı təqdirdə, Ə.Kərimovun sədr ömrünün az da olsa uzanacağından narahatlıq keçirdiyini deyir. Çünki F.Qəhrəmanlı istərdi ki, partiya sədri Fuad Mustafayev olsun. Deyəsən, ucdantutma istirahət daxili mübarizəni ən azı iki-üç ay dala atmalı olacaqdır.
AMİP-in baş katibi Fuad Muxtarov radikalların kütləvi istirahət aksiyasını ruh yüksəkliyi ilə qarşıladığını bildirir. Onun dediyinə görə, E.Məmmədovun yaxşı istirahət etməsi AMİP liderini Pənah Hüseynovdan daha əfzəl "ideya generator"una çevirə bilər. Bu isə payızda AMİP-in digər radikalların fövqündə durmağa kömək edərdi. Bundan sonra xaricdən axan qrantlar E.Məmmədova çatsa da, F.Muxtarova da "qənədindən, quyruğundan" bir şey düşəcəkdir. "Nəsə, Allaha təvəkkül" deyən F.Muxtarov payızda vəziyyətin daha yaxşı olacağını qeyd etdi.
"Ümid" partiyası Ali Məclisinin sədri Ənvər Ağayev, ADP-nin sədr müavini Zakir Hüseynli, ALP-nin sədr əvəzi Əvəz Temirxan mənasız-məqsədsiz siyasətdən yorulduqlarını bəyan etmiş, partiyaların müvəqqəti də olsa, buraxılmasının sevindirici hal olduğunu bildirmişlər. ADP sədri Sərdar Cəlaloğlu isə ümidvar olduğunu bildirir ki, digər müxalifət partiyalarının lider və funksionerləri də radikalların bu hərəkətlərinə öz münasibətlərini bildirəcəklər. Hələlik, onu demək istəyirik ki, "yay istirahəti" şousu sırf şou xarakteri daşımır. Harada, az da olsa, qazanc varsa, radikallar da o səmtə istiqamətlənməyi üstün tuturlar. Bu dəfə də belə oldu. Əgər "Soros" fondu istirahət üçün maliyyə yardımı ayırırsa, radikallar hansı əsasla bu vəsaiti almaqdan imtina etməlidirlər?
Göründüyü kimi, radikallarda imtina etmək şakəri yoxdur. Məhz bu səbəbdən, onlar "Soros" fonduna doğru addım atmağı lazım bilmişlər. Sabah deyilsə ki, kosmosa çıxmaq üçün vəsait ayrılır, yəqin ki, radikallar növbədə ön sırada dayanardılar.