Azərbaycan milli-mənəvi dəyərlərinin, mədəniyyət və incəsənətinin qorunub inkişaf etdirilməsi, onun təbliği dövlətin daim diqqətində duran məsələlərdən biridir. Dövlətimiz müstəqilliyini əldə etdiyi zamandan bu günə qədər, bir sıra sahələrdə olduğu kimi, qeyd etdiyimiz sahədə də uğurlu nəticələr əldə olunmuşdur. Mədəniyyət və incəsənətə göstərilən qayğı, mədəniyyət müəssisələrində aparılan quruculuq və abadlıq işləri milli dəyərlərimizə, kökümüzə olan bağlılıqdan irəli gələn amildir. Milli dəyərlərimizdə, adət və ənənələrimizdə çoxəsrlik tariximiz yaşayır. Dövlətin mənəvi dəyərlərimizə olan diqqəti və həyata keçirilən layihələrin müsbət nəticələri bu gün bizə deməyə əsas verir ki, Azərbaycanda aparılan dəyişiklik və quruculuq işləri hər sahədə, o cümlədən, mədəniyyət aləmində də özünü göstərir. Müsahibim olan Azərbaycan Milli Mədəniyyətinin Təbliği Mərkəzini direktoru, yazıçı-dramaturq Arif Mədətov da elə müasir dövrümüzdə mənəvi dəyərlərimizə, mədəniyyətimizə göstərilən qayğının fərəhləndirici məqamlarına toxunub, mədəniyyətimizin təbliği istiqamətində görülən işlərə aydınlıq gətirdi:
- Müasir həyatımızda Azərbaycan milli mədəniyyətində böyük dəyişikliklər mövcuddur. Dəyişikliklər xalqın diqqətindədir. Milli muğamın dünyanın şah əsərləri siyahısına daxil edilməsi bu uğurların ən möhtəşəm hadisələrindən biridir. Qısa bir zamanda diqqətiçəkən, mühüm əhəmiyyət kəsb edən belə məqamlar Azərbaycan milli mədəniyyətinin səhifələrinə yazılmışdır ki, bunlar da bizim sənət tariximizdə əksini tapır. Təbii ki, mövcud olan dəyişikliklərin səbəbi, tərəfləri, formaları vardır. Qeyd edim ki, ötən əsrin 70-ci illərindən başlayaraq, Azərbaycan milli muğamında geriləmələr nəzərə çarpırdı ki, bu da muğam janrında müəyyən qədər durğunluqla nəticələndi. Muğam ifaçıları bu sənətdən uzaq düşdülər, bəzilər isə dünyalarını dəyişdilər. XX əsrin 60-cı illərində yaşayan muğam ifaçıları mövcud olan nəfəslər, böyük sənətkarların məktəbi üzərində yaradıcılıq yolun davam etdirirdilər. Bu tərzdə ifaçılıq sənətini davam etdirmək, dəsti-xətdən kənara çıxmamaq onların əsas amal idi ki, bu da professional şəkildə muğamı yaşatmağa əsas verirdi. Yaradıcılıq yolunu davam etdirmək üçün başqa yol da yox idi. Çünki bu yolun əsasını böyük sənətkarlarımız qoymuşdular. Muğam sənəti unudulmaz, korifey sənətkarımız Xan Şuşinski zirvəsində aydın və parlaq görünürdü. Mən deyərdim ki, Xan Şuşinski zirvəsi muğamın səs zirvəsidir ki, bu janrın da ifaçıları oraya çatmağa çalışırdılar.
Hələ bu zirvəyə çatmaq mümkün deyil, bu böyüklükdür, bu böyüklükdə nəhənglik var idi. Muğam sənətində Xan Şuşinski var idi. O nəfəsin səs ailəsinə daxil olan Yaqub Məmmədov, Mütəllim Mütəllimov, Canəli Əkbərov, Arif Babayev, Əlibaba Məmmədov kimi sənətkarlar bu dəsti-xətdən qidalanaraq sənət aləminə yol açıb, özünəməxsus ifa tərzlərin ortaya qoya bildilər. Sonralar bu sənətkarların davamçıları yetişməyə başladı ki, bu da zəif formada özünü göstərə bildi. Bu, muğam sənətinə olan laqeyd, soyuq münasibətin nəticəsi idi.
2000-ci illərdə muğam janrında dözülməz vəziyyət yaranmışdır. Daxilimdəki qürur, azərbaycançılıq hissi məni rahat buraxmırdı. Hələ Leninqradda (indiki Sankt-Petrburq) Ali Estetika kursunda dərs alıb, Azərbaycana qaydarkən respublikanın rayonlarında səs axtarmağa başladım. Yeri gəlişkən deyim ki, mən hər zaman gözəl səs sorağındayam. Səs muğam sənəti üçün birinci olan şərtlərdəndir. Bunu unutmaq olmaz. Böyük bir səslə, xalq üçün etalon olan bir səslə muğamın ifası qəbul olunur, buna təlabat duyulur. Gözəl və düzgün səs qəbul olunmuş çərçivədə ifa zamanı alqışlarla qarşılanır. Muğam sənəti səsə bağlıdır. Muğamın böyüklüyünü göstərmək, muğam ifaçısı olmaq üçün səs lazımdır. Səsi göstərib nümunə götürmək vacibdir. Səsin insana hansı dərəcədə təsiri var, onu izah belə etmək mümkün deyil.
2005-ci ildə səs sorağı ilə ilk dəfə olaraq "Havalansın Xanın səsi" adlı muğam müsabiqəsi keçirməyə qərar verdim. Bu müsabiqənin böyük nəticələri oldu və bu ərəfədə muğam müsabiqələri dövlət səviyyəsində keçirilməyə başladı. İlk olaraq müsabiqə SMS-lə başladı. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, Mehriban xanım Əliyevanın təşəbbüsü və göstərişi əsasında muğam müsabiqələrinə start verildi. SMS-siz olaraq Azərbaycan muğamında nailiyyət olan muğam müsabiqəsi böyük uğurlara imza atdı. Nəticəsi hər birimizə aydındır. Nəticə o dərəcədə gözəl oldu ki, musiqinin müxtəlif janrlarına maraq göstərənlər muğama meyil göstərdilər. Hətta estrada janrının ifaçıları muğam dərsləri almağa başladılar.
- Bu müsabiqələrin əhəmiyyətli cəhətlərindən biri də bu oldu ki, yaş həddləri götürüldü...
- Etiraf edək ki, muğam müsbiqələrində yaş həddinin götürülməsi bu sənətə maraq hissini gücləndirdi. Xüsusilə də, gənclər arasında bu sənətə, mübaliğəsiz desək, bir axın yaratdı. Bu, təqdirəlayiq haldır. Mən müsabiqə keçirdiyim zaman səs sorağı ilə Asəf Zeynallı adına Musiqi Məkəbində təhsil alan yeniyetmələrin arasında oldum. İndi muğam müsabiqəsində öz səslərinin möhtəşəmliyini göstərən İlkin, Babək hələ o zaman tanınmamışdılar. Onların səslərini çox bəyəndim və bir daha qənaətə gəldim ki, yaş həddinin qoyulmasına ehtiyac yoxdur. Muğam sənətində yolu olan 50-dən artıq yaş həddində ifaçıların bir qismi bu sənətdən uzaqlaşdılar. Yaxşı olardı ki, müasir dövrümüzdə 70 yaşdan yuxarı olan muğam ifaçısı öz varlığını ortaya qoysun, fundamental ifaçılıq nümayiş etdirsin. Düzdür, müasir sənət aləmində qeyd olunan yaş həddində ifaçılarımız var, amma çox az saydadır. Cabbar Qaryağdıoğlu 70 yaşıda "Heyratı" oxuyurdu. Halbuki bu muğam yüksək səs tələb edir.
- Arif müəllim, etiraf edək ki, milli musiqimizə, dəyərlərimizə bu qədər yüksək səviyyədə dövlət qayğısı olduğu halda, televiziya kanallarında şou əhlinin "parlaq" nümayəndələrinə geniş meydan verilir. Belə zövqsüz, dəyəri olmayan ifaçıların, "musiqi nömrələrinin" təbliğinə ehtiyac varmı?
- Müasir dövrümüzdə, əfsuslar olsun ki, hər gün tamaşa etdiyimiz efirlərdə mövcud biabırçılıqlara son qoyulmalıdır. Efirlərdə canlı olaraq pop, meyxana müsabiqələri keçirilir. Nə qədər meyxana müsabiqəsi təşkil etmək olar? Meyxana xaraktercə bizim folklor nümunəmizdir. Bunu qəbul edirik. Məhəllə xarakterli, Bakı kəndlərində olan deyişmələrdir. Bu, əsasən, toylarda olan deyişmədir. Sözün mənşəyindən göründüyü kimi mey - içki, xanə - ev deməkdir. Məfhum mey,şərab içilən məclis mənasını ifadə edir. Hələ sovet məkanında yaşadığımız zaman meyxana mövcud idi. Amma müəyyən qadağalar əsasında. Meyxana sənəti sovet ideologiyasına zidd bir anlayış idi. Müstəqillik dövründə milli kökə, qaynaqlara önəm verildiyi zamanda ideologiyamıza zidd olmasa da, ifrat dərəcədə təbliğinin müəyyən mənfi tərəfləri var. Muğam sənətinin yüksək səviyyədə inkişafda olduğu zamanda buna ehtiyac duyulmur.
Təkcə televiziya ekranlarında meyxananın təbliğinin dayandırılması ilə bizim işimiz bitmir. Ümumilikdə, televiziya kanallarında bayğı, zövq korlayan, başağrısı verən musiqilərin təqdimi tamaşaçını usandırıb. Bu, bir qrup səviyyəcə aşağı olan şəxslərə xoş ola bilər. Kökü, xarakteri bəlli olan insanlar tarixən bu məzmunda olan musiqiləri dinləməyiblər, dinləmirlər də. Biz hər şeyi Avropa dəyərləri ilə ölçə bilmərik, Hansısa bir işdə Avropa dövlətlərindən geri qalırıqsa, o halda milli-mənəvi dəyərlərimizi, sənət xüsusiyyətlərimizi nəzərə alıb, qəbul etməliyik. Milli xarakterimizə uyğun olan nə varsa yalnız onları qəbul edə bilərik. Azərbaycan musiqisini dünya ölkələri heyrətlə dinlədiyi halda, onda biz nəyə görə yad elementləri milli musiqimzə əlavə etməliyik.
Bu gün dünya şöhrətli cazmen Vaqif Mustafazadənin qızı Əzizə Mustafazadə dünyanı heyrətənidirir. Onun Amerikada keçirilən Beynəlxalq Caz Müsabiqəsində birincilik qazanması Azərbaycanın uğuru idi. Bunun musiqişünaslar səbəbini çox araşdırdılar. Nəticə əldə olunmadığı halda, Əzizə xanıma müraciət olundu ki, bu nə möcüzəli xallardır vurursan? O isə Azərbaycan muğamına xas olan xalların caz musiqisinə əlavə olunduğunu bildirib. Cazla muğamın sintezinin gözəlliyi dünyanı heyrətə gətirib. Belə musiqi ənənələrinə malik olan xalqın bayağı musiqiyə ehtiyacı varmı?
Mən bir daha "Səs" qəzet vasitəsilə muraciət edirəm və xahiş edirəm ki, bayağı musiqilərə yer verməsinlər, xalqın ruhu milli musiqimiz üzərində köklənib. Hətta şadlıq evlərində son dərəcədə ifrata yol verib, səsi, zövqü sənəti olmayan "musiqiçilərə" də yer verməyə lüzum yoxdur. Düzdür, bunlar şəxsi sahibkarlıqdır, biz kiməsə söz deyib, irad tutmağa haqlı deyilik. Amma xalqın musiqi sənətindən sui-istifadə etmək yaramaz. Mən demirəm ki, toy şənliklərində sırf Azərbaycan muğamları səsləndirilsin, yox. Xalq musiqisinə, estradaya, bəstəkar mahnılarına, rəqs nömrələrinə yer verilsin. Xalqın kifayət qədər ritmik musiqisi var. Kütləvi olaraq bayağı musiqi ifaçılarına və təbliğatçılarına qarşı mübarizə aparılmalıdır. Mənəviyyatımıza ciddi zərbə vuranlara qarşı tədbirlər görülməlidir. Xalqın mənəvi xəzinəsi qorunmalıdır. Gənc nəslin bir qismi bu musiqiyə meyillidir.
Televiziya ekranlarında onların reklamına saatlarla yer verilməsi və kor-koranə bayağılıq yetişən nəslə təbliğ olunur. Belə musiqilərin qarşısında biz dözüm gətirib, tam təsir altına düşmürüksə, demək böyük insanlarıq. Bayağılıq nümayiş etdirən insanlar deyil, bunu təbliğ edənlər günahkardır. Bu, nə qədər davam edəcək, görəsən? Mahnıların mətnində şeiriyyət, qafiyə yoxdur. Nəsr nəzm kimi qəbul etdirilir. "Şou xəbərlər"ə baxmaq belə mümkün deyil, kiminsə pişiyi, iti xəstələnib, kimsə kiminsə haqqında xoşagəlməz söz deyib, olmaz, ayıbdır. Bunların nöqtəsi qoyulmalıdır. Musiqimizə dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Bu hallar milli musiqimizə, mədəniyyətimizə qarşı antitəbliğatdır.
Mədəniyyət iki xarakterdədir. Milli və ümumi bəşəri mədəniyyət. Milli mədəniyyəti əxz etməsək, bəşəri mədəniyyətdən danışmağa belə dəyməz. Üzeyir Hacıbəyli milli operanın təmilinin necə qoydu? Təbii ki, özümüzdən, öz kökümüzdən qaynaqlandı. Şopenin, Bethovenin yaradıcılıq nümunəsini milli musiqimizə daxil edib, dünya musiqi sənətinin hansı yolda və inkişafda olduğunu bizə göstərmədi. İlk olaraq özünü tanımalısan, özünün mənini müəyyən etməlisən. Biz artıq inkişafda olan bir xalqıq, sovet rejiminin məngənəsindən azad olmuşuq. Hər iki ictimai formasiyada yaşayan nəslin nümayəndəsi olduğumuz üçün xoşbəxt insanlarıq. O dövrdə də, bu dövrdə də hadisələr gözümüz önündə baş verir. Müstəqillik dövründə mənim pyeslərim ardıcıl olaraq tamaşaya qoyuldu. Sovet ideologiyası isə mənim əsərlərimin səhnə həyatı yaşamasına sədd çəkmişdir.
Ağdam Dövlət Dram Teatrında "Həqiqət" pyesimi səhnələşdirməyə imkan verilmədilər. Pyes 1979-cu ildə teatrda oxunub yüksək səviyyədə qəbul olunsa da, əsərdə raykom katibi tənqid olunduğundan kənara qoyuldu. Biz sovet dövrünün ağır işgəncələrindən xilas olmuşuq. Mənim bu yaxınlarda 4 pyesimin toplusu olan "Şeytan" kitabım çapdan çıxıb. Kitaba daxil olan "Aylı gecə" və "Şeytan" pyeslərim Milli Dram Teatrının səhnəsində tamaşaya qoyuldu. Lənkəran Dövlət Dram Teatrı "Sezarın qətli" pyesimi səhnələşdirdi. Tamaşa anşlaqla keçir. Naxçıvan, Gəncə, Şəki Dövlət Dram Teatrında pyeslərim tamaşaya hazırlanır. Bu demokratiyanın, müstəqilliyin mənə verdiyi uğurdur. Bəlkə də, elə bu uğurlar ətrafımda və həyatımda baş verdiyi üçün mən "Uğur" mükafatını təsis etmişəm. "Uğur" mükafatı 2005-ci ildən etibirən yeddi nominasiya üzrə incəsənət xadimlərinə təqdim olunur.
Bu gün müsəqil dövlətin vətəndaşıyıq. Xoşbəxtik ki, belə dövlətdə yaşayırıq və İlham Əliyev cənabları kimi prezidentimiz var. O, xalqın gələcək həyatı, sosial rifahının yüksəlməsi üçün məqsədyönlü fəaliyyət göstərir. Gəlir gətirməyən sahələrə dövlət büdcəsindən maliyyə ayrılır. Bütün bunlar əhalinin həyat rifahının yüksəlməsi məqsədi daşıyır. Məktəblərin təmir və inşası, yolların, parkların, körpülərin, yeraltı və yerüstü keçidlərin salınması və s. gəlir gətirmədiyi halda, bunlara pul ayrılır. Dövlətin əhalisinə, vətəndaşına bundan böyük qayğısı ola bilərmi? Milli musiqimizə olan diqqət göz önündədir. Bunları dərk etməliyik, təfəkkürümüzün süzgəcindən keçirməliyik ki, əhəmiyyət və mahiyyətini dərindən başa düşə bilək. Dövlətin ideologiyasını anlamaq lazımdır. Varlığını dərk edib, kimliyini ortaya qoymalısan. Bütün bunları deməkdə məqsədim budur ki, muğam sənəti inkişafdadır və bu janra dövlət səviyyəsində münasibət mövcuddur.
- Yaxşı olardı ki, sonda qısa şəkildə mərkəzin fəaliyyəti və görüləcək işlərlə bağlı məlumat verəsiniz?
Milli Məclisin növbədənkənar iclasının son günü AXP-nin keçmiş sədri, millət vəkili Pənah Hüseynovun pafoslu çıxışına hiddətlənən müxalifət funksionerlərindən Elman Hümbətov, Sahibə Nəzirzadə, Davud Xəniyev bildiriblər ki, artıq özlərini müxalifət adlandıranlar düşərgədə fırıldaqçı kimi tanınırlar. 15-20 il bu yolu gedə-gedə hansı oyunlardan çıxmaqları barədə şərh verməyə ehtiyac duymuruq. Gərək nə qədər abarsız olasan ki, hər seçkidən biabırçı məğlubiyyətə düçar olduqdan sonra yenidən ictimaiyyət qarşısına çıxıb deyəsən ki, bu dəfə "qələbə bizimdir".
Müxalifət funksionerləri seçki ərəfəsi liderlər arasında baş verən qalmaqaldan da danışıblar. Bildiriblər ki, qarşıdakı bələdiyyə seçkiləri ərəfəsində də eyni proses baş verməkdədir. Demək olar ki, onların əksəriyyəti öz ətraflarına siyasi qurumlar cəmləşdirərək, düşərgədəki rəqiblərinə qurşaqdan aşağı zərbələr endirməyə başlayıb və bu, açıq şəkildə reallaşdırılır. Doğrudur, onsuz da neçə illərdir ki, radikal düşərgədə elementar siyasi əxlaq qaydalarını ayaqları altına atmış və bir-birlərini ailə-məişət zəminində ittiham edən müxalifət rəhbərlərindən, nəsə başqa bir addım gözləmək müsbət nəticə verməyib.
Bizə yaxın mənbənin məlumatına görə, guya Müsavat başqanı İsa Qəmbərovla "Yurd" şefi Əli Kərimov arasında danışıqlar aparılır. Lakin bu bir həqiqətdir ki, bu iki radikal müxalifət partiyası arasında əməkdaşlıq mümkünsüzdür. Yaranmış vəziyyəti daha aydın görmək üçün istər prezident, istərsə də referendum ərəfəsində müxalifətin ümumi panoramasına nəzər yetirmək kifayətdir. Belə ki, düşərgədaxili inteqrasiya, daha doğrusu, müxalifət partiyalarının qarşıdakı növbəti bələdiyyə seçkilərində əməkdaşlıq məsələsi, demək olar ki, dalana dirənib.
ADP sədri Sərdar Cəlaloğlu müxalifət düşərgəsində olan partiyaların əməkdaşlıqdan danışmağın mümkünsüz olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkədə keçirilən bütün seçkilər ərəfəsi düşərgədə "birlik" və yaxud da "əməkdaşlıq" ideyasını ortaya atmaqla, özlərinin varlıqlarını nümayiş etdirmək istəyir. Lakin həqiqəti danmaq qeyri-mümkündür. Çünki hazırkı situasiyada müxalifət partiyalarının arxasınca gedəcək bir nəfər də olsun adam tapmaq mümkün deyil.
S.Cəlaloğlunun sözlərinə görə, ADP rəhbərliyinə daxil olan şəxslər hesab edirlər ki, konstruktiv müxalifət yalnız iqtidarla küçələrdə vuruşmaq, döyüşmək formasını deyil, həm də əməkdaşlıq formasını ortaya qoymalıdır: "Dağlıq Qarabağ məsələsində bütün beynəlxalq təşkilatlar Ermənistanla Azərbaycanı əməkdaşlıq etməyə çağırır. İqtidar-müxalifət münasibətlərində də yalnız qarşıdurma mübahisə deyil, qarşılıqlı uzlaşma ilə münasibətlər qurmaq lazımdır. Bu, nə mənim, nə də başqasının kəşfidir. Dünyanın hər yerində belədir ki, iqtidar və müxalifət partiyaları bir çox halda koalisiya yaradıb, yeni qüvvə kimi cəmiyyətdə müəyyən dəyişikliklər etməyə nail olub. Əsas məqsədimiz Azərbaycanda münasibətləri yeni müstəviyə çıxarmaq, siyasi situasiyanı dəyişdirməkdir. Ona görə də, yolumuzu aydın və düzgün olaraq müəyyən etmişik. ADP müstəqil partiya olduğu üçün müstəqil xətt yürüdür".
Beləliklə, Azərbaycanda siyasi ab-hava dəyişmək üzrədir. Qarşıdakı bələdiyyə seçkisində məğlubiyyətə uğrayacağına yüz faiz əmin olan radikallar, müxtəlif bəhanələr və böhtanlarla ölkədə siyasi qarışıqlıq yaratmağa çalışırlar. Məhz bu səbəbdən də, müxalif düşərgədə mübarizə müxalifət-iqtidar müstəvisindən, müxalifət-müxalifət müstəvisinə keçib. Ona görə də, radikalların çıxış yolu onların siyasi səhnədən birdəfəlik silinməsindədir.