PDF Oxu

Köşə

  • 14

Müxalifət funksionerləri düşərgəni tərk edir

Müxalifət funksionerləri düşərgəni tərk edir
Milli Məclisin növbədənkənar iclasının son günü AXP-nin keçmiş sədri, millət vəkili Pənah Hüseynovun pafoslu çıxışına hiddətlənən müxalifət funksionerlərindən Elman Hümbətov, Sahibə Nəzirzadə, Davud Xəniyev bildiriblər ki, artıq özlərini müxalifət adlandıranlar düşərgədə fırıldaqçı kimi tanınırlar. 15-20 il bu yolu gedə-gedə hansı oyunlardan çıxmaqları barədə şərh verməyə ehtiyac duymuruq. Gərək nə qədər abarsız olasan ki, hər seçkidən biabırçı məğlubiyyətə düçar olduqdan sonra yenidən ictimaiyyət qarşısına çıxıb deyəsən ki, bu dəfə "qələbə bizimdir".
Müxalifət funksionerləri seçki ərəfəsi liderlər arasında baş verən qalmaqaldan da danışıblar. Bildiriblər ki, qarşıdakı bələdiyyə seçkiləri ərəfəsində də eyni proses baş verməkdədir. Demək olar ki, onların əksəriyyəti öz ətraflarına siyasi qurumlar cəmləşdirərək, düşərgədəki rəqiblərinə qurşaqdan aşağı zərbələr endirməyə başlayıb və bu, açıq şəkildə reallaşdırılır. Doğrudur, onsuz da neçə illərdir ki, radikal düşərgədə elementar siyasi əxlaq qaydalarını ayaqları altına atmış və bir-birlərini ailə-məişət zəminində ittiham edən müxalifət rəhbərlərindən, nəsə başqa bir addım gözləmək müsbət nəticə verməyib.
Bizə yaxın mənbənin məlumatına görə, guya Müsavat başqanı İsa Qəmbərovla "Yurd" şefi Əli Kərimov arasında danışıqlar aparılır. Lakin bu bir həqiqətdir ki, bu iki radikal müxalifət partiyası arasında əməkdaşlıq mümkünsüzdür. Yaranmış vəziyyəti daha aydın görmək üçün istər prezident, istərsə də referendum ərəfəsində müxalifətin ümumi panoramasına nəzər yetirmək kifayətdir. Belə ki, düşərgədaxili inteqrasiya, daha doğrusu, müxalifət partiyalarının qarşıdakı növbəti bələdiyyə seçkilərində əməkdaşlıq məsələsi, demək olar ki, dalana dirənib.
ADP sədri Sərdar Cəlaloğlu müxalifət düşərgəsində olan partiyaların əməkdaşlıqdan danışmağın mümkünsüz olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkədə keçirilən bütün seçkilər ərəfəsi düşərgədə "birlik" və yaxud da "əməkdaşlıq" ideyasını ortaya atmaqla, özlərinin varlıqlarını nümayiş etdirmək istəyir. Lakin həqiqəti danmaq qeyri-mümkündür. Çünki hazırkı situasiyada müxalifət partiyalarının arxasınca gedəcək bir nəfər də olsun adam tapmaq mümkün deyil.
S.Cəlaloğlunun sözlərinə görə, ADP rəhbərliyinə daxil olan şəxslər hesab edirlər ki, konstruktiv müxalifət yalnız iqtidarla küçələrdə vuruşmaq, döyüşmək formasını deyil, həm də əməkdaşlıq formasını ortaya qoymalıdır: "Dağlıq Qarabağ məsələsində bütün beynəlxalq təşkilatlar Ermənistanla Azərbaycanı əməkdaşlıq etməyə çağırır. İqtidar-müxalifət münasibətlərində də yalnız qarşıdurma mübahisə deyil, qarşılıqlı uzlaşma ilə münasibətlər qurmaq lazımdır. Bu, nə mənim, nə də başqasının kəşfidir. Dünyanın hər yerində belədir ki, iqtidar və müxalifət partiyaları bir çox halda koalisiya yaradıb, yeni qüvvə kimi cəmiyyətdə müəyyən dəyişikliklər etməyə nail olub. Əsas məqsədimiz Azərbaycanda münasibətləri yeni müstəviyə çıxarmaq, siyasi situasiyanı dəyişdirməkdir. Ona görə də, yolumuzu aydın və düzgün olaraq müəyyən etmişik. ADP müstəqil partiya olduğu üçün müstəqil xətt yürüdür".
Beləliklə, Azərbaycanda siyasi ab-hava dəyişmək üzrədir. Qarşıdakı bələdiyyə seçkisində məğlubiyyətə uğrayacağına yüz faiz əmin olan radikallar, müxtəlif bəhanələr və böhtanlarla ölkədə siyasi qarışıqlıq yaratmağa çalışırlar. Məhz bu səbəbdən də, müxalif düşərgədə mübarizə müxalifət-iqtidar müstəvisindən, müxalifət-müxalifət müstəvisinə keçib. Ona görə də, radikalların çıxış yolu onların siyasi səhnədən birdəfəlik silinməsindədir.

Digər xəbərlər