Etibar Məmmədov israfçılıqda ittiham edilir
AMİP ətrafında ən böyük hay-küy 2005-ci ilin dekabrında Etibar Məmmədovun sədr postundan istefa verməsi haqda xəbər yayıldıqdan sonra baş vermişdi. E.Məmmədov heç bir vəchlə kütləni idarə edə bilmədiyini yəqin edib, AMİP sədrliyindən istefa verməyi lazım bilmişdi. Səbəbini soruşduqda, kütlələrin önündə dura bilmirsənsə, onun arxasınca sürünməyin heç bir mənası yoxdur, cavabını vermişdi. Buna qədər E.Məmmədov Ə.Vəzirov, A.Mütəllibov və Ə.Elçibəy hökumətlərindən yerli icra hakimiyyəti orqanlarını öz nəzarəti altına almaq hüququnu təmin etmək istəməsi ilə yadda qalmışdı. Nəticədə heç bir iqtidar təmsilçisi onun istəyini gerçəkləşdirməmişdi.
E.Məmmədov sədr postuna Əli Əliyevi təyin etdikdən sonra partiya iki bərabər hissəyə parçalanmışdı. Ə.Əliyev öz "VİP"-ini "Azadlıq" blokunun sıralarında saxlamışdı. Növbəti AMİP sədri Ayaz Rüstəmov kadr axınının qarşısını ala bilmədiyi üçün istefaya çıxmalı olmuşdu. O vaxtdan etibarən, partiya sədrsiz qalmışdı. Çox-çox sonralar Fuad Muxtarov AMİP-in sədr əvəzi vəzifəsini icra etmişdir. O vaxtdan indiyədək partiyada heç bir dəyişiklik müşahidə edilmir.
Son vaxtlar E.Məmmədovun Böyük Britaniyanın "Mikolovi" fondu ilə apardığı maliyyə fırıldağı haqqında xəbər şimşək kimi çaxmışdır. Söhbət E.Məmmədov fonddan aldığı və partiya üçün xərclədiyi puldan gedir. Bu pul isə nə az - nə çox, təxminən 85 min dollar məbləğindədir. Bu gün AMİP funksionerləri E.Məmmədovu açıq şəkildə ittiham etməyə başlamışlar. Hadisənin mahiyyətini necə izah etmək olar? Bu məsələdə E.Məmmədovu qınamaq olarmı?
Hadisələrin gedişini diqqətlə nəzərdən keçirdikdə, məlum olur ki, haqqında söhbət gedən "Mikolovi" fondu ötən 2008-ci ildə AMİP-ə maraq göstərib. Daha sonra fond nümayəndələri E.Məmmədova məktub göndərib onunla əməkdaşlıq əlaqələri qurmaq istədiklərini bildirmişlər. Fonda rəsmi müraciət edən E.Məmmədov bu əməkdaşlıqda marağı olduğunu bildirmişdi. 2008-ci il 17 fevralda fondun nümayəndəsi Frenk Bakıda E.Məmmədovla görüşmüşdür.
Xeyli məsləhət-məşvərətdən sonra tərəflər əməkdaşlıq əlaqələri qurmaq üçün razılıq əldə etmişlər. E.Məmmədov görüləcək işlər haqda Frenkə layihə təqdim etmişdir. Yalnız bu rəsmiyyətçilikdən sonra fond rəhbərliyi 2099-cu ilin mayında E.Məmmədova 85 min 300 dollar vermişdir. Bu pul bütövlükdə AMİP-ə yeni üzvlərin qəbulunda xərclənməli idi.
Bəs E.Məmmədov pulları hara xərcləmişdir? E.Məmmədovun "Mikolovi"dən aldığı məlum məbləğ haqda AMİP-də kiminsə xəbəri var idimi? Ancaq son günlər məlum olur ki, E.Məmmədov fonddan aldığı pul haqda heç kimə məlumat verməyibmiş. O da məlum olub ki, AMİP-ə yeni üzvlərin qəbul olunması yönündə hər hansı bir iş aparılmamışdır. Əksinə, qısa vaxt ərzində AMİP-in sıralarını tərk edənlərin sayı daha çox olmuşdur. Bu hal fond üzvlərinin ciddi narahatlığına səbəb olmuşdur.
Bundan sonra Böyük Britaniyanın "Mikolovi" fondu nümayəndəsi Frenkə xüsusi tapşırıq vermişdi. Bu tapşırığa əsasən, E.Məmmədov fəaliyyətsizliyinə görə ifşa edilməli idi. Frenk AMİP-in sədr əvəzi Fuad Muxtarova məktubla müraciət edib, hadisə haqda ona müfəssəl məlumat vermişdir. F.Muxtarov E.Məmmədovla görüşüb, partiyanın fonduna müəyyən məbləğ keçirəcəyi təqdirdə, faktları açıqlamayacağını bəyan etmişdi. E.Məmmədovun rədd cavabı alan F.Muxtarov məsələni AMİP-in Mərkəzi Şurasının müzakirəsinə çıxarmışdır.
AMİP-in sədr müavinləri Əli Orucov, Əli Ələkbərov, Fəridə Mahmudova E.Məmmədovdan izahat verməyi tələb etmişlər. Mərkəzi Şura üzvləri tezliklə hüquq-mühafizə orqanı əməkdaşlarına müraciət edəcəklərini bəyan etmişlər. Yığıncağa gəlməkdən imtina edən E.Məmmədov çox qısa və lakonik danışmağı vacib hesab edir və "Mənim üçün quru partiyadan pul daha vacibdir" deyir.
Bu gün AMİP-də yaşanan qalmaqal özünün kulminasiya nöqtəsinə qalxmışdır. Artıq AMİP-də ağız deyəni qulaq eşitmir. E.Məmmədovun kölgəsini qılınclayanlar çox olsa da, onu dəstəkləyənlərin də səsləri eşidilməkdədir. Belələri təxribata uymamağı və faktın doğruluğunu yoxlamağı məsləhət görürlər. Hücumçular isə E.Məmmədovun partyadan uzaqlaşmasını və sədr vəzifəsinə daha insaflı adamın təyin edilməsini tələb edirlər.