PDF Oxu

Köşə

  • 9

Rusiya bizim üçün kimdir?

Rusiya bizim üçün kimdir?
Rusiya - bu ad bizim taleyimizə elə qəribə yazılıb ki. Çünki adamların olduğu kimi, ölkələrin də öz taleləri var və heç kim bu TALEDƏN qaça bilməz! Yadıma gəlir, uşaq olanda təsərrüfat sahəmizin yanından keçib üzü Rusiyaya gedən dəmiryolunun yanında durub, gedib-gələn qatarlara tamaşa etməkdən doymazdım. Allah ölənlərinizə rəhmət eləsin, azı qırx ildən çox müddətdə Dəvəçi rayonunda briqadir, suçu işləyən və bu torpaqlara yaxşı bələd olan rəhmətlik atamdan hər dəfə soruşurdum ki, bu qatarlar üzü bu yana hara gedir? Atam qayıtdı ki, "bu yol Rusiyaya aparır, oğlum, özü də ən yaxın qonşumuza". Rusiya, yəni, bu yaxın qonşu mənim uşaqlıq aləmimdə elə qəribə canlanırdı ki. Mən də istəyirdim ki, o qatarlarla birlikdə yaxın qonşumuza qanadlanım. Bütün yollar Romaya apardığı kimi, bu qatarlar da Rusiyaya aparırdı. O vaxtın kənd-kəsək uşaqları üçün yenilik axtarmaq, qol-qanad çalıb uzaqlara getmək, bir sözlə, HƏYATA ATILMAQ elə şirin arzu idi ki.
Srağagün Rusiya prezidenti Dmitri Medvedev Bakıya gələndə, təxminən xəyalımda Dəvəçidən Rusiyaya keçib gedən o qatarlar və o tıqqıltılar altında beynimdə canlandırdığım uşaqlıq arzularımı xatırladım. Bəli, Rusiya nə deməkdir? O dünya üçün nəhəng supergüc, ABŞ və Avropa üçün daimi "mehriban düşmən", Ermənistan üçün əbədi himayədardırsa, bəs bizim üçün NƏDİR? Bax əsas məsələ bununla bağlıdır. İndiyə qədər tariximizin bir çox hissəsi bu ölkə ilə, bu və digər şəkildə bağlı olub. İstər yaxşı, istərsə də çox qismdə olsa belə, tariximizin bir çox səhifələrində onun İZİ VAR. Rusiya Qafqaz üçün imperiya qorxusu rolunu daha çox oynayıb. Hələ ki, Qafqaz uğrunda əməllicə döyüşə atılan "Şimal ayısı" bütün məqamlarda dünyadakı mövqelərini qaytarmaq məsələsində heç kimə güzəşt etmək niyyətində olmadığını nümayiş etdirir. Bəli, Moskva yenidən keçmiş SSRİ vaxtındakı mövqelərini geri qaytarmağa başlayıb və əvvəllər də dediyimiz kimi, Vladimir Putin-Dmitri Medvedev cütlüyü böyük Rusiya yaratmaq üçün tarixi prosesə girişiblər. Onlar XXI və XXII əsrin Rusiyasını yaratmaq istəyirlər. Rusiya açıq şəkildə dünya siyasətindəki mövqelərini yenidən nəzərdən keçirir və proseslər bu cür də davam etsə, o zaman Kremlin Yaxın Şərqdən tutmuş, Şərqi Avropa ölkələrinə qədər iqtisadi sahədə keçmiş SSRİ-dəki mövqelərini geri qaytaracağını indidən söyləmək olar.
D.Medvedevin Bakıya işgüzar səfəri və burada verdiyi bəyanatlar açıq şəkildə onu göstərdi ki, Rusiya əməlli-başlı fəallaşıb və Kremldəki nəhəng saatın zəngini hər yerdə eşitdirmək istəyir. Xüsusilə, iqtisadi sahədəki fəallığı ona böyük imkanlar və geniş siyasi manevrlər etmək şəraiti yaradır. Çünki Azərbaycan qazını alaraq Avropaya ixrac edən Kreml, tam əminliklə demək olar ki, Şərqi Avropanı və Yaxın Şərqi iqtisadi baxımdan, öz nəzarətinə keçirə bilib. "Qazprom" artıq Rusiyanın əlində bir iqtisadi dubinkaya çevrilib. Azərbaycanla əlaqələri möhkəmləndirən Moskva, Azərbaycan üçün tarixi bir düyünə çevrilən Dağlıq Qarabağ məsələsinə əncam çəkəcəkmi? Çox çətin sualdır. Çünki məhz Qarabağ məsələsi Moskvanın əlində Qafqazlarda öz maraqlarını təmin etmək üçün elə bir silahdır ki, Rusiya bu cür silahı kimə görəsə yerə buraxacaq qədər axmaq deyil. Bunu bəribaşdan bilməliyik. Elə sovet dövründə də, Boris Yeltsinin vaxtında da belə olub, indi də belədir və gələcək tarixlərdə də belə olacaq. Biz yaxın qonşumuz olan Rusiyanı çox sevirik, onu yüksək qiymətləndiririk. Amma Moskvanın tarix boyu "erməni kartı"na meyilliliyi onu bütün Qafqaz xalqlarının gözündən salıb. Bunu deməmək mümkün deyil. Biz səni çox istədiyimiz kimi, sənin tarixi səhvlərini də üzünə deməkdən çəkinməməliyik, əziz qonşumuz. Biz səni sevrik, sənə sayğı göstəririk, amma türkün məsəli "bir əlin Ermənistanın ağzındadır", gözəl Moskva. Odur ki, bu sualı elə sənin özünə də veririk, sən bizim üçün nə əhəmiyyət daşıyırsan, Rusiya?

Digər xəbərlər