İsa Qəmbərov AXC-ni bərpa edir
AXCP (i) sədri Əli Kərimov nüfuzunu o dərəcədə itirib ki, siyasi fəaliyyətini "Azadlıq" bloku daxilində pərdələmək məcburiyyəti ilə üzləşmişdir. Ayrılıqda AXCP (i)-nin fəaliyyəti haqda dolğunluğu ilə danışmaq qeyri-mümkündür. Son olaraq AXCP (i)-nin qapısını Ə.Kərimovun üzünə çırpan Qulamhüseyn Əlibəyli oldu. Hazırda o özünün "Aydınlar" partiyasında məqsədyönlü fəaliyyətini davam etdirməkdədir. Partiyada qalan beş-üç funksioner isə Ə.Kərimovun "islahatçı"lığından cana doyubdur. Aralarında partiyanın sədr kürsüsünü Ə.Kərimovun əlindən qamarlayıb almaq həvəsində olanlar da vardır. İsa Qəmbərov da məhz belə bir vaxtda Ə.Kərimova son öldürücü zərbəsini endirmək niyyətinə düşmüşdür.
AXC-nin parçalanb bugünkü vəziyyətə düşməsində İ.Qəmbərovun "xidmətlərini" danmaq qeyri-mümkündür. Hər bir süqut mərhələsi tikinti-quruculuq işləri başlandıqdan sonra gəlir. İ.Qəmbərov da məhz AXC-nin yenidən bərpa olunması təklifini irəli sürür. Oxucuların yaxşı yadında olar ki, "klassiklər" Ə.Kərimovdan ayrıldıqdan sonra partiya iki yerə parçalanmışdı. "Bütövləşdiricilər" partiyanı birləşdirmək istərkən, AXCP (i) və AXCP (k)-nin arasında üçüncü bir AXCP (b) yaranmışdı. Bundan sonra bu cür qurumların sayı sürətlə artmağa başladı. Xatırladırıq ki, parçalanmanın gözlə görünməyən təşkilatçısı Müsavat başqanı İ.Qəmbərov olmuşdur.
İ.Qəmbərov təklif edir ki, bir vaxt AXC-dən ayrılan bütün partiyaların təmsilçiləri bir yerə toplaşıb, partiyalarının sükanını buraxıb, AXC-ni yenidən bərpa etsinlər. Ə.Elçibəyin vaxtında da AXC ilə Müsavatın birləşməsi məsələsi gündəliyə çıxarılmışdı. O vaxt İ.Qəmbərov son məqamlarda geri çəkildi. O qorxurdu ki, vahid lider o yox, Ə.Elçibəy olar. İndi vəziyyət tamamilə dəyişmişdir. Ə.Kərimov, ümumiyyətlə, dayaqsız qalmışdır. İ.Qəmbərov öz Müsavatını da bu cərgəyə qoşub, AMİP, AMDP, VHP, AXP, ASDP və onlarla digər partiyaların liderlərini klassik AXC-ni bərpa etməyə çağırmaqda davam edir.
AXC bərpa olunduqdan sonra onun yeganə sədri postuna İ.Qəmbərov öz namizədliyini irəli sürür. Onun fikrincə, bərpa prosesi üçün lazım olacaq 200 min dolları ondan başqa heç kəs ödəyə bilməz. Bəs İ.Qəmbərov bu məbləği haradan olacaq? Əlbəttə, Avropanın liberal liderlərindən.
İyunun 29-da İ.Qəmbərov Ə.Kərimovdan başqa 10-larla müxalifət liderini Müsavat qərargahında təşkil etdiyi toplantıya dıəvət etmişdir. Qonaqlığı xatırladan toplantıda AMİP lideri Etibar Məmmədov, AXP sədri Pənah Hüseynov, ADP sədri Sərdar Cəlaloğlu, "KAXCP" sədri Mirmahmud Fəttayev, o cümlədən, Fərəc Quliyev, Ramiz Tağıyev, Nemət Pənahov və digərləri iştirak etmişlər. İ.Qəmbərov öz çıxışında AXC-nin bərpasının vacibliyini vurğuladı. Daha sonra o, bərpa olunmuş qurumun sədri olacağı təqdirdə, AXC-nin yerli və xarici dəstəkçilərin maddi və mənəvi dəstəyini qazanacağını bildirdi. O, qurumun bələdiyyə və parlament seçkilərində uğur qazanacağına da əminliyini ifadə etdi.
AMİP lideri E.Məmmədov və "KAXCP" sədri Mirmahmud Fəttayev İ.Qəmbərovu boşboğazlıqda ittiham etdilər. ADP sədri Sərdar Cəlaloğlu isə İ.Qəmbərovun təklifini "avara ideya" kimi qiymətləndirmişdir. O, AXC ideyasının təkrar fayda gətirəcəyinə inanmadığını bildirmişdir. E.Məmmədov və M.Fəttayev İ.Qəmbərovun gözünün bərpa ediləcək AXC sədri kürsüsündə olduğunu bildirmişlər. AXC-nin bərpasına etiraz etməyən bu şəxslər qurum sədrinin obyektiv yolla seçilməsini istəyirlər. Əks təqdirdə, İ.Qəmbərovun təklifinin reallaşmasına mane olacaqlarını bildirirlər.
M.Fəttayev vaxtilə İ.Qəmbərovun onun təmsilçisi olduğu partiyanı "əsil AXCP" kimi tanıyaraq, Ə.Kərimova yanıq verdiyini vurğulamış və son nəticədə "klassiklər"in sədrini də öz ətrafında avara-sərgərdan saxladığını qeyd etmişdir. M.Fəttayev və E.Məmmədov belə hesab edirlər ki, AXC-nin bərpa olunacağı təqdirdə, birləşdirici qurultay keçirməli və sədr də məhz alternativ yolla burada seçilməlidir.
İ.Qəmbərov isə təklif müəllifi kimi israrla öz namizədliyi üzərində dayanmağı lazım bilir. O, bu sahədə özünə alternativ görmür. Ə.Kərimova gəldikdə, onun başında durduğu partiyanı Müsavat başqanı 10-dan çox tərkib hissəsinə ayırmaqda qınamışdır. "Ə.Kərimov hətta ətrafındakı funksionerləri idarə edə bilmir" deyə bildirmişdir.