PDF Oxu

Köşə

  • 11

Akif Şahbazovun istefasının səbəbi aydınlaşdı

Akif Şahbazovun istefasının səbəbi aydınlaşdı
"ACP" daxilində müəyyən aydınlaşmalar müşahidə edilməkdədir. Başlıca gərginlik Akif Şahbazovun sədr postunu tərk etməməsi üstündə yaranmışdı. "ACP" funksionerləri A.Şahbazovun qarşısına iki sualla çıxdılar: ya Rəsul Quliyevin sənə ünvanladığı pulu qaytar və vəzifənin icrasını davam etdir, ya da tutduğun sədr postundan istefa ver, pulu da kefincə sağa-sola xərclə. Nəhayət, A.Şahbazov onu sevməyən həmkarlarını sevindirdi, "ACP" sədri postundan istefa verdi. Yalnız bundan sonra A.Şahbazovun bədxahları özlərində bir yüngüllük hiss etdilər.
Bundan sonra kimin sədr olacağı məsələsi gündəliyə gətirildi. Tezliklə məlum oldu ki, "ACP" sədri növbəti qurultayda seçiləcəkdir. Sədr müavini vəzifəsini icra edən Zəminə Dünyamalıyeva xeyli vaxtdır çalışır ki, A.Şahbazovun istefaya çıxmasına nail olub, özü onun tərk etmiş olduğu postu tutsun. Ancaq atalar deyir sən saydığını say, gör fələk nə sayır. Hazırda "ACP"-də sədr məsələsi təxirə salınır və onun səlahiyyətlərini icra edən və ya sədr əvəzi məsələsi ön plana çəkilir.
Z.Dünyamalıyeva bu müvəqqəti vəzifəni də qamarlayıb nuş etmək istərdi. Ancaq bu dəfə də fürsətdən başqası yararlandı. Daha doğrusu, Ali Məclisin sədri Vaqif Mahmudov "ACP"-nin sədr əvəzi postunu tutdu. R.Quliyev xaricdə olsa da, partiya liderliyini əlində saxlamaq üçün mərkəzi aparatın qurultayadək saxlanması üçün 22 min dollar ayırdığını bəyan etmişdir. Z.Dünyamalıyeva qurultayda sədr postunu tutmaq şansını əlindən buraxmaq fikrində deyil. Sözsüz ki, V.Mahmudov da sədr postunu tutmaq fikrindən daşınmayacaqdır. Ancaq qurultaya qədər qalan vaxt ərzində başqa "ACP" üzvləri də sədr postunu tutmaq üstündə mübarizəyə qalxa bilərlər.
Z.Dünyamalıyeva isə artıq bu gündən sədr olmaq istədiyini bəyan etməyi lazım bilmişdir. O, sədr postunu tutacağı təqdirdə, "ACP"-nin gücləndirilməsi üçün mümkün vasitələrdən maksimum səviyyədə yararlanacağını vurğulayır. O, söz verir ki, ilk növbədə, ADP-də qalan "rəsulçular"ı qısa vaxt ərzində "ACP"-yə cəlb edəcək. Daha sonra Z.Dünyamalıyeva R.Quliyevin çağırışı ilə ADP-yə gəlib, bir müddət sonra gedənlərlə əməkdaşlıq əlaqələri yaradacaq. Nəhayət, o, partiyanı R.Quliyevin maliyyə asılılığından xilas edəcək və bu məqsədlə həm daxili, həm də xarici maliyyə dəstəkçilərinin xidmətindən yararlanmağa cəhd edəcəkdir. Zəminə xanımın "ACP"-çilər üçün başqa cəlbedici təklifləri də vardır ki, onların mahiyyəti haqda qurultaydan sonra danışmaq niyyətindədir.
Əlbəttə, bu, Z.Dünyamalıyevanı "qarayara"ya mübtəla edən düşüncələrinin nəticəsidir. Görək, "ACP"-də funksionerlərin hamısımı onu dəstəkləyir? Sözsüz ki, bir sədr müavini kimi, onun da öz dəstəkçiləri vardır. Ancaq yenicə sədr əvəzi vəzifəsinin icrasına başlayan Vaqif Mahmudov sədr müavini Yaqub Abbasov və bunların əhatəsi Z.Dünyamalıyevanın fikirləri ilə bölüşmürlər. Y.Abbasov əlavə olaraq deyir ki, partiyanın birinci müavini kimi, o, sədrdən də daha çox səlahiyyətlərə malikdir. V.Mahmudov isə son vəzifəsindən başqa, Ali Məclisin sədri və R.Quliyevə ən yaxın şəxs olduğunu bildirir.
V.Mahmudovun güclü hesab etdiyi daha bir arqumenti var. O deyir ki, Müsavat başqanı İsa Qəmbərov və AXCP (i) sədri Əli Kərimov da, məhz onun "ACP" sədri olmasını istəyirlər. O, bir qədər də uzağa gedərək, yaxın günlərdə Ə.Kərimovla görüşüb, ondan dəyərli məsləhətlər aldığını bildirir. V.Mahmudovun R.Quliyevdən də əl çəkmədiyini və əlavə olaraq, Müsavat partiyası və "Azadlıq" blokundan da ikiəlli yapışması bir çox suallar doğurmaqdadır. V.Mahmudov heç niyyətini gizlətmək də istəmir. Onun dediyinə görə, tezliklə təmsilçisi olduğu partiyanı Ə.Kərimovun yardımı ilə "Azadlıq" blokuna qoşacaqdır.
Z.Düyamalıyeva partiya sədri postunu tutacağı təqdirdə, partiyanın R.Quliyevdən təmizlənməsinə çalışacağını deyir. Onun fikrincə, "ACP"-nin xaricdə yaşayan liderə ehtiyacı yoxdur. V.Mahmudov isə, hələlik, R.Quliyevin maliyyə dəstəyindən yararlanmaq niyyətindədir. R.Quliyev gələcəkdə "ACP"-nin hər hansı güclü bir bloka qoşulmasını çox istəyir. Ancaq hələlik, mövcud blokların heç biri R.Quliyevi qane etmir. Z.Dünyamalıyevanın daim onu qaralaması da "ACP" liderinin nəzərindən qaçmamışdır. Ancaq R.Quliyev onun səviyyəsinə enib heç bir açıqlama verməmişdir. R.Quliyev qurultayadək olan vaxt ərzində "ACP"-də daxili qarşıdurmanın pik həddinə çatmasını, əleyhdarlarının daimi qarşıdurma və şok vəziyyətində olmasını istəyir.

Digər xəbərlər