Əvəz Temirxan Əli Kərimova qarşı məhkəmə iddiası qaldıracaq
Referendum ərəfəsində candərdi birləşmiş radikallar, yaratdıqları MSK-da qeydiyyata aldıqları iki təşviqat qrupundan birindən dördəlli yapışaraq, onu hərəkata çevirdilər. İndi istər-istəməz özlərini vahid "QRUH"-un üzvləri hesab edib guya bu hərəkatın çox möhkəm bir qurum olduğunu təkrarlamaqdadırlar. Əslində, ən xırda təklif də "QRUH"-un sıralarında təfriqə yarada bilər. Bu gün radikalların vəziyyətini barıt çəlləyi üstündə oturub dinclikdən dəm vuranların vəziyyəti ilə müqayisə etmək olar.
"DUİ" və "Azadlıq" bloku da öz fəaliyyətlərini davam etdirməkdədir. "DUİ", ümumiyyətlə, heç bir qurumun işinə qarışmır. Onun öz proqramı var və burada diqqəti cəlb edən yeganə cəhət heç bir qurumun ideoloji konsepsiyası və taktiki gedişi ilə razılaşmamaqdadır. Bu nahilist meyil Mirmahmud Fəttayevə məxsusdur və o, yeri gəldikcə, sinəsinə döyən istənilən qurumun daxilində parçalanma yaratmağa cəhd edir. M.Fəttayev bu nihilist təyamülü üsyan qaldırıb, Ə.Kərimovdan ayrıldıqdan sonra əxz etmişdi. O görürdü ki, hər birləşmə təklifindən sonra Cəbhə daha da parçalanıb dağılır. O vaxtdan M.Fəttayev bu "birləşmə" metodunu uzun müddət işə salmışdı. Əli Məsimov məhz bu cür "birləşmə" əməliyyatından sonra M.Fəttayevlə işləməkdən imtina etmişdi.
"Azadlıq" blokunun daxilində nisbi sabitliyin hökm sürdüyünü iddia etmək düzgün olmazdı. Həm blok üzvləri ilə birlikdə və eləcə də, ayrı-ayrı partiyalar arasında problemlər kifayət qədər çoxdur. Bu gün biz ALP-nin sədr əvəzi Əvəz Temirxan və AXCP (i) sədri Əli Kərimov arasında davam edən qarşıdurmadan danışacağıq. Əldə etdiyimiz məlumata görə, Ə.Temirxan Ə.Kərimovu məhkəməyə vermək istəyir. Bəs səbəb nədir?
"Azadlıq" blokunun Sədrlər Şurasının son toplantısında Ə.Kərimov Ə.Temirxanı "keçisaqqal" adlandırmışdır. O, əlavə olaraq, demişdir ki, Ə.Temirxan "Azadlıq" blokuna hörmətsizlikdən başqa heç nə gətirmir. O, "MBH" lideri Lalə Hacıyevanın yoxa çıxmış 200 min dollarının kənarda yox, Ə.Temirxanda axtarılmasının vacibliyini vurğulamışdır.
Ə.Temirxan pul məsələsinin böhtan olduğunu və indiyədək L.Hacıyevaya sədaqətlə qulluq etdiyi bildirmişdir. Ə.Kərimovun onu "keçisaqqal" epiteti ilə təhqir etməsi Ə.Temirxanın hiddətlənməsinə səbb olmuş və Nəsimi rayon məhkəməsində Ə.Kərimova qarşı iddia qaldıracağını bildirmişdir. O, AXCP (i) sədrinin dediklərinə hər hansı bir şərh verməmiş və Ə.Kərimovdan məhkəmə zalında cavab tələb edəcəyini bildirmişdir.
Uzun müddət ərzində ALP-nin sədr əvəzi vəzifəsini icra edən Ə.Temirxan "Əli Kərimovu üstümə hürdürən İsa Qəmbərovdur" demiş və təkrar olaraq, mümkün vasitələrdən istifadə edərək, Ə.Kərimovu məhv edəcəyini bildirir. O, bu məqsədlə, hətta 5 min manatadək pul xərcləməyə də hazır olduğunu deyir. Ə.Temirxan hazırda Ə.Kərimov əleyhinə materiallar toplamaqdadır.
Bu arada Müsavat başqanı Ə.Temirxanın mövqeyindən təəssüfləndiyini bildirir. İ.Qəmbərov Ə.Temirxanla heç bir düşmənçiliyinin olmamasını və onun əleyhinə Ə.Kərimova heç bir təlimat vermədiyini bildirib. Başqan Ə.Kərimovun onun diqtəsi ilə oturub-durmadığını və öz şəxsi mövqeyinin olduğunu vurğulayıb. Son olaraq, Müsavat başqanı Ə.Temirxanın davranışı ilə əlaqədar Lalə Hacıyeva ilə fikir mübadiləsi aparacağını bildirib.
Ə.Temirxan ən azı altı aydır ki, ALP-nin sədr əvəzi səlahiyyətlərini icra edir və "MBH"-də təmsil olunur. Onun L.Hacıyeva ilə münasibətlərinin gərgin olduğunu bildirənlər haqlı deyillər. Bu fikir Ə.Temirxana məxsusdur və o, xanımla münasibətlərinin normal məcrada davam etdiyini bildirir.
Bununla belə, Ə.Temirxanla Ə.Kərimov arasında münasibətlərin bu məcrada davam etməsi "Azadlıq" bloku daxilində tam sabitliyin olmamasına dəlalət edir. "Azadlıq" blokunun iki başlıca partiyasının üzvlərinin bir-biriləri ilə əks mövqedə dayanmaları çox mətləblərdən xəbər verməkdədir. Daim öz ambisiya və iddialarını ön plana çəkən radikalların aralarındakı sabitliyi qarşıdurmalardan əvvəlki dinclik kimi qəbul etmək lazımdır. Elə ki qarşıdurma düyməciyi basıldı, o zaman onun qarşısını almaq mümkün olmayacaqdır.