PDF Oxu

Köşə

  • 10

Etibar Məmmədov keçmiş həmkarlarından kömək istəyir

Etibar Məmmədov keçmiş həmkarlarından kömək istəyir
Bir vaxtlar partiya qurucularının istefa vermələrinə barmaqarası yanaşan Etibar Məmmədov bələdiyyə seçkiləri ərəfəsində AMİP-in fəaliyyətini gücləndirmək niyyətinə düşmüşdür. Bunun üçün o, partiya sıralarını tərk edənlərin hamısından, hətta üzr istəməyə də hazır olduğunu bildirir. Tələb olunacağı təqdirdə, o, nümayişkarənə tərzdə də üzr istəyə bilər. Üzr istəmək öz yerində. Bəs E.Məmmədov partiyasını yenidən ayağa qaldırmaq üçün hansı konkret addımları atmaq niyyətindədir?
Papağını qarşısına qoyub təklikdə xeyli götür-qoy edən E.Məmmədov bir vaxt istefa verib AMİP-in sıralırını tərk edən nüfuzlu həmkarlarına müraciət edib, onlarla məsləhətləşmək qərarına gəlmişdir. İlk diqqətini cəlb AMİP-in sabiq sədr müavini, hazırda müstəqil politoloq kimi fəaliyyət göstərən İlqar Məmmədov olmuşdur. E.Məmmədovun diqqətini cəlb edən başlıca cəhət İ.Məmmədovun xarici ölkələrdəki bəzi nüfuzlu siyasətçilərlə tanışlığıdır. Etibar bəyin fikrincə, bu adam AMİP-in yenidən fəaliyyətə başlamasında ciddi yardımı ola bilər.
Keçmiş sədr müavini İlqar Məmmədovun razılıq verəcəyi təqdirdə, Etibar bəy daha iki sabiq AMİP-çiyə müraciət etməyi nəzərdə tutur. Bu adamlar AMİP-in keçmiş sədr müavini Nazim İmanov və partiyanın keçmiş baş katibi Elşad Musayevdir. Aydın məsələdir ki, ötən vaxt ərzində AMİP siyasi proseslərdən xeyli uzaqlaşmışdır. İndiki şəraitdə Etibar bəy yaxşı başa düşür ki, yeganə çıxış yolu AMİP-i tərk etmiş keçmiş düşmənləri ilə əlaqələri bərpa edib, onlarla əlbir-dilbir işləməkdir. Əlbəttə, E.Məmmədova bu cür hərəkət etməyi diqtə edən şəxslərin və şəraitin də mövcudluğunu nəzərdən qaçırmaq lazım deyildir.
Necə deyərlər, ozan dili çevik, nağıl dili yüyrək olar. E.Məmmədov xeyli minnət-sünnətdən və məsləhət-məşvərətdən sonra hər üç keçmiş həmkarı ilə iyunun 18-də "Qurd qapısı" restoranında görüşüb, şam yeməyi süfrəsi arxasında danışıqlara başladı. Söhbətin mövzusu AMİP-in dağılmasının qarşısını almaq və partiyanı dirçəltmək idi. İlk söz alan Elşad Musayev əvvəl E.Məmmədovu qanmazlıqda, yaramazlıqda, keçmiş əqidə yoldaşlarına şər-böhtan atmaqda ittiham etmişdir. N.İmanov və İ.Məmmədov da Etibar bəyi xeyli qınamışlar. Etibar bəy növbəti dəfə bağışlanmasını xahiş etmişdir. N.İmanov, İ.Məmmədov və E.Musayev, nəhayət, Etibar bəyin yalvarışları qarşısında ürəyiyumşaqlıq edib, ona yardım edəcəklərini vəd etmişlər. Qərara alınıb ki, keçmiş AMİP-çilər partiya sıralarına qaytarılsınlar.
Həmkarlar AMİP-i düşmüş olduğu böhrandan çıxarmaq üçün, ilk növbədə, "VİP" sədri və Etibar bəyin xalası oğlu Əli Əliyevin köməyindən istifadə etməyin vacibliyini vurğulayıblar. Ə.Əliyev hazırda "Azadlıq" blokunda AXCP (i) sədri Əli Kərimov və "MBH" lideri Lalə Hacıyeva ilə birgə fəaliyyət göstərməkdədir. Güman ki, blokun potensialından istifadə ediləcəkdir. Nazim İmanov Ə.Əliyevlə görüşüb söhbət etmək üçün səlahiyyətli şəxs elan edilmişdir.
"Qurd qapısı" restoranında müzakirə olunan mövzularından biri də AMİP-in maliyyə problemlərini həld etməyə yönəldilmişdir. Ölkə daxilində maliyyə dəstəkçisi axtarmaq Etibar bəyə həvalə edilmişdir. Nəzərə alınmışdır ki, xarici ölkələrin çoxsaylı maliyyə təşkilatlarının köməyindən də faydalansınlar. Xarici ölkələrin maliyyə fondları və donor təşkilatları ilə əlaqə yaratmaq İlqar Məmmədova həvalə olunmuşdur. İ.Məmmədov xarici ölkələrin maraqlı dairələrinin diqqətini AMİP-in maliyyələşdirilməsinə yönəldəcəyini vəd etmişdir.
Bundan sonra gecə yarıdan xeyli keçmişədək yeyib-içən keçmiş həmkarlar bir-birilərinin şəninə tostlar demiş və yaxın gələcək üçün növbəti tədbirlər planını müzakirə etmişlər. Tərəflər belə bir qərar qəbul etmişdilər ki, iyunun 27-də elə bu vaxt, bu restoranda görüşüb, növbəti müzakirələrə başlasınlar. İlkin məlumata görə, başlıca məsələ AMİP-in rəhbər strukturlarının formalaşdırılmasına həsr ediləcəkdir. Həmin gün AMİP-ə kimin rəhərlik edəcəyinin də müəyyənləşdiriləcəyi bildirilir.
AMİP parçalanlıqdan və sədrsiz qaldıqdan sonra iflas mərhələsi yaşamağa başlamışdır. E.Məmmədovun qəflətən AMİP-i canlandırmaq niyyətinə düşməsi oxucularımızın marağına səbəb ola bilər. Biz hələ AMİP-dən yeni-yeni məlumat verəcəyimizi istisna etmirik.

Digər xəbərlər