PDF Oxu

Köşə

  • 13

İnkişafa və tərəqiyyə doğru

İnkişafa və tərəqiyyə doğru
1993-cü ilin iyunu Azərbaycan tarixinin dönüş nöqtəsi olmuşdur. 1988-ci ildən 1993-cü ilə qədər olan dövr xaos və dərəbəylik dövrü kimi yadda qalmışdı. Kamran Bağırov çatıb canını qurtarmaq istəyir, Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibov daha çox işləməyə çalışaraq, Kremlə yarınmaq istəyirdilər. Əbülfəz Elçibəy isə, ətrafını özünə tabe edə bilməməsi ucbatından, az qalmışdı Azərbaycanı ən azı 5-6 tərkib hissəsinə ayırsın.
Nəhayət, xaos və reaksiya tərəfdarları bir-birinin ardınca çəkilib getdilər. Meydanda ümummilli lider öz komandası ilə qaldı. Dönüş nöqtəsi də məhz bu vaxtdan etibarən başladı. Ulu öndər Heydər Əliyev Bakıya iyunun 9-da gəldi və öz gəlişi ilə bir-birilərini məhv etməyə hazır olan "əqidədaş" tərəfləri dəyirmi stol arxasında oturmağa məcbur etdi. Daha sonra qarşıduran tərəflər müxtəlif səmtə dağılışdılar. Ümummilli lider isə 15 İyun Milli Qurtuluş Gününü tariximizə yazdırdı.
O vaxtdan keçən 16 il ərzində Azərbaycanda birlik və vəhdət günü-gündən öz hüdudlarını genişləndirməkdədir. Bu da respublikanın inkişafına əsaslı zəmin yaratdı. Hazırda Azərbaycanda siyasi sabitlik və iqtisadi yüksəliş hökm sürməkdədir. Zəifliyimizdən istifadə edib, qarış-qarış torpaqlarımızın içərilərinə doğru irəliləyən Ermənistan hazırda iqtisadi böhran məngənəsində sıxılmaqdadır. Bizim hərbi büdcəmiz bütövlükdə respublikamız öz inkişafını dönmədən yüksələn xətlə davam etdirməkdədir. Bu inkişafın əsasını ümummilli lider elə qoymuşdu ki, inkişaf göstəriciləri yalnız irəliyə doğru istiqamətlənmişdi.
Kamran Bağırov, Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibovu yolları üstündən götürməyə müvəffəq olan AXC-çilər isə parçalana-parçalana kiçilib cılızlaşmaqda idilər. AXC-nin ilk dəfə parçalanması 1990-cı ilin 20 yanvar ərəfəsində baş vermişdi. Çoxluğun mövqeyi ilə razılaşmayan AXC üzvləri Zərdüşt və Araz Əlizadə qardaşları qurumun sıralarını tərk edib ASDP-ni yaratdılar. 20 yanvar qırğınından sonra Moskvaya gedib, törədilmiş qırğın əleyhinə bəyanat verən Etibar Məmmədov həmkarları tərəfindən dəstəklənmədi. Moskva rəsmiləri AXC-yə müraciət edib, E.Məmmədovun qurumu təmsil edib-etməməsini öyrəndilər. AXC rəsmiləri E.Məmmədovun AXC adından yox, öz adından danışdığını bildirdilər. Bu rəsmi bəyanatdan sonra E.Məmmədov Lefortovo həbsxanasına salındı.
Bir neçə aydan sonra azadlığa buraxılan E.Məmmədov Bakıya qayıdıb, AMİP-ini yaratdı. AXC iqtidarı dövründə qurumun İdarə Heyətinin üzvü olan İsa Qəmbərov yeni partiya yaradıb, sədr kürsüsünü tutmaq istəyirdi. Rauf Arifoğlunun son vaxtlar yenidən yaratdığı "Yeni Müsavat" partiyası o vaxt İ.Qəmbərovun nəzərini cəlb etmişdi. 1992-ci ilin axırlarında İ.Qəmbərov Nəsib Nəsibli və Rauf Arifoğlu ilə sövdələşib Müsavatı özəlləşdirərək, onun sədri kürsüsünü tutdu. Dəfələrlə qeyd etdiyimiz kimi, İ.Qəmbərovun başlıca məqsədi növbəti prezident seçkilərində müstəqil partiya sədri kimi təmsil olunmaq idi.
2000-ci ildə AXC buraxıldı və əvəzində AXCP yaradıldı. İ.Qəmbərov Müsavatdan daha güclü olan bu partiyanın parçalanması yönündə məqsədöynlü iş aparırdı. Tezliklə AXCP (k) və AXCP (b) Ə.Kərimovun "islahatçılar"ından ayrıldı. AXC iqtidarının süqutundan sonra hər bir Cəbhə funksioneri özünün partiyasını yaratdı.
Göründüyü kimi, AXC yaranandan bir müddət sonra parçalana-parçalana cılızlaşmağa və kiçilməyə doğru getmişdir. Ümummilli liderin yaratmış olduğu Yeni Azərbaycan Partiyası isə monolit şəkildə möhkəmlənməklə öz sıralarını daha da genişləndirməyə başlamışdır. Hazırda Azərbaycanın elə bir bölgəsi, elə bir guşəsi yoxdur ki, orada bu partiya təmsilçiləri olmasın.
İndi heç bir radikal partiya xalqın nəzərini cəlb etmir. Xalq öz nəzərlərini ümummilli liderin yaratmış olduğu yeganə həqiqət partiyasına - Yeni Azərbaycan Partiyasına çevirmişdir. Hazırda ölkə Prezidenti İlham Əliyevin Sədri olduğu bu partiya ölkənin tərəqqisi naminə əlindən gələni əsirgəmir.

Digər xəbərlər