Uçurum reallığın təzahürü kimi üzə çıxmışdı
1993-cü il 4 iyun hadisələri AXC-Müsavat iqtidarının iqtidarsızlığını gerçəkləşdirdi. AXC-çilər ölkəni idarə etmək və əhalinin mənafeyini müdafiə etmək əvəzinə, hakimiyyətlərinin ömrünü uzatmaq üçün müxtəlif variantlar üzərində baş sındırırdılar. 4 iyun hadisəsi zamanı da variantlara əl atıldı. Bu da hakimiyyətin çökümünü daha da sürətləndirdi. Əbülfəz Elçibəy barışdırıcı mövqedə durub, sonradan növbəti 4 illik hakimiyyət müddətini Kələkidə prezident kimi başa vurmaq niyyətində idi. O, bu variantın düzgünlüyünə şübhə etmirdi.
Ali Sovetin sədri İsa Qəmbərov və baş nazir Pənah Hüseynov Surət Hüseynovun tərəfdarlarını məhv etmək istəyirdilər. P.Hüseynovun istefasına nail olan Ə.Elçibəy İ.Qəmbərovun da istefaya çıxmasını gözləyirdi. Baş nazirin istefası prezidentin sərəncamı ilə olsa da, spikerin istefası ilə deputatların səsverməsi ilə gerçəkləşməli idi. İ.Qəmbərov spikerlik postundan kənarlaşdırıldıqdan sonra Ə.Elçibəy ətrafı ilə xəbərsiz-ətərsiz təyyarə ilə Naxçıvana, ordan isə Kələkiyə getdi.
P.Hüseynov isə qəflətən yoxa çıxdı və o, bir də il yarımdan sonra Binə aeroportu yolunda tutulub, istintaq orqanlarının ixtiyarına verildi. O vaxtkı mətbuat orqanlarında P.Hüseynovun yoxa çıxmasını Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib" əsərinin qəhrəmanlarından biri olan Şah Abbasın yoxa çıxması ilə müqayisə edilirdi. Əsərdə Şah Abbas Mərrix və Müştəri səyyarələrinin toqquşmasından xətər almamaq üçün xəlvət bir guşəyə çəkilmişdi. Qəzetlər yazırdı ki, hökumət qoşunları və S.Hüseynovun silahlı qruplaşmasının toqquşmasından sonra P.Hüseynov qaçıb elə aradan çıxmışdı ki, hətta gizləndiyi yerdə quyruğu da görünmürdü. Ələ keçdikdən sonra, məlum oldu ki, P.Hüseynov Sabirabadda qarpız bostanında gizlənibmiş, il yarımdan sonra isə, Türkiyəyə qaçmaq istəyirdi. Ancaq yol polisinin sayıqlığı, nəticəsində saxlanılıb məsuliyyətə cəlb edildi.
S.Hüseynov Ə.Elçibəy tərəfindən prezidentin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi və baş nazirin müavini vəzifələrinə təyin edilmişdi. Ona həm də Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdi. S.Hüseynov bu amillərdən yararlanmağa cəhd etdi. Ə.Elçibəy respublikanın baş prokuroru İxtiyar Şirinovu S.Hüseynovu həbs etmək üçün Gəncəyə göndərmişdi. İ.Şirinov hadisələrin təfərrüatı ilə tanış olduqdan sonra prezidentin istefasını tələb etdi və həbsinə sanksiya imzaladı. S.Hüseynov isə rayon mərkəzlərində AXC iqtidarının nümayəndələrini dəyişə-dəyişə paytaxta doğru irəliləyirdi. Ə.Elçibəy ordusunun S.Hüseynovun qarşısını almaq imkanı yox idi. Odur ki, o, dərinə getməyib, S.Hüseynovun qabağından qaçdı. Özü də düz Kələkiyəcən qaçdı.
Heç kəs Ə.Elçibəyi Kələkidə narahat etmək fikrinə düşmədi. O, hakimiyyətinin növbəti dörd ilini "Kələki prezidenti" kimi başa vurdu. Ancaq bu müddət başa çatdıqdan sonra, o, bir gün də olsa Kələkidə qalmaq istəməyib, 1997-ci ildə "vətəndaş sülhü" kəlməsi ilə paytaxta qayıtmağı lazım bildi. Görünür, siyasi fəaliyyətsizliyin daşını atmaq lazım bilmişdi. O, ömrünün sonuna kimi AXCP sədri postunda qaldı.
İsa Qəmbərov spiker postunu tərk etdikdən sonra bir müddət S.Hüseynovun müstəntiqlərinin suallarına cavab verməli oldu. Ancaq AXC iqtidara gəldikdə, Ali Sovetin sədri olan İ.Qəmbərov növbəti prezident seçkilərində özünü AXC-nin idarə heyətinin üzvü kimi məhdudlaşdırmaq istəmirdi. O, mütləq Ə.Elçibəyə alternativ qaydada öz namizədliyini irəli sürmək istəyirdi. Odur ki, AXC sıralarından çıxıb, Müsavat başqanı postunu tutdu. İndi onun qarşısında namizədliyini Müsavat başqanı kimi irəli sürmək imkanı açılırdı. Ancaq bunun üçün beş il gözləmək lazım idi. Tərslikdən AXC hakimiyyəti cəmi bir il çəkdi və süquta uğradı. Bu da bir çoxları kimi həm də İ.Qmbərovun arzularını gözündə qoydu.
AXC-Müsavat iqtidarı üzvləri bir növ oturduqları budağı kəsməklə məşğul idilər. Bununla da, onlar istər-istəməz bir-birinin yollarını bağlamalı olurdular. Axırda isə onların hamısı dərin uçuruma yuvarlandılar. Elə bir dərin uçuruma ki, oradan çıxmaq üçün hər birinə ən azı 4-5 il vaxt lazım gəldi. Bundan sonra xalq heç birinin üzünə xoş baxmadı. Ancaq onların ambisiyaları o qədər güclü idi ki, zorakılıqla etimad qazanmağa çalışırdılar.