PDF Oxu

Köşə

  • 34

Foqtsun milyonluq maaşı və rüsvayçı fiasko

Foqtsun milyonluq maaşı və rüsvayçı fiasko
Yenə qanımız bərk qaradı. Yenə rüsvay olduq. Rusiyanın "Sport", Qətərin "Əl-Cəzirə" kanalları Azərbaycan-Uels matçını canlı yayımlayırdılar və adlarını futbolçu qoyub ayaqlarını ard-arda çəkə bilməyən bu "uşaqlar", bizi bütün dünyada biabır etdilər. Yenə rüsvayçı məğlubiyyət, yenə fiasko! Sanki bu "futbolçular" and içmişlər ki, nəyin bahasına olursa-olsun məğlub olacaqlar, xalqın əsəbləri ilə oynayacaqlar və ekran qarşısında oturan milyonlarla azərbaycanlını əsəbdən və stressdən şəkər xəstəsinə çevirəcəklər. Vəssalam! Bunun başqa adı yoxdur. Həmin gün Uelslə oyundan sonra bütün vətəndaşların ürəyindən bir söz keçirdi: "Haram olsun sizə, bu ölkənin çörəyi. Haram olsun sizə, heç əlil arabasına layiq olmadığınız halda, üstündə oturub "avtoşluq" etdiyiniz "RANCE-ROVER"-lər, ən son "BMV"-lər, bahalı-bahalı villalar. Hər şey sizə haram olsun. Prezident İlham Əliyevin futbolun inkişafı üçün təsdiq etdiyi Dövlət Proqramında nəzərdə tutulan pullar haram olsun sizə. Elə sizə də aldığınız yüz minlərlə dollar məvacib qətiyyən halal olası deyil, Berti Foks!
Az qala Fatih Terim, Fabio Kapello, nə bilim başqa böyük mütəxəssislərin aldıqları məvacib qədər pul alırsınız. Görəsən, Azərbaycan komandasının rüsvayçı məğlubiyyətlərinə görə siz heç bircə dəfə vicdan əzabı çəkirsinizmi ? Çətin. Həm də nəyinizə lazımdır e, Azərbaycan komandası uddu-uduzdu, təki neft Bakısından aldığınız yüz minlərlə dollar məvacib cibinizə gəlsin. Siz də gündə gedin Bavariyada ləzzətlə pivə için. Kimdir sizin yaxanızdan yapışan ki, a kişi, bu qədər pul alırsan, yaratdığın komanda budur? B.Foks bir ayın ən azı iyirmi gününü Almaniyada olursa, ondan nə nəticə gözləmək olar. Qəti deyirəm ki, futbolumuzun inkişafı üçün can yandıran Prezidentdən tutmuş bütün vətəndaşlara qədər hamının əsəblərini tarıma çəkən B.Foks heç kefini də pozmur. Ölkə Prezidenti də istəyir ki, keçən il Dmitri Medvedev, bu il Viktor Yuşşenko kimi klublarımızın UEFA Kubokunu qazanmalarını şəstlə, böyük fəxrlə meydanlardan izləsin, qoy İspaniyanın, İtaliyanın, başqa Avropa ölkələrinin prezidentləri "Neftçi"nin, "Bakı"nın, "Xəzər-Lənkəran"ın Çempionlar Liqasını, UEFA Kubokunu qazanmaları münasibətilə İlham Əliyevə təbriklər göndərsinlər. Amma yüz faiz yox, milyon faiz bilmək lazımdır ki, bu "futbolçularla", bu gedişlə bizdə futbolun özü anti-futbola çevriləcək. Niyə vaxtilə "Neftçi"nin Bakıda daima darmadağın etdiyi "Şaxtyor", "Zenit" UEFA kubokunu qazana bilirlər, Çempionlar Liqasında oynaya bilirlər, amma xalqın sevimlisi olan "Neftçi" iki mərhələdən yuxarı adlaya bilmir. Üstəlik, "xalq komandası" imicini itirərək "zavod komandası" səviyyəsinə enib.
Uelslə oynanılan oyun isə futbolumuzun fiasko nöqtəsidir. Mən bunları ona görə yazıram ki, 20-30 ildən sonarkı nəsillər bu yazıları oxuyanda indiki futbolumuz haqqında hər şeyi düzgün bilsinlər. "Səs" qəzeti daima tarix olub, bundan sonra da tarixin ensiklopediyası kimi əl-əl AXTARILACAQ! Odur ki, biz olanı yazırıq.
B.Foks meydana kimləri çıxarmışdı? Heç adlarını belə bilmədiyimiz top qovanlar meydanda ingilis uşaqlarının qarşısında gülünc günə qalmışdılar. Meydanda ancaq azərbaycanlı Fərhad Vəliyev, bütün "futbolçularımızın" əvəzinə oynayan Rəşad Sadıqov və azərbaycanlı olmasa da təəssübkeşliyi və qeyrəti ilə azərbaycanlılardan geri qalmayan Branamir Subaşiç mübarizə aparırdılar, vəssalam! B.Foks "Bakı"nın, "İnter"in və bir-birinə top ötürməyi belə bacarmayan, iş gücləri eyş-işrət keçirmək olan bu klub "ulduzları"nı meydana salmaqla, sadəcə, meydana gələn 30 minədək azərkeşi təhqir etdi. Özü də əla bilir ki, oyuna saldığı bu "ulduzlar" heç məhəllə uşaqları ilə də oynaya bilməzlər. Fakt budur. Bu gün isə İspaniya ilə oynayacağıq. Respublika stadionunda mən bilən anşlaq olacaq. Düzdür, burada müğənni-filan yoxdur, amma Kassilyas kimi dünya ulduzunu görmək üçün futbola alışıb-yanan azərbaycanlı üçün əlçatmazdır. Sadəcə Kassilyasa, Fernando Torresə və başqa ispan ulduzlarına baxmağa gələcəklər. Xoş gəlmisən, Kassilyas!

Digər xəbərlər