Şairsiz və yazıçısız ədəbiyyat barədə
Lap yaxşı yadımdadır, sovetlər vaxtının qürub çağları, yəni o dövrün lap axırları idi. Təxminən 1987-1990-cı illəri nəzərdə tuturam. Biz də III-IV siniflərdə oxuyurduq. Qonum-qonşuda hamının evində "Ulduz" "Azərbaycan" jurnalları elə əzizlənirdi, elə əl-əl gəzirdi ki, bax, elə bu məqamlar mənim uşaqlıq illərimin əziz xatirələri kimi yadda qalıb. Yadıma gəlir, bir dəfə iki qonşu arasında "Ulduz" jurnalı üstündə əməlli-başlı dava-dalaş düşmüşdü. Sən demə uşaqlardan biri oxumaq üçün qonşudan aldığı "Ulduz" jurnalını Novruz tonqalını yaxşı qalamaq üçün tonqala atıbmış. Paho, illər boyu mehriban dolanan, ağır çəkili, el-obada böyük hörmətə malik olan insanlar bir-birinə qarışdılar, nə qarışdılar. Deməynənmiş, həmin "Ulduz" jurnalında ƏSİL YAZIÇILARIN və ŞAİRLƏRİN nəhəng əsərləri var imiş, ona görə ki, bu insanlar jurnalın cırılıb tonqalda yandırılmasına bu cür reaksiya göstəriblərmiş.
Bax, əsil ədəbiyyat o tonqalda yandırılmış əsərlərlə özünü sübut edirdi. Hə, bax bu hadisə uşaqlıq yaddaşıma həkk olmaqla yanaşı, o dövrün ƏDƏBİYYATI VƏ YAZIÇISI haqqında əsil həqiqət güzgüsüdür.
Bilirəm, çox çətin bir məsələdən yazıram. Özü də elə çətin ki, bu məsələ bütün dövrlər və nəsillər üçün aktual problem olub. Sualım sizədir, ey insanlar! Çünki mənim qənaətim budur ki, ədəbiyyat üçün heç bir millət və dövlət sərhədi yoxdur. Çünki ƏDƏBİYYAT ÖZ ZAMANININ VƏ İNSANININ, ONUN TARİXİNİN GÜZGÜSÜDÜR,- VƏSSALAM! Bəs hanı YENİ ƏDƏBİYYAT, HƏ? Məni narahat edən odur ki, dövlətin və onun rəhbəri cənab İlham Əliyevin ədəbiyyata, mənəvi dəyərlərə, yaradıcılığa yüksək diqqətinin qarşılığında,- heç kim məndən inciməsin,- hələ də, cızmaqarası əl-əl gəzən bir babat yazıçı və şair ortaya çıxmayıb. Söhbət keçən əsrin 90-cı illərindən sonrakı dövrdən gedir. Sual olunur, NİYƏ? Məgər ədəbiyyat üçün indiki zamandan gözəl mövzu ola bilərmi? Məhz qızıl kimi əsərlər yaratmaq baxımından Azərbaycan ədəbiyyatı üçün ən böyük zaman İNDİKİ ZAMANDIR. Təxminən 1988-ci ildən ta indiyə qədər. Hanı, bu dövrü əks etdirən əmməlli-başlı bir yazı? Roman-povest o yana qalsın, bir hekayə-filan ortaya çıxıbmı, çıxıbsa, hanı?
Bir dəqiqə, bir dəqiqə durun. Bilirəm, yenə ötən eradan bəri keçən əsrin böyük klassiklərini gətirib gözümə soxacaqsınız, qətiyyən bunu etməyin. İmadəddin Nəsimidən, Nizami Gəncəvidən və Məhəmməd Füzulidən bəri Mola Pənah Vaqif, Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, Cəfər Cabbarlı, Hüseyn Cavid, Səməd Vurğun, Əbülhəsən, Mehdi Hüseyn, Mirzə İbrahimov, Süleyman Rüstəm, Əli Vəliyev, İlyas Əfəndiyev, sonradan Əkrəm Əylisli, Nəbi Xəzri, Cabir Novruz, Nəriman Həsənzadə, Rüstəm İbrahimbəyov, Elçin Əfəndiyev, Xəlil Rza Ulutürk, Anar, Ramiz Rövşən, Çingiz Abdullayev və onlarla böyük klassiklərimiz,- bunların bir-birlərinə olan münasibətlərini və didişmələrini bir kənara qoymaqla, hamısı bizim artıq KEÇMİŞDƏ QALAN QIZIL ENSİKLOPEDİYAMIZDIR! Qardaşım, bu KİŞİLƏRİ dil qabarına çevirməyin, bunlarla qurtardıq. Yəni, hər zaman müasir ədəbiyyat deyəndə, bu mərhum insanların ruhunu narahat edib özünümüdafiə qalxanına çevirməyi birdəfəlik qurtarmaq lazımdır. Düz demirəm? Allaha and olsun ki, düz deyirəm və hələ bu sözləri demək üçün çox, lap çox gecikmişəm. Sən mənə məhz onuncu ilinə qədəm qoyduğumuz XXI əsrin şairlərini və yazıçılarını, ən əsası ədəbiyyatını göstər görüm. Hanı?
Mən və mənim yaşıdlarım, məktəb vaxtı, yəni uşaqlıq dövründə Anarın, İlyas Əfəndiyevin, Əkrəm Əylislinin, Elçinin, Vidadi Babanlının gözəl-gözəl əsərlərini oxuyardıq və bizim nəslin dünyagörüşü bu yazıçıların əsərləri ilə formalaşardı. "Burdan bir atlı keçdi", "Vicdan susanda", "Ölüm hökmü", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", Əkrəm Əylislinin kənd həyatından və insan-cəmiyyət münasibətlərindən bəhs edən seçmə əsərləri, şəxsən mənim mənəvi qida yerim idi. Kənddən şəhərə gedən cavan oğlanın həyat hekayəsindən tutmuş, cəmiyyətdəki mənəvi dəyərlərə və ziddiyyətlərə qədər bütün mövzuları əhatə edən bu əsərlər, o vaxt öz xəyalında arzularını quran o zamankı kənd uşağı kimi mənim üçün prioritet sayılırdı. Bu əsərləri oxuyandan sonra təkliyə çəkilib bu əsərlərdəki qəhrəmanları gözümün önündə canlandırırdım. Bəli, məhz o əsərlər yüzlərlə uşağın mənəvi zəka yeri, dünyagörüşünü formalaşdıran əsas "generatoru" idi. İndiki uşaqlar isə cəmiyyətimiz üçün mənəvi ölüm yuvasına çevrilən internet mərkəzlərində min cür mənəviyyatsızlıqlarla "yüklənirlər". Əxlaqsızlıqdan tutmuş qatı cinayətkar olmağa qədər. Budur bu yerlərin XXI əsrin əvvələrindəki uşaqlara öyrətdiyi keyfiyyətlər.
Avropa uşaqları ən müasir informasiya texnologiyalarını öyrənir, azərbaycanlı balaları isə bu cür yerlərdə bu texnologiyalardan onları uçuruma aparan proseslər üçün "yararlanırlar". Bu uşaqların və cəmiyyətin taleyinə görə kimdir günahkar? Zamanmı, cəmiyyətmi, yoxsa min bir fırıldaqla bir-iki manat pul əldə edib mənasız cümlələrdən və başqalarından köçürmə "şeirlərdən" ibarət kitablar buraxdıran "şairlər"mi? İndinin uşaqları kimi, nəyi oxusunlar? Bax, sual budur, cavab isə çətin ki tapıla...