İndi də bir partiya daxilində birləşmək müzakirə edilir
Bəzi radikal partiyaların funksionerləri birləşmək haqda danışmağa başlamışlar. Ancaq bu birləşməyi "QRUH", "SİDSUH", "MKM"-sayaq qurumlar daxilində birləşmək kimi başa düşmək olmaz. Çünki bu ideyanı ortaya atanlar birləşmək deyəndə, bir partiya daxilində birləşməyi nəzərdə tuturlar. Gəlin görək, hansı radikal partiya sədri öz partiyasını kənara atıb, başqa partiyada daha aşağı vəzifələrdə işləməyə razılıq verəcəkdir?
Bizim radikallarda dünyanın heç bir ölkəsinin ifrat müxalifətindən müşahidə edilməyən bir cəhət var. O da şəraitə görə, addım atmamaq, 10-15 il əvvəl necə hərəkət etmişdisə, o cür davam etməyə üstünlük verməkdir. Məsələn, radikal partiya sədrləri 4-5 il müddətinə seçilsələr də, müxtəlif vasitələrlə nizamnamələrində dəyişikliklər edib, öz sədrlik ömürlərini uzatmağa çalışırlar.
Əli Kərimovun, "böyük bəy"dən sonra, birinci müavin olduğunu əsas gətirərək, zorakı yolla sədr kürsüsünü tutması ciddi qrşıdurma yaratmışdı. Məlum olduğu kimi, Ə.Kərimov vaxtilə özü ilə Cəbhəyə gətirdiyi "Yurd" qruplaşmasının köməyi ilə sədr kürsüsündə möhkəmlənməyə səy edirdi. Cəbhənin "Yurd" qruplaşması partiya daxilində islahatlar aparmaq istəyirdi. Əbülfəz Elçibəy tərəfdarları ilə Cəbhə daxilində köhnə ənənələri yaşatmağa cəhd edirdilər. Bu amil AXCP daxilində islahatçılarla mühafizəkarların toqquşması ilə nəticələndi. Mirmahmud Fəttayev, Əli Məsimov, Fazil Qəzənfəroğlu və Zəlimxan Məmmədli Ə.Kərimovdan ayrılıb, AXCP (k) yaratdılar.
AXCP-nin parçalanması bununla başa çatmadı. Bir müddət sonra AXCP (k)-də M.Fəttayevlə yola getməyən Qüdrət Həsənquliyev və Arif Paşayev AXCP (i) ilə AXCP (k)-ni birləşdirmək təşəbbüsü göstərdilər. Partiyaların bütövləşməsi məqsədilə konkret gün də təyin edildi. Həmin yığıncağa AXCP (i) və AXCP (k)-dən hamı gəlmədi. Buna görə də, gələnlər özlərinin "bütövləşdirici" AXCP-lərini yaratdılar.
Sözsüz ki, AXCP-nin parçalanması bununla bitmədi. Üç yerə bölünmüş Cəbhənin şəhər və rayon təşkilatlarının bəziləri "müstəqilləşmişlər" adı altında öz xüsusi Cəbhələrini yaratdılar. Vaxtilə AXC-nin İcraiyyə Komitəsinin sədri olan Fərəc Quliyev "AXC-nin bərpası üzrə Təşəbbüs Qrupu" yaradıb, klassik AXC-ni bərpa etməyə cəhd etdi. Nəticədə Təşəbbüs Qrupu iki yerə parçalanıb, ayrı-ayrılıqda fəaliyyət göstərdi. F.Quliyev isə, özünün hərəkatına qayıtdı. Sonralar Əli Məsimov, Fazil Qəzənfəroğlu, Asim Mollazadə, Qulamhüseyn Əlibəyli, Arif Paşayev liderləri Ə.Kərimov, M.Fəttayev və Q.Həsənquliyevdən ayrılıb, öz məxsusi partiyalarını yaratdılar. Liderlərin ətrafındakı funksionerlərin gedişi bu gün də güclənməkdədir. Bununla belə, sədr kürsüsündə oturanlar, hətta qanuni seçkilər vasitəsilə də öz postlarını tərk etməkdən imtina etməkdədirlər.
Vaxtilə Tahir Kərimlinin "Vəhdət" partiyası altı hissəyə parçalanmışdı. Ancaq partiyalar içərisində ən çox parçalananı AXCP oldu. Ancaq digər partiyalarda parçalanmalar geniş miqyas almaqdadır. Rauf Arifoğlu öz başının dəstəsi ilə Müsavatın sıralarını tərk etdikdən sonra, Vurğun Əyyubov, Qabil Hüseynli və digər funksionerlər İsa Qəmbərovun istefasını tələb edirlər. Ancaq başqan yanında hətta sonuncu müsavatçının qalacağı halda da, başqanlıq postunu tərk etməyəcəyini bildirir. Məlum olduğu kimi, Lalə Hacıyeva "MBH" yaradıb, liderlik kürsüsünə qalxdıqdan sonra, heç də ALP-ni arxa plana keçirməmişdi. Uzun müddət ALP-nin icraiyyə komitəsinin sədri kimi fəaliyyət göstərmiş Əvəz Temirxan, nəhayət, son vaxtlar "xanım"ın qəzəbinə tuş gəlmişdir. L.Hacıyeva çalışır ki, Ə.Temirxanı ALP-nin sədr kürsüsünə yaxın buraxmasın. Ə.Temirxan isə, partiyada uzun müddət fəaliyyət göstərməsini əsas gətirərək, sədr postuna can atır.
AMİP sədri Etibar Məmmədov da sədr postundan dördəlli yapışmayan liderlərdəndir. O, bu posta əvvəl Əli Əliyevi, o, partiya nizamnaməsini pozduqdan sonra isə Ayaz Rüstəmovu təyin etdi.Hazırda AMİP sədrsiz fəaliyyət göstərir. E.Məmmədov o qurumun sıralarına qoşulmağa hazırdır ki, icra strukturlarının sükanını ona versin. Belə bir qurum isə, indiyədək tapılmamışdır.
Bir sözlə, radikal partiyaların liderləri vahid bir partiya daxilində birləşməyi arzulasalar da, öz sədr postlarını əldən verməmək xatirinə, heç vaxt bu ideyanın gerçəkləşməsinə yol verməyəcəklər. Çox güman ki, bu cür ideyanın ortaya atılması deklarativ xarakter daşıyır. Yəni kənardan baxanlar desinlər ki, radikallar ciddi bir məsələnin müzakirəsinə girişiblər.