Etibar Məmmədov Norveçə gedəcək
Ötən həftə AMİP lideri Norveçin 4 müxalifət nümayəndəsini qəbul edib. Söhbət əsnasında qonaqlar Norveçin Azərbaycandakı keçmiş səfiri Steynar Gilin salamını E.Məmmədova çatdırıblar. Bu yerdə xatırlatmaq yerinə düşərdi ki, S.Gil ölkəsinin Azərbaycandakı təmsilçisi olsa da, tez-tez vəzifə səlahiyyətlərini aşır, radikal müxalifətin keçirdiyi mitinqlərdə iştirak edir və mətbuatda radikalların əməllərini təqdir edən ifadələr işlədirdi. Elə bil, onu buraya müxalifət-iqtidar münasibətlərini tənzimləmək üçün göndərmişdilər.
S.Gil 2003-cü il 15-16 oktyabr iğtişaşından sonra Rauf Arifoğluna Norveç səfirliyi binasında sığınacaq vermişdi. R.Arifoğlu istintaqa cəlb olunanadək burada qalmışdı. R.Arifoğlu da daxil olmaqla, "yeddilər"in digər nümayəndələri istintaq altında olarkən, S.Gil proseslərə müdaxilə edir və üsyançıları buraxmağı tövsiyə edirdi.
Bəli, Norveç müxalifətinin dörd nümayəndəsi o vaxt S.Gilin E.Məmmədova verdiyi 2500 dollar borc puldan söhbət açmışlar. O zaman özünə xidməti avtomobil almaq istəyən E.Məmmədov S.Gilin verdiyi pulu, müəyyən müddətdən sonra qaytarmaq şərtilə qəbul etmişdi. Lakin S.Gil paytaxtımızı tərk edənədək, borcu qaytara bilməmişdi. Norveç müxalifətinin nümayəndələri S.Gilin bu yöndəki təklifini E.Məmmədova çatdırmağı lazım biliblər. Deyiblər ki, pulu bütöv şəkildə qaytara bilmirsə, onu hissə-hissə S.Gilin keçmiş dostu R.Arifoğluna versin.
E.Məmmədov pulu nə S.Gilin norveçli nümayəndələrinə, nə də R.Arifoğluna qaytarmaq niyyətində olmadığını bildirdi. AMİP lideri bu hərəkətini heç cür əsaslandıra bilmədi. "Yeni Müsavat" qəzetində E.Məmmədova hücum kampaniyası bundan sonra geniş vüsət aldı. Qəzetdə E.Məmmədov gah "Böyük Britaniyanın əlaltısı", gah "iqtidara satılmış şəxs", gah da "Şuşa və Laçının işğalına xitam verənlərdən biri" kimi tənqid atəşinə tutuldu.
Uzun sürən söz güləşdirməsindən sonra, nəhayət, tərəflər konsensus yaratmağa nail oldular. Norveç müxalifəti nümayəndələri borc məsələsini dodurmalı oldular. E.Məmmədov məsələnin bir daha gündəmə gətiriləcəyi təqdirdə, xarici qonaqlarla əməkdaşlıq əlaqələrini dayandıracağını bildirmişdir. Müzakirəyə çıxarılan növbəti məsələ AMİP-lə Norveç müxalifətinin mütəmadi əlaqə yaratmasına həsr edilmişdir. E.Məmmədov Norveç müxalifətinin Bakıdakı təmsilçisi olmağa razılıq vermişdir. Norveç təmsilçiləri E.Məmmədovun fəaliyyətini zəiflətməsindən narazılıq etmiş və tezliklə fəallaşmağı məsləhət görmüşlər. E.Məmmədov fəallaşmağın bir o qədər çətin olmadığını bildirib, bunun üçün bir ətək pulun lazım olduğunu vurğuladı.
S.Gilin dostları bələdiyyə seçkilərində E.Məmmədova maddi və mənəvi dəstək verəcəklərini bildirib, arxasında duracağını təkrarladılar. Onlar bu seçkilər zamanı 17 nümayəndə ilə təmsil olunacaqlarını və E.Məmmədovun üzərində 34 gözün olacağını vəd etdilər. AMİP lideri, öz növbəsində, indiyədək dəstəksiz qaldığını və bu səbəbdən də fəaliyyətinin zəif olduğunu dilə gətirdi. Bu dəstəkdən sonra zirvələr fəth etməyə hazır olduğunu bildirən E.Məmmədov, "arxalı köpək qurd basar" deyib, havadarlarına göz vurdu.
Radikal həmkarlarının bir çoxu AMİP liderinin arxasınca yağlı müştərinin düşdüyünü görüb, "qudurasan, qurbağa" deyib, təəssüf hissi ilə köks ötürməkdən uzağa gedə bilmədilər. E.Məmmədov S.Gilə salam göndərib, himayədarlarını müqavilənin şərtlərini pozmamağa çağırdı. Belə qərara alındı ki, iyunun 24-də E.Məmmədov Norveçə səfər edəcək və orada danışıqları yüksək əhval-ruhiyyədə davam etdirəcəkdir.
İndiyədək AMİP sədri kütlələrin qeyri-fəal olduğunu bildirərək, siyasi fəaliyyətini zəiflətmişdi. E.Məmmədov üçün kütlələr bu gün də qeyri-fəal olaraq qalmaqdadır. Bunun E.Məmmədov üçün xüsusi əhəmiyyəti yoxdur. Başlıca cəhət odur ki, ona pul verib, dəstəkləmək istəyirlər. Demək, bu pulu almaq üçün lazım gəlsə, dəridən-qabıqdan çıxmaq lazımdır. Hansı nəticə hasil olacaqdır? Bunun E.Məmmədov üçün bir o qədər əhəmiyyəti yoxdur. Çünki pulu aldıqdan sonra, onu S.Gilin 2500 dolları kimi, sonradan verməmək də olar.
Necə deyərlər, fürsətdir, doyunca ye, Etibar bəy. Ancaq elə ye ki, həzm edə biləsən. Yoxsa S.Gilin həmvətənləri işi elə burarlar ki, uzun müddət bunun fəsadını öz üzərində hiss edərsən.