Eldar Namazov radikallarla işləməkdən təngə gəlib
Radikallar daxilinə sonradan gələn və "ANİF" adlı qurum yaradıb, özünü onun prezidenti bəyan edən Eldar Namazov onların həyat tərzindən çiyrənməyə başladığını bildirmişdir. E.Namazov ən çox radikallar arasında davam edən çirkli pul mübahisələrindən bezikdiyini bildirir. E.Namazov ayrı-ayrı radikal liderlərin xaricdən ayrılan pul üstündə, hətta bir-birini məhv etmək əzmində olduğunu diqqətə çatdırır. "ANİF" prezidenti bu cür düşüncə tərzinə malik olan siyasətbazlarla birgə işləmək istəmədiyini və tezliklə siyasi fəaliyyətini dayandıracağını bildirir.
E.Namazov xatırladır ki, Böyük Britaniyanın "İrgenkom" fondu referendum ərəfəsində "Azadlıq" bloku və Müsavat partiyasına təşviqat aparmaq üçün 130 min dollar göndərmişdi. O vaxt Müsavat qərargahında keçirilmiş yığıncaqda qərara alınmışdı ki, İngiltərədən göndərilən pulun bölüşdürülməsi "ANİF" prezidenti E.Namazova həvalə olunsun. Bu, pulun göndərilənə qədər olan mərhələsi idi.
Elə ki, "İrgenkom" fondu pulu göndərdi, bundan sonra ara qarışıb, məzhəb itdi. Pulu kimin bölüşdürəcəyi haqda qəbul edilmiş qərar yaddan çıxdı. İ.Qəmbərov pulun müəyyən hissəsini Müsavat mövqeli QHT-yə ayırdı. Qalan məbləğ isə İ.Qəmbərov və Ə.Kərimov tərəfindən qardaş malı kimi bölüşdürüldü. E.Namazov radikal "bəylər"in yalnız öz ciblərini güddüyünü görüb, onların təşviqat qruplarında təmsil olunmaqdan imtina etdi. "ANİF" prezidenti, ümumiyyətlə, referendumda iştirak etmədi. Pulların bilavasitə sahibləri olan "MBH" lideri Lalə Hacıyeva və "VİP" sədri Əli Əliyevə heç nə çatmayıb. Yaxın günlərdə L.Hacıyevanın da radikallardan şikayət etməsinin kökündə məhz bu məsələ dururdu. Sözsüz ki, Ə.Əliyev Ə.Kərimov və İ.Qəmbərovun bölgüsündən razı qalmayıb.
"ANİF" sədri yaxın günlərdə keçirəcəyini nəzərdə tutduğu mətbuat konfransında radikalların iç üzünü astarına çevirəcək bəzi məqamlar haqda açıqlama verəcəkdir. Bu zaman məlum olacaqdır ki, "ANİF" prezidenti təklikdə siyasi fəaliyyətini davam etdirəcək, yoxsa özünə yeni həmkarlar axtaracaqdır?! Yeganə yüz faiz məlum olan odur ki, bundan sonra E.Namazov nə "Azadlıq" bloku, nə də Müsavatla siyasi əməkdaşlıq əlaqələri qurmayacaqdır. Çox mümkündür ki, E.Namazov siyasi fəaliyyətini tamamilə dayandırsın.
Göründüyü kimi, E.Namazov referendum, 2005-ci il 6 noyabr parlament və 2003-cü il 15 oktyabr parlament seçkiləri ərəfəsində radikallarla yaratdığı əməkdaşlıq əlaqələrinə görə peşmançılıq hissi keçirməyə başlamışdır. O zaman radikal partiya liderləri E.Namazov kimi onlarla qurum üzvlərinə badalaq gələrək, onların sadəlövhlüyündən istifadə etmişlər.
Bu cür görüşlərdə Ə.Kərimov və İ.Qəmbərov kimilərin çoxluq görüntüsü yaratmaq üçün daha çox ictimai-siyasi qurumlarla məsləhətləşmələr aparmaları xarici ölkələrin maliyyə təşkilatlarından pul qoparmaq istəkləri ilə bağlı olmuşdur. Həmin görüşlər aylarla uzadılır və nəticə hər hansı ümumi rəyə gəlinmirdi.
O vaxt məsləhət və məşvərətlər yeni bloklar yaratmaq üçün aparılırdı. Nəticədə hər hansı bir qurum yaranmırdı. Ancaq xarici ölkələrin maliyyə dəstəkçilərinə belə məlumatlar ötürülürdü ki, guya müxalifət arasında bu və ya digər məsələnin həlli ilə əlaqədar qızğın debatlar keçirilir. Görünür, xaricdə kimisə aldadıb, puluna yiyələnmək olurdu. Ancaq hər dəfə bu və ya digər radikal partiyadan gedən funksionerlərin sayı da artırdı. Ümumiyyətlə, kadr axını radikal cinahda ciddi problemə çevrilmişdir. İş o yerə çatıb ki, artıq "ANİF" sədri E.Namazov da radikallardan üz döndərmək qərarını qəbul etmişdir.