PDF Oxu

Köşə

  • 11

Cəbhəni kimin dağıtması Əli Kərimovu da məşğul edirmiş

Cəbhəni kimin dağıtması Əli Kərimovu da məşğul edirmiş
Radikal müxalifət daxilində qarşıdurmalar dərinləşməkdə davam edir. Qulamhüseyn Əliyev getdikdən sonra AXCP (i)-də Əli Kərimovun hegemonluğu ilə barışmaq istəməyənlər kifayət qədər çoxdur. İslahatçıların bir çoxu bu gün də "Cəbhəni kim dağıtmışdır" sualına cavab axtarır. Bu sualı eşidən hər bir AXCP (i) üzvü sövq-təbii gözlərini Ə.Kərimova doğru çevirir.
Mayın 4-də AXCP (i)-nin idarə heyətinin üzvləri AXCP (i)-nin sədr müavini Fuad Mustafayevin evində öz toplantılarını keçirmişlər. Gündəlikdə duran yeganə məsələ Cəbhəni kimin dağıtmasını üzə çıxarmaq idi. Toplantıya F.Mustafayev sədrlik edirdi. Partiya sədri hüququndan istifadə edən Ə.Kərimov Cəbhəni kimin dağıtdığını bildiyini söylədi. İdarə heyətinin üzvləri onun danışmasını tələb etdilər.
Ə.Kərimov himə bəndmiş kimi, gül ağzını sandıq qapağı tək açıb pambığı tökdü: "Cəbhəni heç kəs yox, məhz Fuad Mustafayev parçalayıb dağıtmışdır". Ə.Kərimovdan subut istədilər. O isə, öz növbəsində, fikrini belə əsaslandırdı: "F.Mustafayev son 3-4 ildə Qüdrət Həsənquliyev, Asim Mollazadə, Fazil Qəzənfəroğlu, Əli Məsimov, Mirmahmud Fəttayev, Zəlimxan Məmmədli və onlarla digər funksionerləri müxtəlif təhqiramiz ifadələrə qonaq edib. İnciyənlər də bir-bir Cəbhənin sıralarını tərk ediblər. Nəticədə Cəbhə dağılıb".
Bu, Ə.Kərimovun fikridir. Ancaq AXCP (i) idarə heyətinin üzvlərinin heç biri sədrin dediklərinin doğruluğuna inanmayıb. Çünki Cəbhəçilər yaxşı bilirlər ki, partiyanı Ə.Kərimov öz ambisiyalı siyasəti ilə dağıtmışdır. Bu faktı ötən yaxın tarixi reallıqlar da sübut etməkdədir. Toplantıya sədrlik edən F.Mustafayev öz evində Ə.Kərimov tərəfindən təhqir olunmağı ilə razılaşmayıb və AXCP (i) sədrini "yekəbaşlıqda və qanmazlıqda" ittiham edib. "Çay içə-içə adamı təhqir etməyi ancaq Ə.Kərimov kimi yekəbaşlar və qanmazlar bacarar" deyə F.Mustafayev bildirib.
F.Mustafayev hirsli-hirsli Ə.Kərimovun üstünə gedərkən, AXCP (i) sədrinin sağ yumruğunu düyünlədiyini görüblər. Ancaq idarə heyətinin üzvü Gözəl Bayramova "ayıb olsun, sizə" deyərək, bir-birinin əlindən zəncir çeynəyənlərin dalaşmalarının qarşısını alıb. Ə.Kərimov pərt halda F.Mustafayevin evini tərk edib. Beləliklə, AXCP (i) idarə heyətinin toplantısı yarımçıq qalıb. Ən ibrətamiz cəhət odur ki, idarə heyətinin 12 üzvündən heç biri Ə.Kərimovla getməyib. Bu, başqa mətləblərdən xəbər verməkdədir. Bir azdan bu mövzuya qayıdacağıq.
Ə.Kərimov getdikdən sonra idarə heyətinin toplantısı yığıncağı davam etdirməyi lazım bilməyib. Ancaq belə bir qərar çıxarılıb ki, tezliklə Ali Məclisin yığıncağı keçirilsin və Ə.Kərimova partiya nizamnaməsini pozduğuna görə töhmət verilsin. Xatırladırıq ki, Qulamhüseyn Əlibəyli AXCP (i)-ni tərk edib getdikdən sonra yeni Ali Məclis sədri seçilməmişdir. Bu xırda məsələ idarə heyətinin üzvləri tərəfindən həll ediləcəkdir.
Sual oluna bilər ki, nə səbəbə idarə heyətinin 12 üzvündən biri də olsa, Ə.Kərimovu dəstəkləməyib? Bu, ilk növbədə, partiyada Ə.Kərimovun nüfuzunun olmamasını göstərir. Təklənmiş Ə.Kərimov bundan sonra yenə də sədr postundan dördəlli yapışıb qalacaqmı? Bəli, həmkarlarının dediklərinə görə, Ə.Kərimovu sədr postundan itələyib salmayınca, o, "bir sədr, bir papka" üsul-idarəsinədək qalmağa cəhd edəcəkdir. Bu faciəli məqam bütün radikal partiyaların mətbəxində yaşanmaqdadır. Burada, yenə də qeyd etməyi vacib bilirik ki, Lalə Hacıyeva kişi radikallardan qabağa düşüb, getmək haqda qərar qəbul etmişdir. Ə.Kərimov da İ.Qəmbərov kimi, hələ də getməyi planlaşdırmamışdır. Plansız gediş isə arxadan vurulan təpiklə müşayiət olunur. Görünür, AXCP (i) sədrinin həmkarları bu addımı atmağa məcbur olacaqlar.

Digər xəbərlər