PDF Oxu

Köşə

  • 13

“MBH” lideri siyasi arenanı tərk edir

“MBH” lideri siyasi arenanı tərk edir
Ayda bir dəfə çağırılan iclas müəyyən effektə malikdir. Bu effektdən faydalanmağın doğruluğunu inkar etmək doğru olmazdı. Ancaq elə ki, iclaslar mütəmadi olaraq keçirilməyə başlayır, o zaman onların hər hansı təsir gücünə malik olmalarını düşünməyə dəyməz. Çünki həftədə 4-5 və ya gündə 1-2 dəfə keçirilən iclasın hansı faydasından danışmaq olar. Bu gün bu cür iclasları ifrat radikallar keçirir. Özü də gündə bir neçəsini.
Uzağa getməyib, son bir-iki ayı nəzərdən keçirək. Radikallar, demək olar ki, hər gün iclas keçirirdilər. Bu iclasların heç birində təşkilatçılar heç bir yaxşı nəticə əldə etməyə nail olmamışlar. Son günləri götürək. Aprelin 29-da altı radikal partiya "Ümid" qərargahında yığıncaq keçirib. Nə danışıb, nə danışmamaları mətbuat səhifələrində geniş surətdə işıqlandırılmışdır. Görünür, yığıncaqda gündəlikdə duran məsələlərə konstruktiv tərzdə yanaşılmamışdır. Belə olsaydı, iclasın gedişindən iştirakçı partiya liderlərinin hamısı razı qalardı.
Aprelin 30-da "MBH" lideri Lalə Hacıyeva fövqəladə yığıncaq keçirmişdir. Xatırladırıq ki, L.Hacıyeva bir gün əvvəl "Ümid" partiyasının qərargahında keçirilən yığıncaqda altı müxalifət liderindən biri kimi iştirak edirdi. Bir çoxları elə güman edirdi ki, L.Hacıyeva "altılar"ın yığıncağının başlıca müddəalarını müzakirə edəcəkdir, özü də müsbət prizmadan.
Ancaq reallıq bunun əksini sübut etmişdir. "Ümid" qərargahında həmkarlarının boş-boş danışmalarından qəzəblənmiş L.Hacıyeva yığıncaqda, birmənalı tərzdə bildirmişdir ki, bugünkü radikallarla hər hansı bir iş görmək niyyətindən uzaqdır. "MBH" lideri öz nitqində radikal düşərgədə hökm sürən iyrənc hərəkətlərdən təngə gəldiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, indiyədək İ.Qəmbərov, Ə.Kərimov, S.Cəlaloğlu, Ə.Əliyev kimi simasızlarla bir cinahda iş birliyi yapdığı üçün təəssüf edir. L.Hacıyeva radikal liderlər haqda bəzi faktları da açıqlamışdır.
"MBH" liderinin dilə gətirdiyi faktlar radikalların səbatsızlıqları, fərasətsizlikləri, iş bacarıqlarının olmaması ilə əlaqədardır. L.Hacıyeva 2005-ci ildən bu günədək partiyanın fəaliyyəti üçün 250 min dollar xərclədiyini bildirmişdir. Onun dediyinə görə, bu vaxt ərzində, həmkarlarının haqsız təhqir və böhtanlarına məruz qalmışdı. L.Hacıyeva nitqinə belə nəticə vurmuşdu ki, o, bir daha ifrat radikallarla üzləşməmək üçün siyasi fəaliyyətini dayandırmaq istəyir.
L.Hacıyeva tezliklə mətbuat konfransı keçirib siyasətdən gedəcəyi haqda geniş açıqlama verəcəyini bildirmişdir. O, ALP sədrliyini və "MBH" liderliyini Əvəz Temirxana ötürəcəyini, özü isə ictimai fəaliyyətlə məşğul olacağını vurğulamışdır. Konkret desək, bundan sonra "MBH" lideri QHT fəaliyyəti ilə məşğul olacaqdır.
L.Hacıyeva radikalların fəaliyyətinə etirazını bildirən birinci müxalifət lideridir. Görünür, tezliklə digər liderlər də onun nümunəsindən yararlanacaqdır. Qeyd etmək istərdik ki, artıq E.Məmmədov 2005-ci ilin dekabrından etibarən öz siyasi fəaliyyətini məhdudlaşdıra-məhdudlaşdıra, onu iflic vəziyyətinə salıbdır.
Digər radikallar isə mövqelərindən dönməyəcəkləri təqdirdə, nə vaxtsa öz fəaliyyətsizliklərindən təngə gəlib, süqut mərhələsinə keçəcəklər. Yeganə doğru yol konstruktiv mövqe nümayişidir. Mümkündür ki, L.Hacıyevanın əsəblərini tarıma çəkən "Ümid" qərargahındakı yığıncaqda radikal partiya liderlərinin 10-15 il əvvəlki şüarları təkrarlamaları olmuşdur. Bu təkliflərdə bir yenilik görməyən "MBH" lideri bu cür bayağı siyasətbazlarla işləməkdənsə, dayanmağa üstünlük vermişdir.
Tüfəngin icad olunduğunu görən Koroğlu yay-ox və qılınc dövrünün başa çatdığı qənaətini qəbul etmişdi. Yəqin ki, L.Hacıyevanın gedişindən sonra radikallar başa düşəcəklər ki, xaricin köməyi ilə, doğulub-boya-başa çatdıqları ölkəyə arxadan zərbə vurmaq, ən azı naqislikdir. Doğrudanmı başa düşəcəklər?

Digər xəbərlər