Altı radikal partiya “Ümid” qərargahında yığıncaq keçirib
Aprelin 29-da altı radikal mövqeli partiya "Ümid" partiyasının qərargahına toplaşıb növbəti yığıncaqlarını keçirmişlər. "Ümid" sədri İqbal Ağazadə bir vaxt Ayaz Mütəllibovun qatı dəstəkçisi olmuşdu. Zaman keçdikcə, onun da fikirlərində ciddi təbəddülat yaranmış, nəticədə İqbal bəy bir çox həmkarlarını tərk edərək, son olaraq öz "Ümid"inə sığınmışdı. Hazırda o, ifrat radikalizm cinahındadır və radikal həmkarlarını qərargahına dəvət edib, birgə iclas keçirmələri üçün şərait yaratmışdır.
Həmkarları İ.Ağazadənin dəvətini dərhal qəbul etmişlər. "Ümid" qərargahında radikal həmkarları ilə dərdləşməyə təsələnlərdən biri də ADP sədri Sərdar Cəlaloğludur. O, Rəsul Quliyevin ADP sədri olduğu vaxtlarda baş katib vəzifəsində nisbətən inamsız görünürdü. 2005-ci il 17 oktyabrda R.Quliyev paytaxtımıza qayıda bilmədiyi üçün S.Cəlaloğlu özünü ADP sədri elan etmişdi. R.Quliyev legionerlərinin köməyi ilə ADP-ni tərk edib, "ACP" yaratdı.
"Ümid" qərargahına gələnlərin biri də Müsavat başqanı İsa Qəmbərov idi. Avropa liberallarına yaxınlaşdıqdan sonra funksionerlərindən bir çoxunu itirən İ.Qəmbərov siyasi reytiqini qoruyub saxlamaq üçün ən ağlasığmaz hərəkətləri də etməyə hazırdı. Yeganə istəyi Müsavat başqanı kürsüsünü boşaltmamaqdır. O, çox istərdi ki, Rauf Arifoğlu Müsavatın sıralarına qayıtsın. Ancaq R.Arifoğlunun "Yeni Müsavat" partiyasını bərpa etməsi Müsavatın sıralarının seyrəlməsinə səbəb olur.
29 aprel yığıncağında iştirak etməyə razılıq verən Əli Kərimov Əbülfəz Elçibəydən qalma cəbhənin axırına çıxdıqdan sonra radikalların "Azadlıq"dan qat-qat güclü olacaq yeni bolkunda təmsil olunmaq istəyir ki, Asim Mollazadə, Qulamhüseyn Əlibəyli kimi AXCP (i)-nin sıralarını tərk edənlərin irad və tənələrindən uzaq olsun. AXCP (i)-nin sıraları partiyanı tərk etməkdə olan digər funksionerlər hesabına get-gedə seyrəlməkdədir.
"MBH" lideri Lalə Hacıyeva da "Ümid" qərargahında görünmüşdür. O, "BMH" adlı radikal blokun qızğın çağlarında özünün "Liderlərin Strateji Mərkəzi" adlı qurumun yaradılması təklifi ilə yadda qalmışdı. "LSM" digər radikal qurumlardan onunla fərqlənəcəkdi ki, quruma üzv olan liderlər qərar qəbul etmək hüququnda olacaqdılar. Bu cür qurum görməyən kişi radikallar "LSM"-in yaranmasına maneçilik törətmişlər. Beləliklə, "LSM" yarandı. L.Hacıyevanın növbəti "hünəri" 2005-ci il noyabr parlament seçkilərində əldə etdiyi deputat mandatından imtina etməsi olmuşdur.
"Ümid" qərargahındakı yığıncağa gələnlərin sonuncusu "VİP" sədri Əli Əliyev olmuşdur. Etibar Məmmədovdan sonra AMİP-in sədr postunu ələ keçirən Ə.Əliyev tezliklə partiyanı "Azadlıq" blokunun sıralarına qoşdu. Ancaq E.Məmmədovun göz ağartmasından sonra da geri çəkilməyib AMİP-i parçaladı. Tabeliyində qalan hissəni "VİP" adlandırdı.
Bəli, aprelin 29-da altı həpənd "Ümid" qərargahında yığıncaq keçirmişdir. Yığıncaqda başlıca diqqət bu ilin sonlarında keçiriləcək bələdiyyə seçkilərinə yönəldilmişdir. Radikal liderlər həm bələdiyyə, həm də parlament seçkiləri ərəfəsində hüquq-mühafizə orqanlarına qarşı qarşıdurmalara getməyi və iqtidara təzyiq göstərməyi münasib bilmişlər.
İ.Ağazadə öz çıxışında demişdir ki, xarici maliyyə təşkilatları onlara 300 min dollar məbləğində vəsait göndərəcəkdir. "Ümid" sədri bu vəsaitin bir hissəsini məhz qarşıdurmalara yönəltməyi təklif etdi. İ.Qəmbərov isə diqqəti onlarla təxribat qrupu yaratmağı və onların vasitəsilə əks həmləyə keçməyin vacibliyini vurğuladı. Cəbhənin parçalanması qarşısında acizlik nümayiş etdirən Ə.Kərimov AXCP (i)-nin potensial qüvvəsinin tükənməz olduğunu vurğuladı. Beləliklə, radikalların fikirlərində müsbət dəyişikliyin olmaması bir daha öz təsdiqini tapdı. Onlardan müsbət addımlar gözləyənlər isə yanıldıqlarını başa düşdülər.