NEFTÇİ, milyonlar səninlədir!
Onun haqqında yenə yazıram. Çünki o, mənim və minlərlə azərbaycanlının uşaqlıq arzuları, qəlbən sevdiyi, bütün varlığı ilə inandığı ideal KOMANDASIDIR. O komanda ki, uşaqlıqda daima qələbəsinə görə neçə gün sevinc keçirər, məğlubiyyətində isə evimizin kənarındakı çayın qırağına gedib ağlayardım. Onu uzaq İspaniyada da, Almaniyada da, Nigeriyada da, Şərqindən tutmuş Qərbinə qədər hər yerdə məhz Azərbaycanın "Barselona"sı, köklü futbol ilahəsi kimi tanıyırlar. Heç kim mənimlə mübahisə etməsin, heç bir Azərbaycan klubu "Neftçi"nin qazandığı rəğbəti və imici onilliklər bundan sonra da qazana bilməz!
O, artıq özünə QAYIDIR. "Xəzər-Lənkəran"la prinsipial oyunda iddialı qələbəsi, "İnter"i dayandırması onu göstərir ki, komanda az qala bir ilə qədərki dəhşətli böhrandan çıxmağa başlayıb. Düzdür, nə kubok, nə də çempionluq artıq bizlik deyil, amma indiki bütün hazırlıqlar məhz 2010-cu ilə HESABLANIB. "Neftçi" üçün hər şey gələn ildən başlanır. Minlərlə "Neftçi" azərkeşi ümidlərini növbəti dünya çempionatının keçiriləcəyi ilə bağlayıblar. Taleyin qəribəliyi olsa da, biz "Neftçi"yə olan ümidlərimizi gələn ilə bağladığımız kimi, dünya ölkələri də bütün ümidlərini 2010-cu ildəki dünya çempionatına bağlayıb.
"Neftçi"nin ölkədə ən azı MİLYONDAN çox azərkeşinin olduğunu deməyə yəqin ki, ehtiyac yoxdur. SSRİ dövründə Azərbaycanın yeganə təmsilçisinə o zamankı 4-5 mln-luq Azərbaycan vətəndaşının azı iki milyona yaxınının azərkeşlik etdiyini yada salsaq, onda hər şey məlum olar. Amma... hər şeyin başında bu əmma var və mən də yenə sevimli komandamın rəhbərliyinə öz iradlarımı çatdıracağam. Deyəsən, Valeri Lobanovski idi də, deyirdi ki, AZƏRKEŞ DƏSTƏYİ QƏLƏBƏNİN TƏN YARISIDIR.
Bəli, əsil azərkeşlər məhz televiziyadan hər şeyi seyr etməyə maraqlıdırlar. Niyə? Bu, birincisi milli psixologiyamızla bağlıdır, sanki stadionlara getməyə ərinirik, yaxud bu stadiondakı oyunçular (futbolçular yox ha!) oynadıqları oyunla bizi özlərinə cəlb edə bilmirlər, bir də ona görə ki, ümumiyyətlə, STADİONLARIMIZ PİS GÜNDƏDİR! Yaxşı oyun üçün yaxşı futbolçu və yaxşı stadion olmalıdır. Allaha and olsun ki, bizim baş arena olan Respublika Stadionunun qıraqları müharibə səngərinə oxşayır. Ekskavatorla stadionun qıraqlarını qazıb səngər düzəldiblər və bu qıraqdan cəbhə xəttini xatırladır. Belə atmosferada nə oynayacaqsan ki? Kriştiyano Ronaldo neçə il bundan qabaq orada xəndəyə düşmüşdü, indi Messi iyunun 9-da ora düşsə, kim cavab verəcək, hə?
Amma "Neftçi" rəhbərliyinə, o rəhbərliyə ki, Azərbaycanın Barselona"sına rəhbərlik edirlər - onlara iradım budur ki, hazırda komandanın meydanlardan qıraqda qalan yüz minlərlə azərkeşini meydanlara gətirsinlər! Bunun üçün xüsusi proqram hazırlanmalıdır və hazırkı Azərbaycan futbol klublarında özfəaliyyət dərnəyinə bənzəyən "Fan-klub"lardan fərqli olaraq ictimaiyyətlə, komandanın azərkeşləri ilə "dəmir əlaqə" yarada bilən işlək qurum yaradılmalıdır. Buraya ölkənin tanınmış siyasi-ictimai xadimlərindən, mədəniyyət xadimlərindən tutmuş, dünyanın nüfuzlu şəxslərinə qədər cəmiyyət üçün önəmli adamlar cəlb olunmalıdırlar. O adamlar ki, həqiqətən, "Neftçi"yə qəlbən bağlıdırlar və özlərindən sonrakı nəsillərə də "ağ-qaralı" formanı ərməğan edə və irsən ötürə biləcəklər. Məsələn, Avropa liderləri "Barselona"nın, "Liverpul"un, "Çelsi"nin dəlisov fanatına çevrildikləri kimi, qonşu Türkiyədə bu ölkənin Baş nazirindən tutmuş "Kurtlar vadisi" serialındakı "Memati"sinə qədər "Beşiktaş", "Fənərbaxça" "xəstəsinə" döndükləri kimi, mən də istəyirəm ki, Azərbaycanın qəlbən "Neftçi"yə bağlı olan tanınmış simaları, aparıcı xadimləri "ağ-qaralı" formaya sahib olsunlar. Məsələn, təklif edərdim ki, "Neftçinin dostları" azərkeş klubu yaradılsın və hamımız orada birləşək. Bu iş mətbuat vasitəsilə geniş şəkildə işıqlandırılmalıdır və ən əsası isə, bu qurum ölkə ictimaiyyəti ilə, sözün əsil mənasında, geniş İŞ APARMALIDIR, qıraqda qalan yüz minlərlə "Neftçi" azərkeşini meydanlara gətirməlidir. Flaqmanın, Azərbaycan futbolunun "Barselona"sının şərəfinə, adına uyğun olaraq ən zəif komanda ilə oyuna ən azı on minə yaxın azərkeş gəlməlidir. Bir də, ən əsası futbolumuzu, onun flaqmanının nüfuzunu bütün dünyaya göstərmək üçün nəcib QADINLARIMIZIN, gələcək nəsillər kimi əzizlədiyimiz UŞAQLARIMIZIN "Neftçi"nin prinsipial azərkeşlərinə çevrilmələri üçün ev-ev, məktəb-məktəb düşüb İŞ APARMAQ LAZIMDIR. Gələcək əsrlər üçün prinsipial azərkeş ordusu yaratmaq. Sadəcə, bu, yetər. Bir də yaxşı futbolçular almaq lazımdır ki, oyuna azərkeş gətirsin. Əkbər müəllim, İlqar müəllim mən "Neftçi"nin ƏBƏDİ azərkeşi və jurnalist kimi öz komandamın uğuru üçün sizinlə bir yerdəyəm. Hər kəsə, "Neftçi"nin meydanlara gəlməyən yüz minlərlə azərkeşinə deyirəm, gəlin doğma komandamız üçün əl-ələ verək, onu gələcəyə aparaq. "Neftçi", hər şey sənin naminə!