PDF Oxu

Köşə

  • 7

Aydın Quliyev liberal-demokratik tipli partiya yaratmaq istəyir

Aydın Quliyev liberal-demokratik tipli partiya yaratmaq istəyir

Yazılarımızdan birində mühacir həyatı yaşayan Rəsul Quliyevin "ACP" sədri Akif Şahbazovu tutduğu postdan uzaqlaşdırmaq istəyində olduğunu yazmışdıq. Liderlərin bu bəyanatı ilə tanış olan Akif bəy hətta bundan sonra da tutduğu vəzifədən uzaqlaşmayacağını bildirmişdi. Göründüyü kimi, "ACP" daxilində liderlə sədr kürsüsündə oturan funksionerlərin tet-a-tet üz-üzə dayandığı faktı qeydə alınmışdır.
A.Şahbazov liderinin fikri ilə hesablaşmamaqla nəyə nail olmaq fikrindədir? Əgər cəsarət edib liderinin sözünün qabağında söz güləşdirirsə, deməli, etirazını nə iləsə əsaslandırmaq fikrindədir. A.Şahbazov nə edəcək, bu, onun bəlkə də şəxsi işidir. Ancaq "ACP" sədri məsələnin şəxsilikdən çıxıb ictimai dairəyə daxil olduğunu bildirir.
R.Quliyev may ayında keçirəcəyini nəzərdə tutduğu partiya qurultayında, ilk növbədə, diqqəti A.Şahbazovun sədrlik postundan uzaqlaşdırılması məsələsinə yönəldəcəyini bildirmişdir. "ACP" liderinin fikrincə, A.Şahbazov vəzifəsinin öhdəsindən gəlmir və göndərdiyi pulları partiyanın güclənməsinə sərf etmir. "ACP"-nin "Bakı xəbər" qəzetində işləyən Aydın Quliyev A.Şahbazovun partiyanın təbliği sahəsində qəzetdə hər hansı bir iş görmədiyini bildirir. O, qəzetin ADP dövründən fəaliyyət göstərdiyini bildirsə də, "ACP" funksionerlərinə qəzetinin səhifələrində çıxış etməyə icazə verdiyini bildirir.
Liderlə sədrin mübahisəsində A.Quliyev, haqlı olduğu üçün R.Quliyevə üstünlük verdiyini bildirir. A.Şahbazov isə, hələlik, onu qeyd edir ki, yaxın həmkarları vəziyyətin necə olduğunu yaxşı bilir və hamısı da şahiddir ki, R.Quliyev son 9 ayda partiyaya xərcləmək üçün bir qəpik də olsa pul göndərməmişdir. A.Şahbazov əmindir ki, qurultay keçirilərkən, onlardan heç biri R.Quliyevin təklifi ilə razılaşmayacaq.
Bu cür bəyanatla çıxış etməsi onu göstərir ki, A.Şahbazov qurultayda öz sədr postunu və siyasi mövqeyini qorumağa çalışacaqdır. A.Şahbazov inanmır ki, əks tərəfdən kimsə cəsarət edib onu kürsüsündən uzaqlaşdırmağa cəhd etsin. Belə çıxır ki, R.Quliyevin xaricdə olması A.Şahbazovu cəsarətə gətirmişdir. Hiss olunur ki, o, partiya daxilindəki tərəfdarlarına arxalanıb, qurultayda parçalanma yarada bilər. A.Quliyev A.Şahbazovun tərəfdarlarının bir o qədər də çox olmadığını və qurultayın onu sədr postundan uzaqlaşdırmaq haqda qərarı olarsa, sədrin probka kimi uçacağına əmindir. A.Quliyevin fikrincə, R.Quliyevin tərəfdarları kifayət qədər çoxdur.
"Bakı xəbər" qəzetinin baş redaktoru "ACP"-də R.Quliyevlə mübahisə etmək səviyyəsində funksionerin olmadığını bildirir və A.Şahbazovun qurultaydan sonra quzuya dönəcəyini xatırladır. Bununla belə, hətta A.Quliyevin özü də "ACP" sırasında siyasi fəaliyyətini davam etdirmək istəmədiyini bildirir. Qurultayda partiyanın parçalanacağı təqdirdə, "ACP"-nin nə R.Quliyev, nə də A.Şahbazov qanadında qalmayacağını vurğulayır.
A.Şahbazovu, A.Quliyevi, Z.Dünyamalıyevanı və eləcə də digər "ACP" üzvlərini dinlədikdən sonra, adamda belə bir təəssürat yaranır ki, funksionerlərin hər birinin özünəməxsus "ACP" dünyası vardır. Bəs əlində təbliğat vasitəsi olan A.Quliyev neynəmək niyyətindədir? "Bakı xəbər"in baş redaktoruna yaxın olan "ACP" funksionerlərindən birinin dediyinə görə, A.Quliyev və dəstəkçilərinin öz şəxsi planları var.
Beləliklə, hiss etməmək olmur ki, həm A.Şahbazov, həm də A.Quliyev "ACP" daxilindəki tərəfdarlarına arxalanırlar. Biri "ACP"-ni parçalamaq istəyir. Bəs o birinin planının mahiyyəti nədən ibarətdir? Araşdırmalarımız nəticəsində məlum olmuşdur ki, A.Quliyev yeni partiya yaradıb, onun sədri kürsüsünə qalxmaq istəyir. Deyəsən, o, liberal-demokratik tipli partiya yaratmaq istəyir. Hazırda A.Quliyev öz həmkarları ilə bu yöndə müzakirələr aparmaqdadır. A.Quliyev belə hesab edir ki, hazırkı şəraitdə yeni tipli partiya yaratmaq qeyri-mümkündür. Baş redaktor belə hesab edir ki, cəmiyyət elə kamil halda deyil ki, yeni partiyanı həzm etsin. Odur ki, A.Quliyev bir qədər gözləmək fikrindədir.

Digər xəbərlər