Əli Kərimov Xankəndinə gedəcək
"Demokratiya Uğrunda İttifaq" ("DUİ") radikallara müraciət edib müxalifətin birgə konfransını keçirmək təklifini irəli sürüb. Yəqin ki, "DUİ" üzvləri - "KAXCP", "BAP", "MDP" və "Azadlıq" partiyası funksionerləri belə hesab edirlər ki, qarşıdan gələn bələdiyyə və parlament seçkiləri ərəfəsində müxalifətin birgə konfransı elə radikalların özü üçün panaseya ola bilər. Hər halda bunlar belə düşünür.
Bəs kim "DUİ"-çilərdən fərqli düşünür? Əlbəttə, AXCP (i) sədri Əli Kərimovun həm də "Azadlıq" siyasi blokunun üzvü olduğunu nəzərə alsaq, deyə bilərik ki, "MBH" lideri Lalə Hacıyeva da, elə "VİP" sədri Əli Əliyev də "DUİ"-nin təklifinə qarşı çıxırlar. Daha qayıdıb blok üzrə həmkarlarının ayaqlarını basan deyillər ki! Heç heyvan heyvanın əleyhinə çıxmır, radikal da radikalın əleyhinə çıxarmı?
"DUİ"-çilər "Azadlıq" siyasi blokunu sevmirlər. Qurum üzvləri belə hesab edirlər ki, "Azadlıq" bloku müxalifətin birliyini qəbul etmir. Belə olmasaydı, onlar radikalların birgə konfranslarının keçirilməsinə yox deməzdilər. Radikallar daxilində "DUİ"-nin ikinci bədxahı referendum ərəfəsində radikalların təsis etmiş olduqları "Qarabağ və Respublika Uğrunda Hərəkat" təşviqat qrupudur.
"QRUİH"-in təşviqat məsələsi referendum zamanı özünü doğrultmadı. Ancaq radikallar qrupun fəaliyyətini dayandırmamışlar. Buna görə də buraxılmamış "QRUİH" "DUİ" əleyhinə təşviqatını gücləndirməyə başlaimışdır. Qrupun hücumundan ən çox təhqir payı alan "DUİ" üzvü və "Azadlıq" partiyasının sədri Əhməd Oruc olmuşdur. Bununla belə, "QRUİH"-in iradının başlıca səbəbi referendum ərəfəsində "DUİ"-nin qrupun sıralarına qoşulmaması olmuşdur. "DUİ"-çilər isə, öz növbəsində, qərarlarının düzgün olduğunu bəyan etməkdədirlər. Yəni radikalları, əsasən, "Azadlıq" siyasi blokunu təmsil edən "QRUİH" referendum zamanı uğur qazanmayaraq, iflasa uğramışdır. İkincisi isə, onlar "QRUİH"-in referendumdan sonra söz demək hüququnda olmadığını və buraxılmağa məhkumluğunu bildirmişlər.
ADP sədri Sərdar Cəlaloğlu əvvəllər "Azadlıq" siyasi blokuna hücum etsə də, indi tənqid və təhqir hədəfini "DUİ"-yə doğru yönəltmişdir. Elə Müsavat partiyası da "DUİ"-nin təklifinə reaksiya verməməyə üstünlük verib. Aradan çox sular axsa da, "KAXCP" sədri Mirmahmud Fəttayev və Müsavat başqanı İsa Qəmbərov arasında baş vermiş narazılıqlar hazırda antoqonist ziddiyyətlər həddinə çatmışdır. Bu amil tərəflərin yaxınlaşaraq, dostluq münasibətləri qurmalarına imkan vermir.
"DUİ" müxalifətin birgə konfransının keçirilməsi ideyası üzərində düşündüyü bir vaxtda "Azadlıq" siyasi bloku və AXCP (i) sədri Əli Kərimov Xankəndinə səfər edəcəyi haqda bəyanat vermişdir. Ermənistan rəsmilərinin torpaqlarımızı qaytarmayacaqları haqda sərt bəyanatlar verdikləri bir vaxtda Ə.Kərimovun Xankəndinə nə məqsədlə getdiyi müəmmalı olaraq qalmaqdadır.
Ə.Kərimovun səfərini Erməni Ümummilli Hərəkatının lideri Stepan Dəmirçiyan təşkil edir. Bu məqsədlə o, AXCP (i) sədrinə 20 min dollar göndərmişdir. Səfər Gürcüstan ərazisindən keçməklə gerçəkləşdiriləcəkdir. Ə.Kərimov Tbilisidə Nino Burcanadze və digər müxalifət partiyalarının sədrləri ilə görüşməyi nəzərdə tutur.
Ermənistan və Gürcüstan müxalifəti Azərbaycan müxalifəti isə əməkdaşlıq edərək, Bakıda mitinq və nümayişlərin miqdarını artırmağı nəzərdə tutur. Xankəndində keçirilən tədbirdə hər üç ölkənin müxalifət nümayəndələri etiraz aksiyalarının daha da sərtləşdirilməsi yönündə fikir mübadiləsi aparacaqlar.
Soros fondunun nümayəndələri Xankəndində keçirilən tədbirdə iştirak edərək, Cənubi Qafqaz müxalifətinin daha ciddi addımlar atması üçün istənilən qədər maliyyə yardımı ayıracaqlarına və dəstəkçi olacaqlarına əyani tərzdə inandırmağa çalışacaqlar. Ə.Kərimov hadisələri öz gözləri ilə görmək üçün Xankəndi səfərinə çıxacaq, yolüstü Tbilisidə Gürcüstan müxalifətinin mitinq təcrübəsindən yararlanmağa cəhd edəcəkdir.