PDF Oxu

Köşə

  • 5

Sabitlik məngənəsində boğulanlar

Sabitlik məngənəsində boğulanlar
Radikal müxalifət referendum seçkilərində də uğursuzluqla üzləşmişdir. MSK-da iki təşviqat qrupunu qeydiyyatdan keçirməyə nail olan radikallar əhalini öz "həqiqətləri"nə inandıra bilməmişlər. Onların "həqiqətləri"ndə isə yalan və iftira çalarları daha çox müşahidə edilmişdir. Radikallar var qüvvələri ilə inandırma mexanizmlərini işə salmışdılar. Ancaq həm şəhərlərdə, həm də kəndlərdə onlara inananlar az olmuşdur.
Əlbəttə, radikallar Konstitusiyaya əlavə ediləcək bütün dəyişikliklərin əleyhinə çıxırdılar. Ancaq başlıca diqqətlərini 101-ci maddəyə ediləcək dəyişiklik əleyhinə yönəltmişdilər. Bu maddədə müharibənin davam etdiyi bir vaxtda ölkə prezidentinin səlahiyyət müddətinin məhdudlaşdırılmasına qarşı çıxılır və fəaliyyətində qüsur olmayan prezidentə bir neçə müddətə seçilmək hüququ verilir.
Ölkə əhalisi 29 maddənin hamısının lehinə səs verməklə müxalifətin mövqeyi ilə razılaşmadığını, iqtidarın yürütdüyü siyasəti dəstəklədiyini nümayiş etdirmişdir. Çaşqın durumda qalan radikal müxalifət, üstəlik, bir blok daxilində birləşmək sahəsində də qlobal problem yaşamaqdadır. Qəribə cəhət odur ki, mövcud olan yeganə "Azadlıq" bloku da parçalanmaq təhlükəsi ilə üzləşmişdir. Artıq AXCP (i) sədri və "MBH" lideri bir blokda fəaliyyətlərini davam etdirməyə çətinlik çəkirlər.
Ayrı-ayrı ifrat radikal müxalifət partiyaları da daxili qarşıdurma həddindədirlər. Bu faktların hamısı real gerçəkliklə bağlıdır. Müsavat, ALP, AXCP, ADP, "ACP" və digər radikallar 2003-cü il 16 oktyabr prezident seçkilərindən sonra başa düşdülər ki, zamanın məhvəri onların zərərinə işləməkdədir. Bəzi radikallar bu reallığı görməzliyə vurdular.
Elə bu vaxtdan etibarən müxalifət daxilindən çıxan bəzi siyasilər konstruktiv yol tutmağa üstünlük verib, radikalların mövqelərini tənqid atəşinə tutmuşlar. Konstruktivlər radikalların xarici ölkələrin maliyyə təşkilatlarına işləmələrinə dözüm nümayiş etdirməmiş və onların xarici ölkələrin kəşfiyyat orqanlarına işləməkdə ittiham etmişlər. Konstruktiv müxalifətçilər başlıca diqqəti xalqa arxalanmağa və dövlətçiliyin möhkəmləndirilməsinə yönəltməyə üstünlük verdiklərini etiraf etdilər. 1988-ci ildən 1992-ci ilədək SSRİ DTK orqanlarında işləyən radikallar, daha sonra xarici ölkələrin kəşfiyyat orqanlarının qulluğunda durmağa üstünlük verirdilər. Onların əksəriyyəti bu gün də köhnə peşələrindən əl çəkə bilmirlər. Görünür, xarici ölkələrin maliyyəsinin şirinliyi hələ də damaqlarında qalmaqdadır. Bəd xasiyyət və vərdiş ölüncə bu cür adamların canlarından çıxmır. Atalarımız haqlı olaraq, "qozbeli qəbir düzəldər" demişlər. Bu cür "qozbellər"lə mübarizə aparmaq bir o qədər də çətin deyil.
Xarici ölkələrin maliyyə təşkilatlarının dəstəyi ilə işləməyin zərərini, onlarla konstruktiv mövqeli müxalifətçilərdən sonra, AMİP sədri Etibar Məmmədov da 2005-ci il 6 noyabr parlament seçkilərindən bir qədər sonra anlamağa başlamışdır. O vaxt Müsavat, AXCP (i), ADP kimi radikal partiyalar münasib bir blok yaratmaq hayında idilər. Onlar E.Məmmədovu da sıralarına qoşulmağa çağırırdılar. AMİP sədri onların təkliflərini rədd etmişdi.
E.Məmmədovu bu gün də radikal mövqeli adam hesab edirlər. E.Məmmədovun özü isə xilas yolunun nə radikalizm, nə də bir blokda birləşmək olmadığını yaxşı bilir. Dörd il əvvələ qədər onun bilmədiyi yeganə olay sabitliyin nə səbəbə bu qədər davamlı olmaması idi. Ancaq xeyli düşündükdən sonra E.Məmmədov onu narahat edən sualın cavabını tapdı. Bu, iqtidarın yürütdüyü düzgün iqtisadi və siyasi xətt nəticəsində yaranmış sabitliyin dönməzliyi idi. Bəli, xalq həqiqətən də, bu siyasəti dəstəkləyir və ifrat radikalların dediklərini qulaqardına vurur. E.Məmmədov da baxıb görür ki, həyat şəraiti get-gedə yaxşılaşmaqda olan əhali küçə və meydanlara axışıb, E.Məmmədova bənzər lider axtarışına çıxmır. E.Məmmədov bunu başa düşüb, sədr postundan imtina etdi. Növbə digər radikallarındar.

Digər xəbərlər