PDF Oxu

Köşə

  • 7

Rəsul Quliyev Akif Şahbazovu sədr postundan uzaqlaşdırmaq istəyir

Rəsul Quliyev Akif Şahbazovu sədr postundan uzaqlaşdırmaq istəyir
Mühacir həyatı keçirən "ACP" lideri Rəsul Quliyev haqda müxtəlif şayiələr yayılmaqdadır. Bəzi "ACP"-çilər onun Nyu-Yorkda, digərləri Avstriyada, üçüncülər isə Londonda olduğunu bildirirlər. Mübahisə doğurmayan cəhət isə odur ki, harada olmasından asılı olmayaraq, R.Quliyev lideri olduğu "ACP"-ni yaxşı idarə etmək üçün əlaqədar şəxslərlə mütəmadi telefon əlaqəsi saxlayır. Əlaqədar şəxslər dedikdə, ilk növbədə, "ACP"-nin Bakıdakı başlıca funksionerləri nəzərdə tutulur.
Bəs nə səbəbə, bu sırada, ilk olaraq, "ACP" sədri Akif Şahbazovun adı çəkilmir? Hiss olunur ki, "ACP" lideri və "ACP" sədri arasında müəyyən soyuqluq yaranmışdır. R.Quliyev ADP sədri olarkən, həmin partiyanın baş katibi Sərdar Cəlaloğlu ilin on iki ayı ərzində R.Quliyevin Azərbaycana qayıdacağından danışır və bu mövzuda danışmaqdan sanki zövq alırdı. R.Quliyev isə cəmi bir dəfə, o da 2005-ci il 17 oktyabrda 6 noyabr parlament seçkiləri ərəfəsində Bakıya qayıtmağa cəhd etdi. Çarter reysi ilə Londondan uçan R.Quliyev Binə aeroportu üzərində bir dövrə vurduqdan sonra yerə qonmaq üçün Simferopol aeroportuna doğru kurs götürmüşdür.
S.Cəlaloğlu R.Quliyevin bu qorxaqlığını bağışlamamış və ADP-ni parçalamaq yolu tutmuşdur. ADP-dəki legionerlərin hamısı R.Quliyevin liderliyi altında "ACP" sıralarına qoşulmuşlar. Legioner A.Şahbazovu sədr vəzifəsinə R.Quliyevin özü təyin etmişdi. Ancaq son vaxtlar, o, A.Şahbazovun fəaliyyətindən narazı qaldığını bildirməyə başlamışır. R.Quliyevin dediyinə görə, son üç ay ərzində "ACP"-yə 96 min dollar məbləğində maliyyə yardımı ayırmışdır. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, A.Şahbazov partiya üçün cəmi 6 min dollar xərcləmiş, qalan 90 min dolları isə mənimsəmişdir.
R.Quliyevin təhriki ilə bu ilin mayında "ACP"-nin qurultayı keçiriləcəkdir. R.Quliyev tərəfdarları A.Şahbazovun yenidən sədr seçiləcəyini istisna edirlər. Onların dediklərinə görə, R.Quliyev A.Şahbazovun yenidən sədr seçilməsini lazım bilmir. Bəzi "ACP" funksionerləri isə A.Şahbazovun partiya sıralarından uzaqlaşdırılacağı haqda proqnozlar verirlər. Fikirlərini isə R.Quliyevin A.Şahbazov haqda mənfi fikirdə olması ilə əsaslandırırlar. Deyirlər ki, A.Şahbazov R.Quliyevin ayırdığı pulların bir qəpiyini də onlara göstərmir.
Bəs baş verənlərə A.Şahbazovun münasibəti necədir? "ACP" sədri R.Quliyevin qorxaq, yalançı və ikiüzlü olduğunu bildirir. Onun dediyinə görə, adını "ACP"-nin lideri qoyan R.Quliyev partiyanın maliyyə xərcləri üçün cibindən bir qəpik də ayırmır. A.Şahbazov daş atıb, başını tutur ki, əldə etdiyi nisbi vəsaiti partiyaya rəğbət göstərən imkanlı şəxslərdən almaq üçün yaxasını cırmalı olur. Mayda keçiriləcək qurultayda sədr postundan uzaqlaşdırılacağı haqda fikirlərə A.Şahbazov bu cür açıqlama verir: "Partiyanın məsuliyyət yükü çiyinlərimə yüklənmişdir". Mayda keçiriləcək qurultayda kimin işləyib, kimin əl-əl üstə qoymasının asanlıqla müəyyənləşdiriləcəyini və məhz ikincilərin partiyada tutduğu vəzifəsindən uzaqlaşdırılacağını deyən A.Şahbazov, uzaqdan-uzağa yağmaq əvəzinə guruldamaqda olan R.Quliyevin liderlikdən kənarlaşdırılacağının da gündəlikdə durduğunu vurğuladı.
Belə ehtimal etmək olar ki, may ayında "ACP" lideri və sədri arasında gərgin durum yaşanacaqdır. Müxalifət şərhçilərinin dediklərinə görə, "ACP"-nin iki qanada parçalanması mümkündür. A.Şahbazov, nəyin bahasına olursa-olsun, sədr kürsüsündə möhkəmlənəcəyini bildirir. R.Quliyev-A.Şahbazov qarşıdurması zamanı "ACP" sədrini yalnız müavini Yaqub Abbasov yox, həm də Müsavat başqanı İ.Qəmbərov da dəstəkləyəcəkdir. Müsavat başqanı R.Quliyevin uduza-uduza gedəcəyini və axırda partiyasız qalacağını bildirir. Səbəbi də R.Quliyevin xaricdə olması ilə əlaqələndirir. "Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev A.Şahbazovun uduzmasını istərdi. Çoxları çox şey istəyir, nəyin necə olacağı isə "ACP"-nin mayda keçiriləcəyi gözlənilən qurultayında məlum olacaqdır.

Digər xəbərlər