PDF Oxu

Köşə

  • 9

“Neftçi”, özünə dön!

“Neftçi”, özünə dön!
Onun haqqında yazmaya bilməzdim. Çünki o, mənim və mənim kimi neçə-neçə azərbaycanlı gəncin FUTBOL MƏBƏDİDİR. Bütün qəlbi ilə onun üçün HƏR ŞEYİ ETMƏYƏ hazır olan, qələbə çalanda sevinc göz yaşları tökən, uduzanda isə səhərə qədər fikir çəkən bizlər üçün o, ƏSİL FUTBOL ALLAHIdır. O, oynayanda daima məktəbdən evə qaçdığımı da, uduzanda evimizin yanındakı çayın qırağına gəlib hönkür-hönkür ağladığımı da elə şirin -şirin xatırlayıram ki. Artıq dünyada bütün millətlərin öz futbolları ilə fəxr edib nəfəs aldıqları anda, daima başqalarının Çempionlar Liqası və UEFA kubokunda at oynatmalarına həsədlə yanaşan, özününkülərə görə köks ötürən hər bir azərbaycanlının bütün olan-qalan ümidləri ONADIR! Gözlər ONA DİKİLİB. Bu, sənsən. Yüz minlərlə, milyonlarla azərbaycanlının qəlbində özünə sevgi və məhəbbət piramidası yaradan futbolumuzun kralı "Neftçi"!
"Barselona", "Real-Madrid" ispanlar üçün, "Liverpul", "Mançester-Yunayted", "Çelsi" ingilislər üçün, "İnter", "Milan", "Yuventus" italyanlar üçün, "Fənərbaxça", "Beşiktaş" və "Qalatasaray" türklər üçün nədirsə, sən də Azərbaycan xalqı üçün o dərəcədə əzizsən. Heç kim sənin böyüklüyünü dana bilməz. Çünki bu, mümkün deyil. Azərbaycanda futbol tarixinə dair acılı-şirinli nə varsa, bu, sənin ADINDIR!
Bu, həmin "Neftçi"dir ki, Çempionlar Liqası çərçivəsində keçirdiyi oyunlarda UEFA Kubokunun sahiblərini,- Belçika "Anderlext"ini, Rusiya "SSKA"-sını, keçən il isə ilk dəfə qatıldığı UEFA İntertoto Kubokunda Sloveniya, Belçika və Rumuniya klublarını Bakıdan əliboş yola saldılar. Artıq on ildir ki, "Neftçi" nə Çempionlar Liqası, nə də UEFA Kuboku turnirlərində öz yerində UDUZMUR! Qoy başqa klublarımız məndən inciməsinlər, onlar ağırlıqda və uğurlarda "Neftçi" ilə heç tərəziyə də qoyula bilməzlər, vallah bu0 belədir. Bir vaxtlar uşaqlıq həyatımın şirin arzusu olan "Neftçi"!
Hə indi gəlirəm sevimli komandam haqqında ciddi tənqidlərə. Komanda son iki il ərzində neçə dəfə baş məşqçi dəyişdirdi, Petrjela getdi, Demyanenko gəldi, o da getdi, nəydi onun adı? Hə, Gede gətirildi. Bax, bu son proseslər "Neftçi"ni bu günə qoydu. Mən və mənim kimi minlərlə "Neftçi" azərkeşi bunu üzgünlüklə deyirik. Bu proses komandanın fiaskoya uğraması üçün əməlli-başlı katalizator xarakteri daşıdı. Bundan başqa, mənim "Neftçi" rəhbərliyinə, əziz bildiyim insanlara iradım nədir? Birincisi, komanda da elə futbolçular gətirilir ki, onlar, sadəcə, "Neftçi"-nin Azərbaycan xalqı üçün və futbol ictimaiyyəti üçün nə qədər mühüm əhəmiyyət daşıdığı bilmirlər və ya dərk etmək istəmirlər. Sözsüz ki, komanda rəhbərliyinin son transferlərini, xüsusilə, Əli Cansun, Suat Usta, Niaqa, Atem kimi futbolçuların komandaya gətirilməsi əladır. Hətta çalışmaq lazımdır ki, bu, çox vacibdir: olduqca səviyyəli futbolçular komandaya gətirilsin. Düzdür, Milli çempionatımızın səviyyəsi hələ buna imkan vermir. Amma biz "Neftçi"nin Çempionlar Liqası və UEFA kubokunun qruplarında oynamasını istəyiriksə, mütləq səviyyəli futbolçular almalıyıq.
Mən "Neftçi"nin rəhbərliyinə bir də ona görə irad tutacağam ki, komandanın ictimaiyyət ilə güclü təmaslarının qurulması üçün hədə də mexanizm yoxdur! Bax, mən komandanın balaca vaxtlardan azərkeşiyəm və daima bu klubla nəfəs almışam. Amma bir dəfə də olsun stadiona getməmişəm, bəli, mən azərkeş kimi stadiona getməmişəm. Sadəcə olaraq, "Neftçi"yə olan məhəbbətimdən oyunlara baxmaq üçün uşaqlıqda dərsdən qaçırdım, indi də işdən vaxt tapıb televiziya qarşısına qaçıram. Niyə stadiona yox, məhz televiziya qarşısına? Çünki məni ora aparacaq nə maraq var, nə güclü oyun nə də komandanın təbliğat işi. "Neftçi"nin böyük azərkeş ordusu məhz televiziya qarşısındadır. Bu gün "Neftçi"nin qələbəsini istəyiriksə, məhz o QÜVVƏni STADİONLARA daşımalıyıq! Elə bir qüvvə ki, oyundan əvvəl futbolçuları stadiona çiyinlərində daşısınlar, onların meydana gedən yolları üstündə çələng qursunlar. Bax onda görüm hansı futbolçu vicdanını və insanlığını bir kənara qoyub, bundan sonra ƏSİL FUTBOL OYNAMASIN!
Ölkəmizdəki əksər fanklublar isə, sadəcə, özfəaliyyət dərnəyindən başqa heç nə deyil. Elə bir mexanizm yaratmaq lazımdır ki, geniş stuktura malik olsun, "Neftçi" cəmiyyətdəki ən müxtəlif azərkeş təbəqəsi ilə işləsin, ölkənin nüfuzlu insanlarını, mühüm söz sahiblərini "Neftçi"nin cərgəsinə çəksin. Bir növ köklü komanda olaraq dünyanın nüfuzlu klublarında olduğu kimi, istər parlamentdə, istər siyasi arenada, istər mədəniyyət xadimləri arasında böyük fanat dəstəyinə malik olsun. Qoy parlament deputatları, siyasi liderlər, mədəniyyət xadimləri şərəfli "ağ-qara" formasını sevə-sevə daşısınlar və bunu nəsildən-nəsilə ötürsünlər. Ən azı əlli-yüz ildən sonra da böyük və sədaqətli azərkeş kütləsi qazanman üçün ali məktəblərdə, gənclər arasında futbolumuzun flaqmanı olan sevimli "Neftçi"yə rəğbət yaratmaq üçün ardıcıl tədirlər proqramı hazırlamaq və həyata keçirmək, onları kluba cəlb etmək və medianın bu işə yaxından dəstəyinə nail olmaq lazımdır. Biz hamımız, "Neftçi"-sevərlər bu işi uğurla həyata keçirməliyik. Mən komandanın vitse-prezidenti İlqar müəllimə, baş məşqçi Böyükağa müəllimə üzümü tuturam, bir jurnalist kimi, bir "Neftçi" azerkeşi kimi var qüvvəmlə komandamızın gələcəyi üçün hər şeyi etməyə hazıram. Bir də Derbidəki qələbən mübarək, "Neftçi". Haydı "Neftçi", səni sevən milyonlar üçün, onların sevgisi üçün İRƏLİ!

Digər xəbərlər