PDF Oxu

Köşə

  • 8

Qarabağın açarı

Qarabağın açarı
Çətin məsələ barəsində danışıram. Lap çətindir. Birincisi, pis yerdə axşamlamışıq, hər tərəfimizdə sərvətlərimizə, xüsusilə neftimizə canavar kimi şığıyanlar, ikincisi isə, həmişə haqlı olsaq da bu dünyada təklənməyimizdir. Hələ ötən əsrin əvvəllərində də belə olub, sovet hökuməti vaxtı da. Daima bizi qaralayıblar, haqqımızı tapdalayıblar. Daşnak it uşağının ucbatından Qarabağı itirmişik, indi qalmışıq "bezdelnik" və "mavi qalstuklu" Qərb diplomatlarının, lap konkret desək, öz ölkələrində it yerinə də qoyulmayan ATƏT həmsədrlərinin ümidinə. Elə bir adamların ki, heç evində arvad-uşağı onlara qulaq asmır, adam yerinə saymır, götürüb bunları Dağlıq Qarabağ üzrə vasitəçi təyin ediblər. Sözsüz ki, belə yarıtmazları bu işə qoşmaqla, ATƏT-in Minsk Qrupundakı ölkələr regiondakı maraqlarını qoruyur, bizim torpaq sevdamızı isə dodaqaltı gülüşlə qarşılayırlar.
Pah atonnan, adamın beyni yerindən çıxır da! Arvadbaz Mario Rafaellidən başlanan Minsk Qrupu, son illər bütünlüklə gün keçirmək və havayı maaşlarını qorumaq üçün tər tökürlər. Elə bir müddət əvvəl BMT Təhlükəsizlik Şurasında Azərbaycanın ərazi məsələsi müzakirə olunanda həmin bu Minsk Qrupunun üzvü olan ölkələr, dəhşətli də olsa, ədaləti təmin etmək üçün fəaliyyət göstərdikləri prinsipləri tapdalayaraq, ərazi bütövlüyümüzə qarşı səs verdilər. Bütün dünya həmsədr ölkələrin nə qədər riyakar və ikiüzlü oyun oynadıqlarının şahidi oldu. Bəli, dünyada əməlli-başlı bir "oyun" gedir, ƏCLAFLIQ OYUNU!
İraqı "nüvə bombası" yalanı altında ələ keçirənlər, bit-birə ilə əlləşən Əfqanıstanı narkomaniya biznesinə çevirənlər, dünyada lokal müharibələr yaradıb silah bazarı yaradanlar üçün, elə ƏDALƏT də bir qəpiklik şey deyil. Yoxsa yalan deyirəm. Allaha and olsun ki, yox! Onlar neçə illərdir ki, "demokratiya" şüarına bürünüb neft və sərvətlər dalınca qaçır, ədaləti də, haqqı da iqtisadi maraqlarına peşkeş edirlər. Onlar üçün, sadəcə, NEFT VAR, vəssalam. Belə olmasaydı, həm Rusiya, həm də ABŞ bir-birinə qarşı düşmən olduğu halda, ikisi də bütün dövrlərin əlaltısı və xaini olan Ermənistana himayəçilik etməzdilər.
Ayə, adam dəli olur, bunlar ermənilərin nəyinə vurulub ki, ikisi də onlarsız keçinə bilmir? "Maska" Siranuş, Yerevan konyakı həm rusları, həm də amerikanları yaman cəzb eləyib. Açıq deyirəm, həm Rusiya, həm də ABŞ Azərbaycana qarşı münasibətdə qətiyyən səmimi deyil və ola da bilməz!
ABŞ prezidenti Barak Obama dünya turnesinə çıxıb və Londondakı "20-lər sammiti"ndə əməlli-başlı məzələnib. Obama, rusiyalı həmkarı Medvedevlə əməllicə "siçan-pişik" oyunu oynadı. Əllərini Dmitrinin kürəyinə qoyaraq onula zarafat edən B.Obama, hətta İngiltərə baş naziri Qordan Braunla da zarafatlaşmağından qalmadı. Əslində, Obama "20-lərin sammiti"nə məhz qarşıdakı illərdə işləyəcəyi bu liderləri "dişinə" vurmaq üçün gəlmişdi. Amma bizim üçün Obama ilə bağlı olan başqa bir faktor daha önəmlidir. Barak Obama iki gündən sonra Türkiyəyə gəlir. Sözsüz ki, çox çətin səfər və ABŞ-Türkiyə münasibətləri baxımından kritik məsələdir. ABŞ Türkiyəyə qarşı siyasətini dəyişməsə, çətin ki, Ankara Moskva ilə əməkdaşlıqdan vaz keçsin, bu, ağlabatan deyil. Amma mənim üçün ən əsası Obamanın Türkiyədə Ərdoğanla Qarabağ məsələsini müzakirəyə çıxarmasıdır. Qəti şəkildə deyə bilərəm ki, erməni diasporunun güclü təzyiqi ilə Obama Türkiyədən Ermənistanla olan bağlı sərhədlərin aradan qaldırılmasını, həmçinin, "soyuq buzların" əridilməsini tələb edəcək. Hətta Türkiyənin bir sıra televiziya proqramlarında bu məsələ ciddi şəkildə müzakirə olunur. Deməli, "od olmasa, tüstü çıxmaz"! Belə görünür ki, Türkiyə də Qarabağ məsələsi üzərində "alver" ərəfəsindədir və ya bunu ağlında çək-çevir edir. Özümüzü aldatmağın mənası yoxdur. Deməli, belə şəraitdə Qarabağın açarı ətrafında əməllicə bazarlıq gedir. Amma nə Ağ Ev, nə də Moskva dərdimizə çarə etməyəcək. Belə görünür ki, Qarabağın açarı elə özümüzdədir. Bunu balacadan tutmuş böyüyə qədər hər birimiz dərk etməliyik. Sülh gözəldir, amma bu birtərəflidirsə, heç vaxt SÜLH OLA BİLMƏZ! Biri torpaq işğal edəcək, başqasının ərazisini özünə qatacaq, o birisi isə torpağının işğalı ilə barışacaq? Qəti mümkün deyil. Deməli, torpağımızın yiyəsi olmaq da, onu qorumaq da ÖZ ƏLİMİZDƏDİR, CAMAAT!

Digər xəbərlər