AXCP (i) daxilində ikitirəlik genişlənməkdədir. Daha doğrusu, Əli Kərimova qarşı etimadsızlıq yarandığı gündən daxili böhranlı durum daha qabarıq tərzdə hiss edilməkdədir. Fikrimizi daha dəqiq ifadə etməli olsaq, deməliyik ki, AXCP (i) daxilində baş qaldıran konstruktiv mövqeli funksionerlər get-gedə çoxluq təşkil etməkdədirlər. Bu hal Ə.Kərimovun təklənməsinə gətirib çaxarıb.
AXCP (i) daxilində baş verən proseslər Qulamhüseyn Əlibəylinin bir bəyanatından sonra daha da aktuallaşmağa başlamışdır. Q.Əlibəyli konstruktiv mövqeli "Aydınlar" partiyası yaratdıqdan sonra AXCP (i)-nin bir çox aydın başları bu partiyaya pənah aparmışlar. Q.Əlibəyli isə onlarla söhbətlərində AXCP (i) ilə "Aydınlar"ın birləşməsi məsələsini gündəliyə çıxarmışdır. Əlbəttə, Ə.Kərimov istisna olunmaqla.
Bu gün AXCP (i) funksionerlərinin böyük əksəriyyəti bu fikirdədir ki, Ə.Kərimovun ifrat radikal mövqeyi cəmiyyət daxilində mənfi rəy yaratmaqdadır. Onlar bu radikal yükdən xilas olub "Aydınlar" adlı partiya yaradan Q.Əlibəylinin fəaliyyətinə rəğbət hissi ilə yanaşmaqdadır. Onlar "Aydınlar"ın əhali arasında müsbət imic qazandığının real şahidləri olduqlarını təsdiq etməyə başlamışlar.
AXCP (i) daxilində ifrat radikallığa nifrət bəsləyən sədr müavini Fuad Mustafayev, idarə heyətinin üzvləri Gözəl Bayramova, Şakir Xudiyev, Fuad Qəhrəmanlı və digərləri Ə.Kərimovun iştirakı olmadan iclas keçirmişlər. Yığıncaqda qərara alınmışdır ki, "Aydınlar" partiyasının rəhbərliyi ilə danışıqlar aparılsın. İclas yekdilliklə F.Mustafayevi danışıqların səlahiyyətli nümayəndəsi seçmişdir. Onun dediyinə görə, başlıca məsələ "Aydınlar"la AXCP (i)-nin birləşdirilməsidir. "Ə.Kərimovun ətrafında birləşmiş bir qrup radikal mövqeli AXCP (i)-çilər yerlərində qala bilərlər. Biz onların bizimlə olmasını təkid etməyəcəyik" deyə F.Mustafayev bildirmişdir. Müxbirimizin "Belə çıxmırmı ki, Ə.Kərimov partiyasında öz keçmiş "Yurd"çuları ilə qalacaqdır" sualına F.Mustafayev "Əlbəttə, belə çıxmır. Çünki "Yurd"un onlarla üzvü vaxtilə AXCP (k) və AXCP (b)-yə transfer olmuş, qalanların əksəriyyəti isə Ə.Kərimovun ifrat radikal mövqeyindən təngə gəlmişdir. Biz onların bizimlə gedəcəklərinə əminik" cavabını vermişdir.
AXCP (i) konstruktivləri yaxın günlərdə Q.Əlibəyli ilə danışıqlar aparacaqlarını, sonra isə ümumi bir nəticəyə gələcəklərini bildirirlər. Bu cür mülahizələr belə bir nəticəyə gəlməyə əsas verir ki, artıq AXCP (i)-nin ifrat radikallığının zərərli cəhətlərini duyan üzvlər Ə.Kərimovun köhnə idarəçilik üsulu ilə barışmaq istəmirlər. Başa düşürlər ki, Ə.Kərimov kimi yaşayıb-işləmək geriyə addım atmaqdır. Görünür, onlar zamanın axarı ilə irəliləməyə üstünlük verirlər. Bizə isə bu cür addımları alqışlamaq lazım gəlir. Atalar demişkən, gec olsun, güc olsun.
AXCP (i)-çilər Ə.Kərimovun daha bir qüsurunu üzə çıxarmağa cəhd edirlər. Deyilənə görə Ə.Kərimov bir çox xarici maliyyə dəstəkçilərinin və "Soros" fondunun ayırdığı pulları mənimsəmişdir. Hazırda MNTK bu faktı araşdırmaqla məşğuldur.
O ki qaldı "Aydınlar"la əlaqə saxlamaq istəyənlərə, onlar haqlı olduqlarına əmindirlər. Ə.Kərimovun bütün fəaliyyəti onların hər biri tərəfindən bittə-bittə saf-çürük edilmişdir. Axı onlar nə qədər aldadılmalıdırlar? Çox keçməz AXCP (i)-nin sədri Ə.Kərimov özünün "hakimiyyət" və "sərvət" dünyası ilə təklikdə qalar və ancaq o zaman uzun illərdən bəri səhv yolda olduğunu anlamağa başlayar. Əgər bundan sonra da anlaya bilməsə, deməli, o, axırı itmiş adamdır. Son anda da əqli gücünə arxalanıb, nəticə çıxarmayan adamdan əməlisaleh adam çıxmaz. Əməlisaleh adamla yol getməyin özü də bir naqislikdir. Naqislik və nadanlığın isə məlhəmi yoxdur. Görünür, "Aydınlar"a qoşulmaq istəyənlər bunu yaxşı başa düşür.