PDF Oxu

Köşə

  • 13

Dədə-babalarımız

Dədə-babalarımız
"Dədə-babalarımız". Həmişə bu sözü fəxrlə işlədirik və öyünürük ki, ulularımız böyük kişilər olublar. Sözsüz ki, hər bir xalqın dünəni, şərəfli keçmişi və tarixi var, o cümlədən də, bizim. Artıq neçə illərdir ki, dövlətimiz mənəvi dəyərlərimizin qorunması üçün geniş şəkildə iş aparır. Elə cənab Prezidentin müqəddəs ocaqlarımızın, məscidlərimizin qorunması üçün necə böyük işlər görməsini göz önünə gətirmək kifayətdir ki bunun əyani şahidi olasan. Mənəvi dəyərlərimizi qorumaq həm də təkcə dövlətin işi deyil.
Bəs, bizlər kimik? Mənəvi dəyərlərə ata-oğul, qayınana-gəlin münasibətlərindən tutmuş hər şey daxildir. Söz yox ki, mənəvi dəyərlərimiz deyəndə, ilk öncə, göz önünə köhnə kişilər, indi nağıl kimi görünən və həsədlə baxdığımız adət-ənənələrimiz gəlir. Dağdan ağır kişilər var idi o vaxtlar. Əvvəllər köhnə kişilər kiməsə söz verəndə, səhərə qədər yatmazdılar. Çünki həmin kişi bilirdi ki, verdiyi sözə əməl etməyəndə, başına papaq qoyub el arasına çıxa bilməyəcək. El-oba arasında gözdən düşmək isə ölümdən də qat-qat dəhşətli idi. Kişilər olub ki, AİLƏ-UŞAĞINI məhz düşməninə etibar edib döyüşə gedib.
Söhbət o kişilərdən gedir ki, ən qatı düşməninin də ailə şərəfini, namusunu sipər kimi qoruyub. Əvvəlki kişilər dağdan ağır, bir kəlməsi böyük qan-qadanın qarşısını alan insanlar olublar. Kişilər olub ki, neçə yüzillik nəsil düşənçiliyinə məşvərət-məsləhətlə birdəfəlik son qoyublar. Eldə-obada bütün xeyir-şər məclislərinin, böyük işlərin başında ağsaqqallar durublar. İndi zəmanə dəyişib və o vaxtın insanları, adət-ənənələri ilə indiki dövrün qanunları bir deyil.
Əmma... Hə, hər şey də elə bu əmmadan başlayır. İndi evdə uşaq-valideyin münasibətlərindən başlamış məktəbdə müəllim-şagird əlaqələrinə qədər hər şey tamam dəyişib. Düzdür, indi kompüter zəmanəsidir, güclü informasiya texnologiyaları yaranıb və bu qlobal proses bütün sahələri əhatə edib. Burası yaxşıdır. Amma başqa bir yöndən də mənəvi dəyərlərimizin yavaş-yavaş aradan sivişib çıxdığı göz qabağındadır. İndi uşaqlar ata-ana sözünə baxmır, özlərini əsil "Avropa cayılları" kimi aparırlar. Bununla sanki internetdən öyrəndikləri Avropa "dəyərlərini" mənimsəmiş olurlar. Yəni, Avropada ingilis, alman, italyan amerikan uşağı necə, biz də elə.
Hop, hop, qardaşım, qəti belə olmaz! Avropalı olan həmin uşaqların adəti-ənənəsi, keçmişi başqadır, səninki başqa. Onlar ərkən yaşa çatanda ata-anasını tərk edib çıxıb gedirlər. Onlar üçün böyük-kiçik, adət-ənənə deyilən şey yoxdur, axı. Onlar üçün kəbin- filan boş şeydir. Amma sənin ulu babaların, kökün var, axı. Təəssüf ki, cəmiyyətimizdə bir "avropalaşma" adlanan proses neçə illərdir ki, mənəvi dəyərlərimizə dəniz dalğası kimi hücum edir. Qızlı-oğlanlı bütün uşaqlar muğamımızı, təsniflərimizi qulaqardına vurub yad sözlərini və mənasını belə bilmədikləri əcnəbi "musiqiləri" mobil telefonun qulaqcığından qulağına taxıb dinləməklə məşğuldurlar. Guya bunlar "zəmanə uşaqlarıdırlar".
Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə muğamımızın təbliği sahəsində mühüm işlər görülüb. Bunlar göz qabağında olan işlərdir, qardaşım. Bütün Avropa bizim muğamatımıza heyrandır, bizimkilər isə bu sərvəti bəyənmirlər. Deməli, hər şey AİLƏdən başlayır. Valideyinin işi uşaq dünyaya gətirməklə bitmir, o, bu uşağı mənəvi dəyərlərə uyğun olaraq böyütməlidir. Ona keçmişini, kökünü, hardan gəlib, hara getdiyini öyrətməlidir. Buraya uşağın qidalanmasından başlamış ailə qurmasına hazırlaşdırılmasına qədər hər şey daxildir. Əcnəbi ərzağı yeyib əcnəbi musiqisi dinləyən uşaqda vətənpərvərlik hissi də çətin olur, əzizlərim.
Gəlin uşaqlarımızı öz kökü üstündə, öz çörəyi ilə böyüdək. Qoy onlar da neçə əsrlər bundan əvvəlki ata-babaları kimi güclü, iradəli və böyük mənəvi dəyərlərə malik olsunlar.Qoy onlar da keçən əsrdə buğda unundan yediyi çörəklə yüz il sap-sağlam yaşayan babaları kimi sağlam böyüsün, daha iynə-dərman əsirinə çevrilməsinlər. Gəlin kökümüzə qayıdaq, KÖHNƏ KİŞİLƏR kimi!

Digər xəbərlər