Narazı müsavatçılar Rauf Arifoğlunun çay süfrəsi üstündəki şirəyə toplaşır
Radikal müxalifətçilər gündə ortaya bir problem atıb, sonralar özlərini onun həlli ilə məşğul olan işgüzar şəxslər kimi göstərirlər. Ancaq bu problemin həllinə konkret cavab tapmamış başqa birinin həllinə girişirlər. Radikallar son iki il ərzində ümumi bir birlik forması yarada bilmirdilər. Son vaxtlar "Respublikaçılar" və "Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı" təşəbbüs qruplarında birləşib, MSK-da qeydiyyata alınmalarına yaman sevinirlər.
Ancaq 18 martda referendum başa çatdıqdan sonra sevincləri acı kədər hissi ilə əvəzlənəcəyi şübhəsizdir. Radikallar bunu hiss etməkdədirlər. Elə bu səbəbdən də paytaxtımıza ayaq basan hər bir xarici ölkə rəsmisini gördükdə kövrəlib şikayətlənirlər. Bundan başqa xarici ölkələrin maliyyə təşkilatları onlara bir o qədər də etina etmirlər. Çünki radikalların şəxsində iş qabiliyyəti çox az olan insan simaları görürlər.
Radikallar isə bir-birilərini bərkə-boşa salmağa başlamışlar. Bir müddət AXP sədri Pənah Hüseynovun manevrləri diqqət mərkəzində oldu. Bu adam köhnə təcrübəsinə arxalanıb bir əlində iki qarpızı hansı müddətədək saxlamağın mümkünlüyünü sınaqdan keçirmək istədi. Ancaq nə illah eləsə də, qısa müddət ərzində qarpızların hər ikisi də diyirlənib əlindən düşdü. P.Hüseynov, hətta zəif qüvvə hesab edilən "DUH" da şərait yaratmadı. Nəticədə "DUH" poliqonu onun əlindən çıxdı. Düzü, P.Hüseynov hələ bu qurumun missiyasını yerinə yetirməkdə davam edir. Görünür, "DUH"-çular onu öz arqumentlərinin gücü ilə geri otuzdurublar.
İsa Qəmbərov "Respublikaçılar" təşviqat qrupunun cazibədar batini ilə P.Hüseynovu özünə cəlb etmək niyyətindədir. P.Hüseynov Müsavatdan ayrıldıqdan sonra İ.Qəmbərova və Müsavata məhəbbəti birə-beş artmışdı. Odur ki, o, "DUİ"-nin dar qəfəsində idealına mədhiyyələr söyləməkdədir. Mədhnamənin səmimiliyinin yoxluğundan asılı olmayaraq, deyilənlər İ.Qəmbərovun sinəsinə yağ kimi yayılır. Müsavat başqanı digər partiyaların funksionerlərini məhz bu cür üsullarla qurumuna cəlb edir. O, partiyadan kənarlaşdırılmalı olan funksionerləri "uf" demədən Rauf Arifoğlu yolu ilə yollamağa hazırdır. İlk qurban Sülhəddin Əkbər ola bilər.
R.Arifoğlu isə Müsavatdan ayrıldıqdan sonra İ.Qəmbərovdan narazılıq edən müsavatçıları çay süfrəsi arxasında dialoqa çağırır. Sözsüz ki, bu dialoqun nəticəsi İ.Qəmbərovun xeyrinə deyildir. Ancaq İ.Qəmbərov R.Arifoğlunun zəif rəqib olduğuna əmindir. R.Arifoğlu isə öz qəzetində Müsavat başqanının bostanına daş atmaqdadır. Onun fikrincə, İ.Qəmbərov atılan daşların başına dəyməyəcəyinə təminat verə bilməz. Bu ifadə ilə R.Arifoğlu İ.Qəmbərovla aralarındakı gərginliyi saxlamaqdadır.
Bu gün referendum təşviqat qruplarının heç birində işləməyən "ACP"-çilər ikili ömür yaşamaqdadırlar. Onların bir qrupu hazırda Nyu-Yorkdan Avstriyaya ekstradisiya edilən Rəsul Quliyevin Azərbaycana qayıtmasının vacibliyini ortaya atıblar. Digər qrup isə R.Quliyevin qurumun lideri kimi xaricdə yaşayıb, "ACP"-yə pul göndərməsi variantına üstünlük verirlər. Hələ ki, tərəflər öz mövqelərini əsaslandırmaq mərhələsindədirlər. "ACP" sədri Akif Şahbazov R.Quliyevin Azərbaycana qayıdacağı təqdirdə, sədrlikdən istefa verəcəyini bildirir. Bunun nə ilə əlaqədar olması məsələsinə gəldikdə isə, o, daha çox susmağa və ağzından söz qaçırmamağa üstünlük verir.
Belə hesab edirik ki, nə vaxtsa A.Şahbazovun ağzı açılacaqdır. Bir vaxt R.Quliyev ADP sədri olduğu dövrlərdə Sərdar Cəlaloğlu da R.Quliyevi tərifləmək yolu tuturdu. Sonra o, nəinki R.Quliyevin əleyhinə çıxdı, hətta onu ADP-dən uzaqlaşdırdı. Bu prizmadan yanaşsaq, A.Şahbazovun məlum qəribə qərarını verməsi, əbədi olaraq ağzının qıfıllanıb qalacağından xəbər vermir. Bu qıfıl nə vaxtsa sınacaq, o vaxt A.Şahbazov açacaq sandığı, tökəcək pambığı...