PDF Oxu

Köşə

  • 11

Radikallar haqqın yoluna dönmək istəmirlər

Radikallar haqqın yoluna dönmək istəmirlər
MSK-da təsdiq edilən iki radikal təşviqat qrupu vaxtını iqtidar təşviqat qruplarının işini təftiş etməklə keçirir. Yeni Azərbaycan Partiyasının təşviqat qrupu şəhər və rayonlarda yerli hakimiyyət orqanlarının məsləhət gördükləri zallarda seçicilərlə görüşlər keçirir və onlarla fikir mübadiləsi aparır. Radikallar isə iclasları cansıxıcı hesab edib, havadan bol olan küçə və meydanlara axışmaq, əhalinin emosiyası ilə oynamaq və əsəblərini qurdalamaq istəyirlər.
Sabitlik şəraitində dinc təbliğatdan qaçan radikallar kütləvi akisyalar keçirmək və dayaz mübarizə üsullarını bir daha işə salmaq istəyirlər. Şəhər icra hakimiyyəti mitinq keçirmək üçün Bibiheybət qəsəbəsini məsləhət gördükdə, radikallar etiraz səslərini qaldırıb, öz mitinqlərini paytaxtın mərkəzi meydanlarından birində keçirmək istədiklərini bildirirlər. Səbəb isə odur ki, onların tərəfdarları azdır və kütləvi aksiyalarını təsadüfən küçədən keçənlərin hesabına təşkil etmək istəyirlər.
Radikalların başlıca niyyətləri ölkə daxilində on ildən daha çox davam edən sabitliyə xələl gətirib, onu öz mehvərindən çıxarmaqdır. 1988-1993-cü illərin xaos və dərəbəylik dövrlərini qaytarmaq üçün radikalların burunlarının ucu göynəyir. Onlar 18 mart referendumunun keçirilməməsi üçün ciddi bir iş görmək və əvəzində bu arzu ilə yaşayan xarici ölkələrin maliyyə təşkilatlarının onlara sərf etdikləri pulları "halallıqla" xırıd etmək və həzmi-rabelərindən keçirmək istəyirlər.
Xarici ölkələrin maliyyə təşkilatları onlar üçün az da olsa pul ayırıblar. Radikalların real bir iş görə biləcəkləri təqdirdə, vəsaitin məbləği artırılacaqdır. Radikal qurumlar beynəlxalq təşkilatlara və ABŞ-ın Dövlət Departamentinə belə bir məzmunda şikayət göndərmişlər ki, hökumət onların mitinq keçirmələrinə icazə vermir. Əslində, radikallar təklif olunan yerlərdən imtina edir və şəhərin mərkəzində daha geniş meydan istəyirlər. Bu zaman nəqliyyatın gediş-gəlişi üçün çətinliklər yaranacağını və əhalinin rahat istirahətinə haram qatılacağını istəməyən hakimiyyət orqanları, haqlı olaraq, radikalların bu istəklərinin qarşısına sipər çəkməli olurlar. Azərbaycan müstəqil demokratik respublikadır və daxili problemlərini də özü həll edir. Onların hər təklifi ilə razılaşılacağı halda, radikallar elə başa düşərlər ki, xarici havadarlarının vasitəçiliyi ilə Azərbaycana təzyiq göstərmək mümkündür.
Radikallar günlərini donos yazmaqla keçirirlər. O beynəlxalq təşkilat yoxdur ki, radikallar onlara şikayət məktubu ünvanlamış olsunlar. Ağızlarına gələn hər şeyi yazırlar. Deyirlər ki, Azərbaycanda müxalifətin demokratik hüquqları pozulur, ölkə həbsxanaları günahsız müxalifətçilərlə doludur, radikalların azad surətdə yaşamasına şərait yaradılmır. Böhtan və iftiralar bununla başa çatmır. Radikallar dövlətin düzgün idarə olunmamasından yazır və korrupsiyadan əziyyət çəkdiklərini bəyan edirlər. Bu da radikalların qeyri-səmimi olmalarından xəbər verir.
Sözsüz ki, radikallar pozucu qüvvələrdir və onlardan səmimiyyət gözləmək sadəlövhlük olardı. Onlar 20 ilə yaxın bir dövr ərzində ölkə hüdudlarında qarşıdurma yaratmaqla məşğuldurlar. Nədənsə, onlar Azərbaycan vətəndaşları olduqlarına barmaqarası yanaşırlar. Belə olsaydı, uzun illər ərzində rastlaşdıqları uğursuzluqlar onları düzgün səmtə istiqamətləndirərdi. Xaric pulu ilə yeyib quduzlaşmaqda olan radikallar, zaman keçdikcə, hadisələrin gedişini saf-çürük edib, siyasətbazlığı atıb bacardıqları işin qulpundan yapışmaq əvəzinə, xarici havadarlarının ətəklərindən dördəlli yapışmağa üstünlük verirlər.
Radikalların getdikcə daha ifrat mövqe tutması, onların xalq və dövlətçilik yolundan üz döndərmələrinə işarədir. Onlar bir çox cinayətkarları müxalifətçi adı ilə xarici ölkələrdə gizlətməklə, iki qat cinayətkarlığa yuvarlanmalarının fərqində deyillər. Söhbət 2003-cü il 15-16 oktyabr iğtişaşından sonra ciddi qanun pozuntusunda şübhəli bilinən bir çox radikalların xaricə qaçırmalarından gedir. Onların arasında maşın çevirənlər, talançılıq törədənlər və jurnalistləri döyənlər olmuşdur. İfratçılıq yolu tutanlar bu bəd əməllərini hansı haqla qanuni hesab edirlər? Göründüyü kimi, radikallar özlərinə sərf edən hər bir pozuntunu qanuni hesab edirlər. Əsas vəzifəmiz onlarda haqqı nahaqdan seçmək bacarığı aşılamaqdır. Buna maraqları yoxdursa, deməli, onlarda analoji maraq yaratmalıyıq.

Digər xəbərlər