PDF Oxu

Köşə

  • 11

Obama Türkiyəyə əl uzadır

Obama Türkiyəyə əl uzadır
Başqa cür də ola bilməzdi. Keçən yazımda yazmışdım ki, ABŞ prezidenti Barak Obama "erməni soyqırımı" deyilən yalanı həqiqət kimi qəbul edə bilməz və bu, baş versəydi, o, ABŞ-ın tarixində ən xoşagəlməz prezident kimi qala bilərdi. Elə bil, kişi sözümüzü eşitdi də! (Bu yerdə müəllif qaşlarını çatır və bir anlığa özünün "Ağ Ev"in bağçasının qabağında durub Obamayla söhbətləşdiyini xəyal edir. Təsəvvür elə ki, B.Obama "Ağ Ev"in həyətində kofe içir və ya iki qarabala uşağı ilə stol mismarlayır, sən də Qafqazdan gəlib çəpərin bu yanında onunla "mırt" vurursan.
Deyirsən ki, ay qağa, ay qıvlasız biz tərəflərnən işin olmasın. Rusiya ilə nə "razborkan" var, get məsələn, Kanadada, elə öz vətənin olan Keniyada-filanda həll elə də. Gərək sənə görə rus bombası üstümə tökülə? Rus uşaqları da nə Zaqatala tanıyırlar nə də Qori, hara gəldi atırlar. Keçən il sənə güvənən Saakaşvili Moskva ilə məzələndi, əvəzində Qori yerlə-yeksan oldu, hələ az qala Zaqatalada Məmmədhəsən əminin eşşəyi bombalanacaqdı. Bir də mister Barak, sən o qarabala uşaqlarının canı, ordan bir-iki paçka göy tulla çəpərin bu tayına, gedim Dəvəçiyə kabab yeməyə. Eh Amerika, Amerika!)
Keçən həftə ABŞ prezidenti açıqcə bir məsələni ortaya qoydu ki, bəs daha o "erməni soyqırımı" deyilən cümləni eştimək belə istmir və bunu qəbul etmir. Farslar demişkən, lap xub! Amma məsələ bir az qəlizdi axı. Niyə? Bəyəm bu ABŞ-dakı erməni lobbisi o qədər axmaq və rəzildir ki, verdiyi pulu, etdiyi "yaxşılığı" elə-belə buraxsın? Qətiyən. Bunlar kimə nə verdilərsə, əvəzində yüz qatını çıxarıblar. Elə 1963-cü ildə Dallasda öldürülən Kennedidən üzübəri bir ay əvvəl "Ağ-Ev"i tərk edən bala Buşa qədər hamısından yararlanıblar. Bunların adətidir, əvvəlcə "erməni soyqırımı"nı ortaya atırlar, sonra da bunun baş tutmadığını bəhanə edib, "Ağ Ev" sahiblərinə bundan yüz qatına çox olan məsələləri "yükləyirlər". Yəni buna gücün çatmırsa, elə bu birisi "xırda" işləri həll elə, yetər. Amma yenə də ümumi nəticədə erməni lobbisi pərişandır. Barak Obama keçən həftə Türkiyə prezidentinə və baş nazirinə zəng etməklə, həmçinin, onlarla Yaxın Şərqdəki prosesləri müzakirəyə çıxarmaqla ilk növbədə, Türkiyənin "Ağ Ev" üçün strateji əhəmiyyət daşıdığını və öz yaxın müttəfiqini "erməni soyqırımı" kimi cəfəng işlərin güdazına verməyəcəyini dünyaya nümayiş etdirdi. Bununla Obama, həmçinin, son vaxtlar Türkiyənin Qərbdən üz çevirməsini, xüsusilə, Ankaranın Qərbin və ABŞ-ın ən qatı opponenti olan Rusiya ilə açıq şəkildə yaxınlaşması, üstəlik, onların regionda birgə neft-qaz layihələri barədə müzakirələr aparması Amerikanın başında duran adam kimi mister Obamanı narahat etməyə bilməzdi. O birisi tərəfdən isə digər müttəfiqi olan İsrail ilə Türkiyənin soyuq münasibətləri onsuz da Yaxın Şərqdə vəziyyəti ürəkaçan olmayan ABŞ üçün mühüm məsələdir.
Obama isə Türkiyəyə əl uzatmaqla, həm Davosdakı acı məqamların önəm daşımadığını, həm də artıq umu-küsü vaxtı olmadığını ortaya qoymağa çalışır. Az qala yüz ilə yaxın bir dönəmin müttəfiqliyini Davos əsəblərinə qurban vermək nə dünyanın yarısına sahib çıxan "Ağ Ev"ə yaraşar, nə ABŞ prezidenti kimi mister Obamaya. Amma məsələnin bir başqa tərəfi də odur ki, görəsən, Türkiyə bu əməkdaşlığı qəbul edəcəkmi? Bax, məsələ budur. Açıqca görünür ki, Türkiyə Rusiya ilə yaxınlaşdıqca, Ankaranın əhəmiyyətinin ağırlığını anlayan ABŞ rəhbərliyi, onunla öz dilində, daha doğrusu, Davosda Ərdoğanın İsrail prezidenti Şimon Peresə anlatdığı "dildə" danışmağa çalışır. Amma bu daha faktdır ki, artıq İstanbulda Şimal küləyi Qərb küləyini üstələyir.

Digər xəbərlər