PDF Oxu

Köşə

  • 7

Camaat, AT+ƏT-in ÜÇ “MUŞKETYORU” gəlir

Camaat, AT+ƏT-in ÜÇ “MUŞKETYORU” gəlir
Bəli, nə gözünüzü döyürsünüz, yalan demirəm ki. AT+ƏT-in Minsk Qrupunun üç "muşketyor" həmsədri gəlir. Yığın səbətlərinizi cumun hava limanına. Yoldaş Merzlyakovun, cənab Brayzanın və müsyö Fasyenin gətirdikləri sovqatları əldən verməyin, ay camaat. Fransız duxusundan tutmuş ABŞ qamburqerinə qədər, üstündə də bir rus arağı, hə, necədir, pianar?. Bunlar Qarabağ məsələsində əməlli-başlı kef edirlər. Böyükləri siyasi oyun oynayır, bunlar isə aylıq məvacib kimi paçka-paçka dollarlarını, səyahət biletlərini, Yerevan konyakını hər ayın başında ciblərinə qoyub əməllicə KEF ÇƏKİRLƏR. Hətta bizim təzə bazardakı alverçilər də dəqiq bilirlər ki, ATƏT həmsədrləri nə vaxt Bakıya gələcəklər, bütün turşuların və ətin qiymətini göyə qaldırırlar. Bu adamlar ya bizi dəli edəcəklər, ya bizimlə əməlli-başlı məzələnirlər, ya da özləri o "məsələdirlər". Bunlar evdən çıxıb biz tərəfə gələndə, bunların evdəki arvad-uşaqları demirlər ki, ay kişi qırıqları, hara gedirsiniz, Qafqazda nə itiniz azıb? Qaxılın oturun öz xarabanızda da!
Hələ məni yandıran bu müsyö Fasyedir. Heç olmasa rəhmətlik baban müsyö Jordan o vaxt Qarabağ atları ilə yanaşı elmi iş dalınca gəlmişdi və Şahbaz bəylə indi işğalda qalan və sənin də çörəyini yediyin Qarabağda otlarını toplayırdı. Üstəlik, bir durbində vermişdi ki, Şahbaz bəy paris "maskalarına" baxıb, kef eləsin. Sən niyə gəlibsən? Zalımın oğlu başına qoyun dərisindən hazırlanan bir ağ papaq qoyub Xarici İşlər Nazirliyinin darvazasından elə içəri keçir ki, elə bil, bu saat telefonla erməniləri Qarabağdan çıxaracaq. Belə ağ papağı daha çox kənddə-kəsəkdə el çobanları başlarına qoyardılar və hər kəs də fəxr edərdi ki, filankəs qoyun dərisindən hazırlanan ağ papaq qoyur. Bu Fasye isə heç çoban da deyil. İndi niyə gəlirlər? Bu günlərdə ATƏT sədrinin nümayəndəsi Qoran Lenmarker gəlmişdi. Ağzından əməlli-başlı pendir iyi gəlirdi. Hiss olunur ki, bu da "üç muşketyor" kimi gün keçirmək üçün baş girləyir. Adama deyərlər ki, axı sən kimsən e?
Erməni ATƏT nədir, heç Barak Obamanın özünü saymır və ABŞ-dakı erməni lobbisi onu divara dirəyib ki, QARABALA, seçkiqabağı nə vəd vermişdin, indi yerinə yetir. Sənin ATƏT-inə də, AŞ PA-na da bir "quş". Adam deyir ki, bəs Qarabağ məsələsində hər iki tərəf ciddi güzəştə getməlidir. Bax ha, bu daha zəhmət çəkib diplomatik ifadələrdən də istifadə etmir ha! Açıqca deyir ki, ver torpağını erməniyə. Sülh yaxşıdır. Biz dədə-babadan sülh sevən olmuşuq. Amma mister torpağımızı ver, sülh də olsun. Yoxsa torpağım işğal altında, sən də mənə "sülh" təklif edirsən? Ümumiyyətlə, son vaxtlar fikir vermişəm, bu ATƏT "elçiləri" yaman çoxalıb. Yadıma bir lətifə düşdü.
Şahənşah hər kəndə bəsləmək üçün fil göndərir. Fil də özünü nadinc aparır. Bu fil basıb camaatın əkin-biçinini dağıdır, hər şeyi məhv edir. Kəsəsi, şahənşahın göndərdiyi bu fil camaata zülüm edirmiş. Camaat da xahiş edir ki, bəs molla, sən gəl düş qabağa, gedək şahənşahın hüzuruna ki, bu fili geri aparsın. Molla da heç nə demir, düşür bunların qabağına. Gəlib saraya çatanda, şahın qorxusundan kənd camaatının hamısı bir-bir aradan çıxırlar. Molla bir də sarayın darvazasında geri çevrilib baxanda, görür ki, ay dili qafil, hamı aradan çıxıb təkcə özü qalıb. Daha aradan çıxmağın yeri də yoxdur. Hara qaçacaq? Deyir, indi görün mən sizin başınıza nə gətirəcəm?! Saray məmurları bunu şahənşahın yanına aparırlar. Molla deyir ki, camaat xahiş edir ki, bu fil azlıq edir, bəs bu fildən birini də göndərsinlər. Bundan şad olan şah əmr edir ki, mollaya qiymətli hədiyyələr və bir dənə də fil versinlər. Kəndə qayıdan molla camaata deyir ki, bunu da o birisi filə qardaş göndəriblər. İndi bir az uzun çıxsa da, qabaq bir həmsədr var idi, sonra üçə çıxdı. Yəqin o vaxt biz birinin xiffətinə dözməmişik, o birilərini də yollayıblar. Bundan sonra agah olun camaat, ATƏT-dən sürü gələcək!

Digər xəbərlər