Radikallar Masallıda gizli toplantı keçiriblər
İndi radikallar MSK-da qeydiyyatdan keçirilmiş "Respublikaçı" və "Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı" təşəbbüs qruplarının adından danışmağı çox xoşlayırlar. Zarafat deyil, radikallar bu iki təşəbbüs qrupunu qeydiyyata aldırmağa nail olublar. Əslində, "Respublikaçı" Müsavatın, ikinci təşəbbüs qrupu isə "Azadlıq" siyasi blokunun nəzdində yaradılmışdır.
Yaradılmaq işin bir tərəfidir. İkinci tərəfi onun fəaliyyətinin vacibliyi və lüzumsuzluğu məsələsidir. Radikallar öz qurumlarına həmişə vaciblik prizmasından yanaşmışlar. Onların vacibliyi məsələsi xarici ölkələrin qrantverən təşkilatları tərəfindən xeyli şişirdilir. Bu da başadüşüləndir. Çünki xaricin maraqlı dairələri radikallarımızın təxribat əməllərinə həmişə pul xərcləmişlər.
Radikallar sübut etmək istəyirlər ki, martın 18-də keçiriləcəyi nəzərdə tutulan referendum əhalinin ürəyincə deyil. Onlar bu fikirlərini topladıqları imzaların sayı ilə əsaslandırmağa cəhd edirlər. Radikalların səhv yolda olduqlarını dəfələrlə xatırlatdığımız üçün bu məsələ üzərində xüsusi dayanmaq istəmirik.
Bəli, haqqında söhbət açdığımız təşəbbüs qrupları, yəni Müsavatın nəzdində yaranan "Respublikaçı", eləcə də, AXCP (i), "MBH" və "VİP"-in tərkibinə daxil olduğu "Azadlıq" siyasi blokunun "Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı" adlanan təşəbbüs qrupunun üzvləri növbəti tədbirlərini paytaxtda yox, bölgələrdən birində keçirmək istəyirlər. Bu tədbir özlüyündə geniş müşavirəni ehtiva edir.
Radikallar öz müşavirələrini Masallıda keçirmək istəyirlər. Onların fikrincə, qərbdən Cəlilabad, Biləsuvar, Salyan, cənubdan isə Yardımlı, Lənkəran və Lerik əhalisi axın-axın onların tədbirlərinə gəlib, dəstəkçi olacaqlar. Radikallar öz müşavirələrinə İran nümayəndələri də dəvət ediblər. Bir daha qeyd edirik ki, radikalların başlıca fikirləri referendum keçirilməsinə qarşı çıxmaqdır. Radikallar əvvəlcədən planlaşdırdıqları kimi, 2013-cü il prezident seçkilərində öz namizədlərinin qələbəsini təmin etmək istəyirlər. Ancaq referendumun keçirilməsi ideyası və Konstitusiyaya edilməsi nəzərdə tutulan 29 dəyişiklik onların ovqatını təlx etmişdir.
Sovetlər çökdükdən sonra mövcud Konstitusiya müstəqil dövlətin tələblərinə cavab vermişdi. İllər bu cür ötüb keçirdi. Nəhayət, 1991-ci ilin 18 oktyabrında müstəqillik elan edilsə də, Konstitusiyanın tətbiqi məsələsi gündəliyə gətirildi. Bundan əvvəl Əbdürrəhman Vəzirov, daha sona Ayaz Mütəllibov Kremlin sərəncamlarını yerinə yetirmək üçün o qədər çox vaxt sərf edirdilər ki, Konstitusiyanın tətbiqi heç yadlarına da düşmürdü. Bu səbəbdən onların hakimiyyəti zamanı qanunsuzluq hökm sürürdü.
AXC hakimiyyəti xalqın hakimiyyəti olduğunu, millətə xidmət etdiyini sübut etmək üçün Dağlıq Qarabağı qaytarmaq üçün iki istiqamətdən - Ağdərə və Goranboy istiqamətindən hücum təşkil etmişdi. Rusiya "bəylər"in qabağına Surət Hüseynovu çıxarmaqla Əbülfəz Elçibəy hakimiyyətini süquta uğratdı. Elə AXC-çilər də demokratik Azərbaycanın Konstitusiyanı bərpa etmək xəyalına düşmədilər.
Ölkədə qanunçuluğu bərpa etmək üçün Konstitusiyanı tətbiq etmək, ilk olaraq, ümummilli lider tərəfindən ortaya atıldı. Ancaq bundan sonra bir çoxları məsələnin ciddiliyini başa düşdülər. Ölkə daxilində qanunçuluq tətbiq edildikdən sonra qanun pozucuları bir-bir sıradan çıxmağa və yerlərini qanunlara ehtiramla yanaşanlara verdilər. Nəticədə əvvəl siyasi sabitlik, sonra isə iqtisadi yüksəliş yarandı.
Konstitusiyanın tətbiqindən on ildən artıq vaxt keçmişdir. Deməli, onun bəzi müddəalarında ciddi dəyişiklik etmək dövrün, zamanın tələbidir. Söhbət 29 düzəlişdən gedir. Bu haqda əvvəl mütəxəssislər fikir söyləmiş, sonralar isə məsələ Milli Məclisdə geniş müzakirə olunmuşdur. Son olaraq, əhali referendumda öz münasibətini ifadə edəcəkdir. Bu, ən demokratik yoldur.
Referendum keçirmək həm də Azərbaycan Respublikasının daxili işidir. Heç bir beynəlxalq qurum bizə bu yöndə məsləhət verə bilməz. Radikalların xaricə üz tutub referendumun keçirilməməsi üçün ölkəmizə təzyiq göstərməsini istəmələri reallıqdan uzaq bir arzudur. Azərbaycan müstəqil dövlətdir və atdığı hər bir addımda sərbəstliyə malikdir.