Radikalların təşəbbüs qrupları ADP qərargahında
Radikallar daha bir mərkli niyyətlərini gerçəkləşdirmək fikrinə düşüblər. Məlum olduğu kimi, martın 18-də keçiriləcəyi nəzərdə tutulan referendum ərəfəsində fevralın 1-dək imzatoplama kampaniyası keçirilmişdir. Bu vaxt ərzində Yeni Azərbaycan Partiyasının təşəbbüs qrupu 40 mindən artıq imza topladı. Bu, o deməkdir ki, seçicilər konstitusiyaya ediləcəyi nəzərdə tutulan dəyişikliklərə müsbət münasibət göstərirlər. Xalq həmişə obyektiv reallığı dəstəkləməyə meyilli olmuşdur.
Ötən prezident seçkilərindən indiyədək yürüdülən siyasət respublikanın inkişafına və xalqın rifah halının yaxşılaşdırılmasına yönəldilmişdir. Beynəlxalq dərəcəli layihələrin əhatə dairəsinin genişlənməsi Azərbaycanın nüfuzunun artmasına səbəb olmuşdur. Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin işə düşməsi respublikamıza böyük fayda gətirmişdir. Növbə daha iki faydalı layihənin gerçəkləşəcəyinə istiqamətlənmişdir. Söhbət Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərindən və Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən gedir. Artıq beynəlxalq ictimaiyyətin diqqəti NABUCCO layihəsinin gerçəkləşdirilməsinə yönəlmişdir. Azərbaycanın təbii qazı da, maddi qabiliyyəti və mənəvi bacarığı da var ki, bu layihənin gerçəkləşdirilməsinə yönəltsin.
Azərbaycan iqtidarının yürütdüyü məqsədyönlü xarici siyasət xeyirxahlarımızı sevindirməkdə, bədxahlarımızı isə kədərləndirməkdədir. Ermənistana dəstəkçi ölkələr bədxah qonşularımızın silah-sursatlarını nə qədər artırsalar da, Ermənistan ordusu ilə NATO standartları səviyyəsində silahlanmış ordumuzun silahları arasındakı nisbəti tarazlaşdıra bilmirlər. Azərbaycanın hərbi büdcəsi həmişə Ermənistan hökumətinin dövlət büdcəsindən artıq olmuşdur və bundan sonra da belə olacaqdır.
Azərbaycanın daxili sabitliyi qanunçuluğun təntənəsinə dəlalət edir. Xaos dövründə hər bir əlisilahlı özünü qanundan ucada hiss edirdi. Avtomatın tətiyini çəkməklə özünü haqlı sayanlar, başa düşmürdülər ki, qanunçuluğun yuxarıdan aşağı istiqamətdə pozulması idarəetmədə aşağıdan yuxarıya doğru ləngimələr yarada bilər. Allaha şükür olsun ki, 1993-cü ilin payızından etibarən ölkəmizdə qanunçuluq bərpa edildi. Bu, əlində silah tutub qanunları kobud surətdə pozanların sonunun əvvəli idi və onlar yavaş-yavaş siyasi arenadan çəkilib pərdə arxasına keçməli oldular. Keçmək istəməyənləri isə qanuni yolla keçirmək lazım gəldi. Ondan sonra cəmiyyətimizdə bir ovuc ifrat radikal mövqelilər qaldı. Bu biçarələr heç cür başa düşmək istəmirdilər ki, oturduqları budağı kəsməklə xalqın və dövlətçiliyin mənafeyini müdafiə etmək mümkün deyil.
Radikal mövqelilərə müxalifətin müxtəlif partiyalarında rast gəlmək mümkündür. Onlar 18 mart referendumu əleyhinə təşviqat aparmaq məqsədilə seçicilər arasında təxribat aparırdılar. Əlbəttə, əhali onların yalanlarına əks-reaksiya verdi. Bundan sonra radikallar beynəlxalq təşkilatlara şikayət etdilər ki, Azərbaycanda demokratik prinsiplərə riayət olunmur və insan hüquqları kobud surətdə pozulur və s. və i.a.
Əldə etdiyimiz məlumata görə, fevralın 4-də ADP qərargahında radikalların yaratdıqları dörd təşəbbüs qrupunun yığıncağı keçirilmişdir.
Müsavatın "Respublikaçı", "Azadlıq" blokunun "Respublika və Qarabağ Uğrunda", AMİP-in "Milli İstiqlal" və "DUİ"-nin "Azərbaycan Xalq Cümhuriyyəti" təşəbbüs qrupları yerli hakimiyyət orqanlarından beynəlxalq dairələrə donoslar göndərməyi məqbul hesab etmişlər.
Yığıncaqda qəbul edilmiş qərarın mətni əlimizə keçdikdən sonra orada yazılanlar haqda oxucularımıza geniş məlumat verəcəyik. Hələlik, qeyd etmək istəyirik ki, radikallar öz tərslikləri ilə dövlətçiliyimizə zərər vurmaq istəyirlər. Onlar elə bilirlər ki, ATƏT və AŞPA kimi beynəlxalq təşkilatlara donoslar yazmaqla nəyəsə nail olmaq olar. Onlar bilmirlər ki, Azərbaycan öz qanunları ilə idarə olunur. Radikallar isə aldıqları qrantlarla təsəlli tapmaq qalacaqdır.