PDF Oxu

Köşə

  • 13

Müxalifət çalxalanır

Müxalifət çalxalanır
Müxalifət üçün ən başıbəlalı dövrdür. Odur, dünən Rauf Arifoğlu qəzetini də götürüb Müsavatı tərk etdi. Bu isə o deməkdir ki, artıq "Yeni Müsavat" partiyasının yaranması üçün olduqca gözəl şərait var. Sözsüz ki, R.Arifoğlu elə bircə qəzetini və pencəyini götürüb Müsavatdan getməyib. Yəqin ki, bir sıra müsavatçılar da onun qərargahına "köç" edəcəklər. Hər şey bundan sonra başlanır. Müsavatdakı durum, radikal düşərgənin bütün partiyalarında da cərəyan edir. Bunların nə etdikləri bir yana, bundan sonra başlarının çarələrinə qalmaları da sual altındadır. AŞPA -nın qış sessiyası da artıq arxada qaldı. İndi kimə nə sözünüz? Qrant da əldən çıxdı, "ip də, it də". Əslində, kimdir bu siyasi meyitlərə bir-iki qəpik qrant-filan verən? Heç kim. Hətta gör radikal düşərgənin siyasi iflası nə qədər açıq və sürətli bir şəkildə gedir ki, AŞPA-nın qış sessiyasından sonra, qurumun estoniyalı həmməruzəçisi Andres Herkel dünən mətbuatda artıq radikal müxalifətin fəaliyyətinin əhəmiyyət daşımaması və bu düşərgənin siyasi proseslərə təsirinin olmaması barəsində açıqlamalar verir. Elə bu fikirləri heç bir beynəlxalq təşkilat və siyasi institutun radikal düşərgəyə üz çevirməmələri də təsdiq edir. Müxalifətin "qış ümidləri" tükəndi.

Seçkilər beş-altı aydır qurtarıb, radikal müxalifətə bir qəpik də olsun pul vermək bir yana, Anadolu türkləri demişkən, çağırıb "bir kahfenizi için" deyən də yoxdur. Onların da bir çıxış yolu qalmayıb ki, ondan istifadə etsinlər. Radikal düşərgə siyasi meyitlər ordusuna çevrilib. Hamısının "qiyməti" çox aşağıdır. Siyasət belədir də, "istifadə müddətin" qurtardı və ya siyasi limitin bitdi, "hadi, marş-marş".

Maraqlısı odur ki, müxalifətə "rədd ol" mesajı ünvanlayan təşkilatlar bunların adlarını çəkmir, bunlar isə araya salıb öz qəzetlərində, guya həmin qüvvələrin onları xaricə dəvət etdikləri haqqında yalan-yalan yazılar dərc etdirirlər. Amma bütün bu uğursuz cəhdlər partiyaların daxilində yaşanan prosesləri ört-basdır edə bilməz. Həm Müsavat, həm AXCP (i) həm də AMİP ciddi böhran içində çapalayır. Müsavatda Rauf Arifoğlunun anti-başqan kampaniyası elə sürətlə başlayıb ki, gəl görəsən. O, şələ-şüləsini götürüb Müsavatdan gedibsə, deməli, İsa bəyin qara günləridir. "Yurd"da isə Qulamhüseyn Əlibəylinin "Aydınlar" partiyası Əli Kərimovun kefinə soğan doğrayıb. Onsuz da "Yurd" şefinin əlindən bezən AXCP (i) üzvləri var qüvvələri ilə ondan aralanmağa və "Aydınlar" partiyasına üz tutmağa başlayıblar. Sözsüz ki, bu məsələdə Q.Əlibəylinin "Yurd"da neçə illər Ali Məclis sədri olması da önəmli yer tutur. Bu durum, yəni, rayon təşkilatlarının sürətlə Q.Əlibəyliyə üz tutmaları Ə.Kərimovu bərk dilxor edib.

AMİP isə daha kritik şəkil alıb. Çünki partiyanın keçmiş funksioneri Nazim İmanovun yenidən AMİP-ə qayıtmaq niyyəti var və bu məsələ partiyanın kuluarlarında qızğın müzakirəyə çevrilib. Bir çoxları N.İmanovun qayıdışı ilə partiyanın fəlakətli böhrandan çıxacağını düşünsələr də, digər bir qismi AMİP funksioneri buna qarşı çıxır. Xüsusilə, AMİP lideri Etibar Məmmədovun ətrafı N.İmanovun AMİP rəhbərliyinə qayıdışına qarşı kəskin mövqe sərgiləyir, rayon təşkilat sədrləri ilə gizli görüşlər keçirirlər. Amma AMİP-in qərargahına gəlməsə də N.İmanovun müəyyən qüvvələr vasitəsilə AMİP-dəki keçmiş dostlarını bir araya yığmağa və onlarla ciddi müzakirələrə başladığı haqqında partiyadakı mənbələr xəbər verir.

AMİP-dəki mənbə bildirir ki, E.Məmmədov özünü elə göstərməsə də N.İmanovdan ehtiyatlı olmaları ilə bağlı ətrafına ciddi tapşırıq verib. Hələlik, N.İmanovun kimin dəstəyi ilə AMİP-ə qayıtmaq istədiyi məlum olmasa da, AMİP liderinin bu məsələninin araşdırılması üçün baş sındırdığı xəbəri verilir. Çünki öz aramızdır, N.İmanov kimi təcrübəli fiqurun AMİP-ə qayıdışı, E.Məmmədov üçün təhlükəli proseslərə yol açacaq. Hər halda, N.İmanov Ayaz Rüstəmov deyil ki, onu üzünü bozartmaqla sədrlikdən salasan.

Digər xəbərlər