AMİP lideri "ANİF" prezidentinə stavka edir
Radikalların vahid bir blok yaratmaq niyyətləri gerçəkləşmədi. Bu yöndə fəaliyyət davam etdirilsə də, ortada bir əməli iş görünmür. Yeganə səbəb radikalların bir-birilərinin sözlərini həzm edə bilməmələridir. Bir daha təkrar edirik ki, hər bir radikal partiya nümayəndəsi təklif irəli sürdükdən sonra başqalarının nə dediklərinə, hansı təklifi irəli srdklərinə qulaq asmır. Onlar yalnız öz təklifləri haqda xəyallara dalır və özlərinə dəbdəbəli saraylar qurur və alınmaz qalalar yaradırlar.
Odur ki, yeni bir radikal qurum yaratmaq üçün keçirilən yığıncaqlarda əvvəl hamı sakit tərzdə öz təklifini irəli sürür. Bu proses başa çatdıqdan sonra hamısı bir ağızdan öz təkliflərinin digərlərindən fərqli müsbət cəhətlərini danışır. Hamı fasiləsiz danışır, sübut edir, ancaq digərlərinin təkliflərinin mahiyyətinə varmır. Nəticədə ümumi blok yaratmaq ideyasını gerçəkləşdirmək heç vaxt mümkün olmur.
Radikallar uzun aylar ərzində altılar, beşlər şərti adlar altında məsləhət-məşvərətlərini davam etdirsələr də, ümumilikdə, heç nəyə nail olmadılar. Bundan sonra üzücü "MƏM" dövrü başlandı. Yenə də radikallar heç nə əldə edə bilmədilər. Həmin vaxt Əli Kərimov "VƏM" yaratmağı təklif etmişdi. Heç kəs bu ideyanı qəbul etmədi. Sonra Eldar Namazov radikalları xarici ölkələrə bağlaya biləcək mərkəzin yaradılmasını təklif etdi. Bu ideya da havadan asılı qaldı. Çünki İsa Qəmbərov addım atmışdı. Müsavat başqanının öz partiyasını Avropa liberallarına pərçim etməsi "ANİF" sədrinin təklifi ilə uyğunluq təşkil edirdi və heç birinin effekt verəcəyi ehtimal edilmirdi.
Bundan sonra AXP sədri Pənah Hüseynov fərqlənmək istədi. O, Müsavatın deputat qrupuna rəhbərlik etməkdən imtina edib, Mirmahmud Fəttayevin "DUİ"-sinin sıralarına qoşuldu. Daha sonra o, heç bir fərqli mülahizəsi ilə yadda qalmadı. İ.Qəmbərovun Ə.Kərimovu Müsavata, Ə.Kərimovun isə İ.Qəmbərovu "Azadlıq" blokuna, bunun mümkün olmadığı təqdirdə, AXCP (i)-yə dəvət etməsi heç bir nəticə vermədi. Sərdar Cəlaloğlu nə iqtidarla, nə də radikallarla dialoq yarada bilmədi. Lalə Hacıyeva isə "Azadlıq" blokundan daha yaxşı blok olmadığını iddia etməkdədir.
AMİP lideri Etibar Məmmədov Əli Əliyevi və AMİP-çilərin əksəriyyətini, eləcə də sonuncu partiya sədri Ayaz Quliyevi itirdikdən sonra, yeni üçüncü sədr təyin etmək üçün bir il fikirləşməli oldu. Bəzi radikal ekspertlərin dediklərinə görə, AMİP lideri partiyası üçün yeni sədr gözaltılamışdır. Hazırda bu sahədə müəyyən addımlar atılmaqdadır.
AMİP-dəki mənbəmizin məlumatına görə, AMİP lideri hazırda "ANİF" prezidenti Eldar Zeynalovla danışıqlar aparmaqdadır. İndiyədək bir neçə görüş keçirilmişdir. Görüşdə müzakirə edilən başlıca məsələ "ANİF" liderinin AMİP-ə inteqrasiya olunmasıdır. Xaricə inteqrasiya olunmaq istəyən E.Namazov E.Məmmədovun təklifini qəbul edəcəkmi? Yaxud E.Namazov prezident adından imtina edib, sədr adını daşımaq istəyəcəkmi? Deyilənə görə, "ANİF" lideri bu suallar üzərində düşünəcəkdir.
Ancaq oxucularımızın AMİP liderinə bir neçə sualı vardır. Birincisi, o, AMİP-ə sədr təyin edərkən, hansı üsula üstünlük verir? Sual verənlərin fikrincə, E.Məmmədov öz partiyadaşlarını pis tanıyır. Çünki indiyədək onun təyin etiyi sədrlərin ikisi də, liderin etimadını doğrultmamışlar. Birincisi partiyanı parçalamış, ikincisi isə istefa verib getmişdir. E.Məmmədovun cavabı budur ki, bir ildir ki, səhvlərini üzərində baş sındırıram.
Bəs E.Namazov razılıq verəcəyi təqdirdə, soruşmaq istərdik ki, AMİP lideri bu seçimi ilə nə demək istəyir? Görünür, E.Namazovun xaricə inteqrasiya planı E.Məmmədovda müəyyən qazanc əldə etmək inamı yaratmışdır. Görək bu cütlük AMİP-də birləşdikdən sonra radikal cinahda təlatüm yarada biləcəkmi?