Deyəcəksiniz ki, qışın bu vaxtında köhnə kişilərdən yazmaq haradan ağlına gəldi? Yox lap vaxtıdır. KİŞİLƏR haqqında yazmağın nə qışı, payızı! Düzdür, zəmanə dəyişib, dövran başqalaşıb, indiki uşaqlar o kişilər haqqında ancaq nağıllarda, kitablarda oxuyurlar. Amma qardaşlarım, o kişilər bizim qızıl kimi tariximiz, genefonumuzdur axı. Köksüz ağac, dünənsiz bu gün, səbəbsiz iş olmadığı kimi, mənəvi dəyərlərsiz də SABAH yoxdur, əzizlərim. Məşhur fransız səyyahı və yazısıçı Aleksandr Duma, özünün Qafqaz səfəri ilə bağlı xatirələrində yazırdı ki, "Ata oğulu çağırdıqda, oğul atasını ayaq üstə dinləyir. Orada- (Yəni Azərbaycanda)- KİŞİ SÖZÜ, hər cür möhürdən və yazılı sənəddən qat-qat üstündür". Yazıçı Elçin Əfəndiyevin "Ölüm hökmü" romanında bir fraqment var. 1937-ci ilin vurhavur çağında başlanan kütləvi repressiya zamanı deyirdilər ki, "KİŞİLƏRİ APARDILAR". Hə, bizi tamamilə əzməyə çalışan "NKVD"-dəki ermənilər, Andranikin, bir neçə gün əvvəl redaksiyamızla üzbəüz bağdan çıxarılan qəbiri ətrafında qızğın müzakirələr aparılan S.Şaumyanın əclaflıqlarını davam etdirmək üçün köhnə kişiləri birdəfəlik sürgünə yollayırdılar. Nə yaxşı ki, hamısını məhv edə bilmədilər. Köhnə kişilər deyəndə xalqımızın mənəvi zənginliyi, əsil Azərbaycanlı mentaliteti, bugünə, ancaq adı gəlib çıxan ənənələrimiz yada düşür. İndi şikayətlənirlər ki, bugünkü uşaqlar başqa cürdürlər, köhnə kişilərin vaxtındakı uşaqlar isə başqa cürdür. Bu niyə belədir?
Birincisi, hörmətli Prezidentimiz ərzaq təhlükəsizliyi ilə bağlı proqram və sərəncamlar imzaladı. Bu, çox böyük məsələdir, qardaşlarım. Bu məsələnin dövlət başçısı tərəfindən bu şəkildə diqqətdə saxlanılması ona görə önəmlidir ki, son illər xaricdən gətirilən, heç bir sertifikatı, istehsal müddəti və hazırlanma texnologiyası bilinməyən ərzaq məhsulları, uşaq oyuncaqları AZƏRBAYCAN AİLƏSİ üçün artıq real təhlükəyə çevrilib. Dükanlardakı ərzaqları bilinmir ki, kim necə istehsal edib, harada hazırlayıb. Deməli, onların tərkiblərində insan həyatı və genefonu üçün dəhşətli təhlükə törədə biləcək maddələri də araşdırmaq üçün bir ömür lazımdır. Bəzi ərzaqların insan nəslinin kəsilməsinə səbəb olması da məlum məsələdir. Cənab Prezident də bütün bunları nəzərə alıb ərzaq təhlükəsizliyi ilə bağlı qərarlar qəbul edib. Bu məsələnin mətləbi odur ki, özümüzün gül kimi kəndimiz, kəsəyimiz, südümüz-qatığımız, ətimiz-yağımız qalıb, neçə illərdir ingilisin-fransızın it iyi verən pendirini, qatığını, yağını yeyirik. Özü də bu, elə adət halı alıb ki, sanki öz məhsulumuzu alıb yeyən olur "çuşka", yad-yalanın it iyi verən məhsulu alan olur "intelligent". Pah! "Kişi" abrozovonnudur.
Əgər Hollandiya pendiri kəndimizdə gül kimi dəridə tutulan ətirli pendirimizi üstələyibsə, günah bizim özümüzdədir qardaşlar! Hə, bax, yad-yalanın pendiri, qatığı, yağı ilə "böyüyən", əcnəbilərin murdar "üsulları" ilə hazırlanan məhsullardan bizə yad olan, sarı bənizli zəif iradəli UŞAQLAR böyüyəcək də. Hollandiyalının ərzağını yeyən uşaq Azərbaycanın qədim adətlərini necə qavrasın axı. Bəs ərzaq təhlükəsizliyi nədir? Zəhmət çəkib istehsal edək və öz məhsulumuzu yeyək!
Qabaqlar adət-ənənələrimiz tamam başqaydı. Keçmişin uşaqları "sana" yağı, "holland" pendiri əvəzinə təmiz Azərbaycan məhsulları yeyirdilər, ona görə KÖKƏ bağlı idilər. Qabaqlar ağır-ağır kişilər vardı ki, bir sözü bütün bir mahala keçirdi. Xeyir-bərəkət ədəb-ərkandan gəlirdi. Qabaq böyük yanında uşaq səsini çıxarmazdı, yerini bilərdi. Qabaq gəlin qaynata-qaynana yanında uşağını dindirməzdi. Böyüklərdən eşitdiyim bir hadisəni danışım. Bir gəlin əkin-biçin vaxtı uşağına süd verərkən, qaynatasının uzaqdan gəldiyini görüb, utandığından uşağı qaya dibində gizlədib evə qaçır. Axşam olur, bir də baxırlar ki, bələkdəki uşağın yeri boşdu. Qaynanası gəlindən səbəbini soruşanda, o, hadisəni olduğu kimi danışır. Gedib uşağı qaya dibindən götürüb evə gəlirlər. Bu hadisə olub 1951-ci ildə. O cür gəlinlərimiz yüzlərlə idi və kənd-kəsəkdə indi də qalırlar. Məhz onların abır-həyasına görə Allah-Tala öz səxavətini, rəhmini bizdən əsirgəmir. Qardaşlarım, ölkəmiz inkişaf edir, hər yerdə xeyir-bərəkət var. Gəlin öz kökümüzə qayıdaq. Gəlin öz məhsullarımızı yeyək ki, həm sağlam olaq, həm də əsil azərbaycanlı. Lap babalarımız, KÖHNƏ KİŞİLƏR kimi!