Rauf Arifoğlu:
Qaynamır qurumda isti qazanı,
Kamil bir ekspert bunun yozanı,
Müsavatda heç kəs sevməz İsanı,
Onu atacaqlar başqan postundan.
Arif Hacıyev:
İsa salmamışdı bizi çətinə,
Uyğundu ruhumuz niyabətinə,
Məftunuq biz onun siyasətinə,
Yoxdu məhrum edən onu çustundan.
Rauf Arifoğlu:
İsa enəcəkdir, desən də ucal,
Başının üstündə dolanır acal,
Qurultaya qədər verilməz macal,
Raması ayrılar azman mostundan.
Arif Hacıyev:
Təpədən-dırnağa qəlbin pas, kir ki,
Daim qəlbimizi kədər didir ki,
İsa bəy bu günlər pəjmürdədir ki,
Sənin kimiləri çıxdı rastından.
Rauf Arifoğlu:
Əsla, inanmayın, itib geniyəm,
Şər-xata işlərdə hələ yeniyəm,
Sizin yanınızda mən şükrəniyəm,
Çoxu ziyan görüb siz tək dostundan.
Arif Hacıyev:
Burda iş dovşana, filə də qalıb,
Gedənlərin çoxu tələdə qalıb,
Mənim tək təmizlər hələ də qalıb,
Zaylar da çox çıxıb İsa çastından.
Rauf Arifoğlu:
Hələ başqanlıqdan əlim çıxmadı,
Müsavatdan doğru təlim çıxmadı,
İsadan siyasi müəllim çıxmadı,
Aldım öz dərsimi Metedən, Hunndan.
Arif Hacıyev:
Bizi çox sevəydi bu boss əmilər,
Qrantla dolsaydı dibsiz gəmilər,
Bizdən uzaqlaşdı sizin kimilər,
Dəyirmançıyıq çün, üstümüz undan.
Rauf Arifoğlu:
Əvvəl belinizdə çox ölçdü şallaq,
İndi atırsınız önündə şıllaq,
Ona görə gəlir kəlləmayallaq,
Səngər düzəltdiniz İsaya yundan.
Arif Hacıyev:
Mən mədəni bitki, sözsüz, çayır sən,
Özündən yeni bir başqan qayır sən,
Qurultaya şəxsən təşrif buyur sən,
Vakant sədr postu vurmaqda fantan.
Rauf Arifoğlu:
Boss nə göndərdisə, basıb yediniz,
Siz yemi tavandan asıb yediniz,
Biri-birinizə çox bəy dediniz,
Axırda siz məhrum oldunuz xandan.
Arif Hacıyev:
Başqanın postundan çəkib gözünü,
Demə, sədr olarsan, öymə özünü,
Püflə sən havaya öz boş sözünü,
Hələ ki, başqandı İsa bu andan.
Rauf Arifoğlu:
Bilirəm, küt gedir təndirdə kündən,
Bəxtiniz bəd gələr sizin o gündən,
İsa atılacaq öz kürsüsündən,
Müsavat olacaq sizlərə zindan.
Arif Hacıyev:
Çoxu qərargaha diyirləyir tir,
Sən də öz tövləni adlandırma pir,
İsa Müsavatda bizi sümürür,
Sənin nə vecinə, çıxmısan qından.
Rauf Arifoğlu:
Dayazsan, dərdini dərin verərsən,
Kədərli keçmişi şirin verərsən,
Sən özün yaradan irin verərsən,
İsa da boğular kükrəyən qandan.
Arif Hacıyev:
Meydanda danışır əsil klan tək,
Daldada bizləri çalır ilan tək,
İsa yalanını deyir yalan tək,
Etiraf edim ki, bezmişik ondan.
Rauf Arifoğlu:
Bacarsan başqana bir qada yetir,
İsa bir agentdir, sübuta yetir,
Müsavat qarışıq süquta gedir,
Başda İsa duran yarıtmaz bandan.
Arif Hacıyev:
Döndüm dilənçiyə toçkam olandan,
Boss mənim çəlləyim, boçkam olandan...
İsa Müsavata başqan olandan,
Dolmayıb heç çantam, düşmüşəm candan.
Rauf Arifoğlu:
Qarın buraxdım, sən pis günə qaldın,
İsanın yanında yaman alçaldın,
Mübarək, qilü-qal içində qaldın,
Vaxtında sürüşüb çıxdım oyundan.
Arif Hacıyev:
Fəzilət sizlərdə, bizdə qabahət,
Adi qəpik-quruş bizimçün qəhət,
İsa çaşan gündən itibdi cəhət,
Burda kəl seçilmir adi qoyundan.
Rauf Arifoğlu:
Qışın oğlan çağı ömür yazında,
Bir tük də qalmamış onun dazında,
Süqut tüpürcəyi İsa ağzında,
Sənin də üstünə düşüb suyundan.
Arif Hacıyev:
Bosslardan ibarət çox tuzu vardır,
İki cüt bananı, bir qozu vardır,
Deyirlər xaricdə nüfuzu vardır,
Çoxları yapışıb İsa soyundan.
Mirzə QƏRƏNFİL