Fikrət Qoca:
Siyasilər içrə sondadı yerin,
Kəllə işlədərək düşünsən dərin,
O bir yadigarı Ulu Öndərin,
Fəxr eyləyirəm ki, YAP şairiyəm.
Mehriban Vəzir:
Yaxşısa mitinqə bəndə olardım,
Onunla bir canda, təndə olardım,
Dedi sırasında mən də olardım,
Fikrət Qoca xalis YAP şairidi.
Fikrət Qoca:
Açıq deyəcəyəm sözün düzünü,
Bəyəndim mən Milli Lider sözünü,
Təqdir eyləmişəm YAP-ın özünü,
Fəxr eyləyirəm ki, YAP şairiyəm.
Mehriban Vəzir:
Onlarla ziyalı aramızdadı,
Uğursuzluğumuz yaramızdadı,
Musa Yaqub özü sıramızdadı,
Fikrət Qoca xalis YAP şairidi.
Fikrət Qoca:
Olubdu sizlərə bir yük etimad,
Nəzərinizdə bir tük etimad,
YAP şairi olmaq böyük etimad,
Fəxr eyləyirəm ki, YAP şairiyəm.
Mehriban Vəzir:
Plovun üstündə beçə bizimdi,
Bossun göndərdiyi külçə bizimdi,
Mərkəzi meydanlar, küçə bizimdi,
Fikrət Qoca xalis YAP şairidi.
Fikrət Qoca:
Sizinki basabas, dava-davadı,
Təqdir etmirsiniz elmi-savadı,
YAP-ın meyli daim inkişafadı,
Fəxr eyləyirəm ki, YAP şairiyəm.
Mehriban Vəzir:
Keçmiş xülyaları yaşatmaq bizdə,
Küçə-meydanlara baş atmaq bizdə,
Polisə, əsgərə daş atmaq bizdə,
Fikrət Qoca xalis YAP şairidi.
Fikrət Qoca:
Sədrinə denən ki, qarnını borda,
YAP-dan dəstək gəlir bu doğma yurda,
Lider ideyası harda, mən orda,
Fəxr eyləyirəm ki, YAP şairiyəm.
Mehriban Vəzir:
Radikal durumda post bizimlədi,
Hər yerindən duran dost bizimlədi,
Bu gün Qərbdən gələn boss bizimlədi,
Fikrət Qoca xalis YAP şairidi.
Fikrət Qoca:
YAP xilas yolunu görür əməkdə,
Gələcək uğurçün bir işləməkdə,
YAP xalqı, xalq YAP-ı dəstəkləməkdə,
Fəxr eyləyirəm ki, YAP şairiyəm.
Mehriban Vəzir:
Bişirib yeyərik biyana kimi,
Bossdan töhfə allıq tiyana kimi,
Gedərik mitinqdən üsyana kimi,
Fikrət Qoca xalis YAP şairidi.
Fikrət Qoca:
YAP-la dostluq edir hazırda qitə,
Sanma, içinizdə problem bitə,
YAP-ın sıraları artır get-gedə,
Fəxr eyləyirəm ki, YAP şairiyəm.
Mehriban Vəzir:
Mitinqdən mitinqə keçib adlarıq,
Küçə-meydanlarda tonqal odlarıq,
Bu xalqa, millətə yaban, yadlarıq,
Fikrət Qoca xalis YAP şairidi.
Fikrət Qoca:
Xalqın qarşısında hamar yamac, dik,
Bir an xalqdan uzaq dura bilmərik,
YAP-ın mövqeyinə milyonlar şərik,
Fəxr eyləyirəm ki, YAP şairiyəm.
Mehriban Vəzir:
Tədbir keçirmərik şəhərdən kənar,
Mərkəzi meydanda dəstəkçilər var,
Üzvlər durubdu sırada naçar,
Fikrət Qoca xalis YAP şairidi.
Fikrət Qoca:
Taktiki gedişlər sizi silkələr,
YAP-la münasibət qurur ölkələr,
YAP-ı dəstəkləyir bütün bölgələr,
Fəxr eyləyirəm ki, YAP şairiyəm.
Mehriban Vəzir:
Bizə lazım deyil çəmən, bağça-bağ,
Tərəqqi qəlbimə çəkməkdə min dağ,
Başlıca istəkdir yıxmaq, dağıtmaq,
Fikrət Qoca xalis YAP şairidi.
Fikrət Qoca:
Mitinq deyirsiniz payızda, yayda,
Məhv edib uçurmaq sizlərdə qayda,
YAP bu gün veribdi xalqa çox fayda,
Fəxr eyləyirəm ki, YAP şairiyəm.
Mehriban Vəzir:
Bizim sədrlər boss suyu içibdi,
Küçə yürüşləri yolu seçibdi,
Poetik təfəkkür vaxtı keçibdi,
Fikrət Qoca xalis YAP şairidi.
Fikrət Qoca:
Bizə lazım deyil sizin tək qəmxar,
Çoxları olmaqda quruma həmkar,
YAP-çılar bu gün də nikbin, əzmkar,
Fəxr eyləyirəm ki, YAP şairiyəm.
Mirzə QƏRƏNFİL