PDF Oxu

Köşə

  • 38

Pənah Hüseynov “KXCP”-yə hücum edib

Pənah Hüseynov “KXCP”-yə hücum edib


Pənah Hüseynov:


Mirmahmud məni Sem, Con adlandırıb,

Müavini isə demon adlandırıb,

Məni "İP"-də hegemon adlandırıb,

Axı bu qurumdan uzaq adamam.


Mirmahmud Fəttayev:


Pənah bizə qarşı ox, kürzlü olub,

Onun qarnı dərdli-mərəzli olub,

Fikrət dedi Pənah qərəzli olub,

O, hücum eyləyib partiyama tam.


Pənah Hüseynov:


"İP"-in yolu üstə özü tökülsün,

Sinəsi dolusa, sözü tökülsün,

Dedim Mirmahmudun gözü tökülsün,

Küknarın altında yandırmışam şam.


Mirmahmud Fəttayev:


Pənahı görüm ki, ziyana qalsın,

Taleyi ilana, çayana qalsın,

Küknar, tozağacı, o yana qalsın,

Yeni il axşamı bəzənən şamam.


Pənah Hüseynov:


İndi insan ayrı, dəyişib nəsil,

Elə fəsillər də deyil o fəsil,

Mirmahmud yarımçıq bir adamdı, bil,

Mənsə özlüyümdə bütövəm tamam.


Mirmahmud Fəttayev:


Pənah qazanmadı meydanda imic,

O, yalnız irişib göstərərdi diş,

Fikrət demiş Pənah kloun imiş,

Bu işi xeyrimə həll etdim tamam.


Pənah Hüseynov:


Burda qulaqlar da olmalıdı kar,

O, bir adam deyil, deyirəm aşkar,

Mirmahmud yanında axmır saf sular,

"KAXCP" olub ümumi hamam.


Mirmahmud Fəttayev:


Keçmiş AXP-nin sədri olub ac,

Mən bu cür adama verməyəcəm bac,

Pənah bu gedişə versə də rəvac,

Məni qane etmir, üç qoz, bir badam.


Pənah Hüseynov:


Saydım Mirmahmudu bir çənə kimi,

Bunu qəbul etdim ənənə kimi,

Məni sevərdilər dünənə kimi,

İndi mən olmuşam onlarçün yamyam.


Mirmahmud Fəttayev:


İstəyir canına salsın vəlvələ,

Həmişə qurubdu önümdə tələ,

O, mənim gücümü görməyib hələ,

Pənah elə bilir önündə xamam.


Pənah Hüseynov:


Bağışlanmaz səhvdi məni vurması,

Fikrət Cəfərovun üzə durması,

Verib Mirmahmuda qulaqburması,

Onun müavinini eyləyərəm ram.

Mirmahmud Fəttayev:


O, ləng tərpənəndi, heç zirək deyil,

Kobuddu, rəzildi, o, kövrək deyil,

Hücum planında Pənah tək deyil,

Onun arxasında dayanıb madam.


Pənah Hüseynov:


Öz on barmağımla eşmişəm goru,

Nə yazıq, özümə qurmuşam toru,

Özüməm "ideya generatoru",

Deyir siyasətdə guya bərbadam.


Mirmahmud Fəttayev:


Lider olmaması Pənahı boğur,

Uğurum bu şəxsə olmaqda ağır,

Özü qazanmayıb bir ciddi uğur,

Məni siyasətdə saymaqdadı xam.


Pənah Hüseynov:


Əlbəttə, dünyada çoxdu Mirmahmud,

Deyəsən, gözümə oxdu Mirmahmud,

Siyasi meydanda yoxdu Mirmahmud,

Onun süqutuna qaldıracam cam.


Mirmahmud Fəttayev:


Pənah elə qəliz, sarsaq ipdi ki,

Mənə elə pislik o, edibdi ki,

Kinimi o qədər kükrədibdi ki,

Onun şərəfinə qaldırmaram cam.


Pənah Hüseynov:


Ruhunu sarıbdı, deyəsən, qəflət,

Hər məni görəndə göstərir sifət,

Ona hakim olub nifrət, rəzalət,

Mən onun yanınla əsil bir imam.


Mirmahmud Fəttayev:


Keçərək önümdən Pənah şil kimi,

İlişib buduma bir naqil kimi,

Özünü göstərir o, aqil kimi,

Onun nəzərində əsil bumbumam.


Pənah Hüseynov:


Mirmahmud meydanda çöküb tükəndi,

Mənim əleyhimə keçmədi fəndi,

Guya o, ata tək məni əkəndi,

Mən isə önündə adi bir tumam.


Mirmahmud Fəttayev:


Vermək ehsan üçün bir nahar gəmir,

Əlimdən eyləmək intihar gəlir,

Pənaha bu "İP" də yaman dar gəlir,

Mənə bəs eyləyər "KAXCP" komam.


Pənah Hüseynov:


Xəsarət vurmaram həm canına mən,

Heç zaman getmərəm heç yanına mən,

Bir kəlmə demərəm ünvanına mən,

Gərək ikiəlli ağzımı yumam.


Mirmahmud Fəttayev:


Dözüm mənim, zəif ürək Pənahın,

Baş zərbəsi mənim, kürək Pənahın,

Razı qalmasıyçün, gərək Pənahın

Yalandan deyəm ki, bitibdi temam.

MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər