İqbal Ağazadə:
Əliyə biz məhəl qoymuruq daha,
İsa ifratlara gəlməkdə baha,
"6-lar"ın özü əsil əjdaha,
"İP" duruş gətirməz qabağımızda.
Sərdar Cəlaloğlu:
Biz "İP"-siz çıxarıq hər bir yoxuşu,
Bizim "6-lar"ın vurub naxışı,
Hər biri Əlidən, İsadan yaxşı,
Düz altı lider var tabağımızda.
İqbal Ağazadə:
Təmiz su içərik Şollardan artıq,
Pullar qazanarıq pullardan artıq,
İsaya verilən dollardan artıq,
Bosslar pul atacaq çanağımıza.
Sərdar Cəlaloğlu:
Deyirəm, sevincdən barı göz dolsun,
"6-lar" sevinər bircə tez dolsun,
İncimərik təki cibimiz dolsun,
Şillə də vursalar yanağımıza.
İqbal Ağazadə:
Altı ehtiyac var altı tumara,
Bossdan nə almışıq qoyub qumara,
Əlini, İsanı atıb kənara,
"İP"-i oturdarıq budağımızda.
Sərdar Cəlaloğlu:
Etina etmirik keçələ, daza,
Qane də olmuruq İsa tək aza,
Bizi inkar edən siyasətbaza,
Bir yer də vermərik otağımızda.
İqbal Ağazadə:
Onlarda ciyərlər, dalaq tutulur,
Sağ adam edilib çoloq, tutulur,
"İP"-də həngamədən qulaq tutulur,
Biz rahat yatırıq yatağımızda.
Sərdar Cəlaloğlu:
Əli Orucovu AMİP-dən qopar,
"VİP" Əli bizimlə olubdu topar,
Nə qədər Mirmahmud, İqbal, Əvəz var,
Biz nicat görürük sabahımızda.
İqbal Ağazadə:
İsanı incidir varın ağrısı,
"Yurd"u təqib edir harın ağrısı,
Tutub "İP"-çiləri qarın ağrısı,
Otururuq rahat tifağımızda.
Sərdar Cəlaloğlu:
Edə bilməyəcək "İP" bizi pamal,
"6-lar" dadıblar ali hiss, amil,
Bizi dəstəkləyir bütün el, mahal,
Bu haqq Qazağımız, Yevlağımızda.
İqbal Ağazadə:
Mən niyə yalandan özümü yorum,
Bizi gözləməyir süqut, uçurum,
Nə "İP", nə də başa lüzumsuz qurum,
At oynada bilməz ovlağımızda.
Sərdar Cəlaloğlu:
Bizim altımız da hal əhli halıq,
Əsas silahımız nəvaziş, qılıq,
Digər qurumlara bizlər loyalıq,
Birinci "İP" bizim qınağımızda.
İqbal Ağazadə:
Biz iş görənlərik, söz, bəyanat az,
Ölüm xofu çoxdu, onda həyat az,
Bizim rəqiblərdə elektorat az,
Potensial çoxdu sınağımızda.
Sərdar Cəlaloğlu:
Bizə meyl etməkdə yüzlərlə mason,
Biz bunu saymırıq, əlbəttə ki, son,
Onların paltarı qırmızıfason,
Baxsınlar narıncı boyağımıza.
İqbal Ağazadə:
Qulağı kəsilmiş tazı olarıq,
Əmr etsə xaricin qazı olarıq,
Boss çoxlu pul versin, razı olarıq,
Şillə izi olsun yanağımızda.
Sərdar Cəlaloğlu:
Əli təkrar-təkrar cibi sevməsin,
Qoy xaric İsa tək tipi sevməsin,
İstəyirik, bosslar "İP"-i sevməsin,
Əl izi olsa da qulağımızda.
İqbal Ağazadə:
"İP"-ə müqavimət bizimçün ağır,
Burdan üstümüzə tənqidlər yağır,
Eşitsək, rəqiblər qazanıb uğur,
Sancılar başlanar dalağımızda.
Sərdar Cəlaloğlu:
Qoy dəysin faydası pulun, varın da,
İlin ən müxtəlif saatlarında,
"İP"-çilər qoy çapsın Qıratlarında,
Sakit oturarıq ulağımızda.
İqbal Ağazadə:
Qərb çevrilib indi həm göz dağına,
"İP"-çilər girirlər hey qılığına,
Böyük ehtiyac var boss bulağına,
Dirilik suyu var bulağımızda.
Sərdar Cəlaloğlu:
Pul ələ çatan tək vurarıq zərbə,
Dərhal başlayarıq rəqiblə hərbə,
Elə ki, əlimiz çatacaq Qərbə,
Biz "İP"-i qoymarıq talağımızda.
İqbal Ağazadə:
Bizi ötə bilməz zəif iki tip,
Onları irəli çəkən yalnız "İP",
İsada, Əlidə qüvvə tükənib,
Qüvvə daha çoxdu çolağımızda.
Sərdar Cəlaloğlu:
"İP"-dən çox yüksəkdə durmaqdayıq biz,
Bizə ilham verir çalxanan dəniz,
Tarlamız məhsuldar, həm də tərtəmiz,
İtib-batmamışıq alağımıza.
MİRZƏ QƏRƏNFİL